news Image
2016.06.10
09:30
| A A A
Yağış və dolu sığortasız fermerləri daha çox zərərə salır
Çingiz Fərəcov: “Nə qədər ki, izahat işləri aparılmır, sığortanın əhəmiyyəti başa salınmayıb, kəndli ona getməyəcək” Vahid Məhərrəmov: “Təkcə fermerləri prosesə cəlb etmək, onlarda sığortaya maraq oyatmaqla məsələnin həllinə nail olmaq mümkün deyil”

Ölkənin müxtəlif bölgələrinə düşən dolu, yağış kənd təsərrüfatına müəyyən qədər ziyan vurub. Nəticədə bir sıra yerlərdə fermerlərin, kəndlilərin əkdikləri məhsulun böyük hissəsi məhv olub. Adətən məhv olan məhsulun sığortalanması fonunda dəymiş zərərin müəyyən hissəsi sığorta şirkətləri tərəfindən kompensasiya edilir. Bu fonda da fermer təbii fəlakət nəticəsində dəymiş ziyanın müəyyən hissəsini geri qaytarır. Lakin məsələ ondadır ki, Azərbaycanda hələ də fermerlər, sahibkarlar təsərrüfat və məhsullarının sığortalanması işinə böyük önəm vermir. Onlar maarifçiliyin zəif olması və yaxud da sığorta şirkətlərinə etibarın olmaması ilə prosesə ciddi maraq göstərmirlər. Nəticədə baş verən təbii fəlakət fermerin təsərrüfatına ciddi zərər vurur, amma təsərrüfat sahibi sığortalanmadığından dəymiş ziyana görə kompensasiya ala bilmir.

Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcovun fikrincə, fermerin öz təsərrüfatını sığortalaması üçün onlar arasında ciddi izahat işləri aparılmalıdır. Nə qədər ki, bu, baş verməyib, təsərrüfatların sığortalanmasının sürətlənəcəyinin şahidi olmayacağıq: "Son zamanlar ölkənin bir sıra ərazilərində təbii fəlakətlərin baş verdiyinin şahidi oluruq ki, bunun da nəticəsində kənd təsəttürafı, bitkiçilik və heyvandarlığa böyük ziyanlar dəyib. Xüsusən də son günlər bir sıra regionlara ardıcıl olaraq dolu yağıb. Hansı ki, onun nəticəsində bəzi yerlərdə meyvə bağları məhv olub, taxıl zəmiləri yatıb. Həmçinin yağan leysan yağışları nəticəsində heyvan tələfatına da yol verilib. Bütün bunların nəticəsi olaraq da fermerlər, sahibkarlar ciddi ziyana düşüb, xeyli miqdarda vəsait itiriblər. Sahibkar və fermerlər bir şeyi başa düşməlidirlər ki, onlar taxıl, tərəvəz sahələri, mal-qaranı, meyvə bağlarını sığortalamalıdır. Bu hadisə baş verərsə, dövlət təbii fəlakət nəticəsində fermerə dəyən ziyanın müəyyən hissəsini ödəyə bilər.

Lakin gördüyümüz mənzərə ondan ibarətdir ki, fermerlər təsərrüfatlarının sığortalanması işinə ciddi əhəmiyyət vermirlər. Çünki yerlərdə sığortanın əhəmiyyətini dərindən, doğru, düzgün başa düşmürlər. Dünyanın aparıcı ölkələrində fermer təsərrüfatları yaranan kimi orada hər şey sığortalanır. Azərbaycana damazlıq heyvanlar gətirilir ki, onun da sığortalanmasını yalnız 2-3 il müddətinə "Aqrolizinq" həyata keçirir. Lakin sığortalanma daimi olmalıdır ki, təsərrüfata ziyan dəyəndə dövlət tərəfindən onlara yardımlar olsun. Fermerlərin təsərrüfatlarını sığortalamağa ciddi yanaşmamasında Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyinin müvafiq şöbələri qınanılmalıdır. Çünki onlar yerlərdə kəndlilər arasında lazımı izahat işləri aparmır, sığortanın əhəmiyyəti, fermerə xeyir verəcəyi kəndliyə başa salınmır. Təbii haldır ki, hər bir yenilik və yeni texnologiyalar kəndliyə nisbətən gec gəlib çatır. Bu problemin aradan qaldırılması üçün də kəndlilərlə iş aparılmalıdır. Rayonlarla rayon kənd təsərrüfatı idarələri yaradılıb ki, burada da xeyli sayda insan çalışır. Amma gərəkdir ki, onlar, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri iş vaxtlarının böyük hissəsini kəndlərdə olaraq fermerlər arasında təbliğat işi aparsınlar. Yəni, həmin mütəxəssislərin əsas iş yerləri məhz kəndlər olmalıdır.

Nə qədər ki, izahat işləri aparılmayıb, sığortanın əhəmiyyəti başa salınmayıb, kəndli ona getməyəcək. Amma gedərsə, xeyrini də görəcək. Bir nəfər fermer 10 min başa qədər quş saxlayırdı. Bu yaxınlarda həmin quşların hamısı xəstəlik nəticəsində məhv oldu. Lakin həmin fermer təsərrüfatını sığortalasaydı, dəyən ziyanın bir hissəsini heç olmasa, kompensasiya edə bilərdi. Lakin onlarla təbliğat aparılmadığından kəndli də sığorta məsələsinə ciddi yanaşmır. Buradan belə nəticə çıxır ki, fermer təsərrüfatlarının sığortalanmasına nail olmaq üçün müvafiq qurumların yerlərdə ciddi izahat işləri aparması vacibdir. Hələlik isə təəssüf ki, bunun şahidi olmuruq. Mütəxəssislər fermer və sahibkarlarla görüşə ciddi əhəmiyyət vermir, ancaq rayon mərkəzinə getməklə bir günə işini bitirib qayıdıb gəlirlər. Bu yolla fermeri prosesə cəlb etmək qeyri-mümkündür. Sovet dövründə kolxoz və sovxozların hamısı sığortalanmışdı. Nəticədə hansısa bir hadisə olan kimi onlara dövlət tərəfindən sığorta haqqı ödənilirdi, bu, məcburi qayda idi. Hazırda isə proses başlı-başına buraxılıb. Ona görə də təsərrüfatların sığortalanması sahəsində lazımı işlər aparılmır. Düşünürəm ki, baş verən təbii fəlakət və buna görə dəyən ziyandan fermerlər də nəticə çıxarmalı və bütün istehsalı sığortalamalıdırlar".

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov da bu qənaətdədir ki, mövcud vəziyyətdə hətta təbii fəlakətlər təsərrüfata ziyan vursa da belə, fermerləri sığorta prosesinə cəlb etmək elə də mümkün deyil: "Təbii fəlakətlərin kənd təsərrüfatına zərər vurması, belə halların tez-tez təkrarlanmasının, yəni, baş verən bu hadisələrin fermerləri sığortalanma işinə cəlb etmək sahəsində ciddi təsiri olmayacaq. Fermerlər fors-major vəziyyətindən daha çox sığorta şirkətlərinə etibarın olmamasından narahatdır. Belə olan halda hətta sığorta hadisəsi yarandıqda belə fermer öz hüququnu müdafiə etməkdə acizdir. Hətta maddi cəhətdən fermer imkanlı deyil ki, öz hüquqlarını müdafiə edə bilsin. Sığorta təşkilatları isə maliyyə baxımından kifayət qədər güclüdür, onlar istənilən halda öz maraqlarını qoruya biləcək. Belə olan halda fermer hərtərəfli zərərə düşəcək. Həm sığorta haqqının ödənilməsi, digər tərəfdən də sığorta hadisəsi baş verəndə fermerin özünü müdafiə etməsi uzun proses olacaq və son nəticədə əksər hallarda kəndli istəyinə nail ola bilməyəcək. Həmçinin, kəndlini sığorta prosesinə cəlb etmək üçün kifayət qədər digər çoxsaylı problemlər də var ki, onlar da həllini tapmalıdır. Bunun üçün proqnozlar verilməli, məsələn, dövlət qurumları dolu düşmə proqnozunu qeydə almalı, dolunun günü, vaxtı, hansı təsərrüfatlara ziyan vurması dəqiq qeydiyyata alınmalıdır. Çünki sığortalanma prosesində ancaq bu amillər əsasında ortalığa sənəd çıxarılır. Yəni, bu proses çox mürəkkəbdir. Belədə ancaq fermerləri prosesə cəlb etmək,onlarda sığortaya maraq oyatmaqla məsələnin həllinə nail olmaq mümkün deyil. Sistem tələblərə cavab vermirsə, fermerlər sığorta işinə cəlb olunsa da, yaxşı nəticə verməyəcək. Məsələ kompleks şəklində həllini tapmalıdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs