Əlaqə Arxiv
news Image
2016.06.10
16:24
| A A A
Gömrükçülər soyuq silahlar aşkarlayıblar

Moskva-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajına rentgen aparatıyla baxış zamanı monitorda "beşbarmağ"ın təsviri görünüb. Gömrük Komitəsindən Movqe.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları baqaja təkrar yoxlama keçiriblər. Nəticədə, həmin vətəndaşın çamadanından 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilərək götürülüb. İlkin araşdırma zamanı izahatında həmin "beşbarmağ"ı Polşa Respublikasının Varşava şəhərində olarkən əldə etdiyini söyləyən vətəndaş, onu çamadanında qaldığını unutduğuna görə Azərbaycana gətirdiyini bildirib. İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının daha bir vətəndaşının baqajı da rentgen aparatıyla yoxlanılarkən monitorda "beşbarmağ"ın təsviri müşahidə edilib. Təkrar baxış zamanı həmin vətəndaşa məxsus idman çantasından, şəxsi əşyaların arasında olan gödəkçənin cibindən 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar olunub. Maraqlıdır ki, gömrük əməkdaşları bu vətəndaşın izahatında da oxşar arqumentlə üzləşiblər. Vətəndaş aşkar olunan "beşbarmağ"ı İstanbul şəhərində olarkən dostu tərəfindən ona hədiyyə edildiyini və çantanın içərisindəki gödəkçənin cibində qaldığını unutduğuna görə Azərbaycana gətirdiyini söyləyib. Xatırladaq ki, əvvəllər də Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən bu cür hüquqpozma hallarının qarşısı qətiyyətlə alınaraq, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən soyuq silah hesab edilən bu qəbildən olan əşyaların ölkə ərazisinə gətirilməsinin qadağan olunması barədə kütləvi informasiya vasitələrilə ictimaiyyətə ətraflı məlumat verilib. Dövlət Gömrük Komitəsi səlahiyyətli ekspert rəyinə istinadən bir daha xəbərdarlıq edir ki, əsasən kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik və təyinatı üzrə istifadəyə yararlı "beşbarmaq"lar, habelə kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən və mülki dövriyyəsi qadağan edilən digər vasitələr soyuq silah hesab olunur və bununla əlaqədar digər məsuliyyət növlərilə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulub.

 

Sizin Reklam Yeriniz