news Image
2016.06.11
22:00
| A A A
DİN-də istintaq və təhqiqat qurumları əməkdaşlarının respublika toplantısı keçirilib

Bakı - APA. Bu gün Daxili İşlər Nazirliyində (DİN) istintaq və təhqiqat qurumları əməkdaşlarının respublika toplantısı keçirilib.

 

DİN Mətbuat Xidmətindən Movqe.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov nazirlik və onun struktur orqanları tərəfindən ölkənin qanunları, dövlət başçısının fərman, sərəncam və tapşırıqları rəhbər tutulmaqla cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlərin uğurla davam etdirildiyini xatırladıb.

 

Qeyd edilib ki, nazirliyin davamlı surətdə təkmilləşən və fəaliyyəti beynəlxalq standartlar səviyyəsinə yüksələn təşkilati strukturlarından biri də insan hüquq və azadlıqlarının, dövlətin və cəmiyyətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması kimi mühüm funksiyaları yerinə yetirən istintaq və ixtisaslaşmış təhqiqat qurumlarıdır. Müstəntiq və təhqiqatçıların fəaliyyətinin aidiyyəti qanunvericilik aktlarının tələbləri səviyyəsində qurulması daim diqqət mərkəzində saxlanılıb, peşəkarlığın yüksəldilməsi, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

 

Sonra Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev geniş hesabat məruzəsi ilə çıxış edib. O deyib ki, istintaq və təhqiqat işinin düzgün təşkili  cinayətlərin açılması və araşdırılmasında, cinayəti törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasında, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasında, vurulmuş maddi ziyanın ödətdirilməsində mühüm əhəmiyyət kəsb etdiyindən, eləcə də ibtidai araşdırmanın keyfiyyəti məhkəmənin çıxardığı hökmün qanuni və ədalətli olması üçün əsas amil olduğundan istintaq və təhqiqat qurumlarının fəaliyyəti hər zaman nazirliyin rəhbərliyinin bilavasitə diqqətində olub. Üzərinə düşən məsuliyyəti dərindən anlayan Baş İdarənin rəhbərliyi istintaq və təhqiqat qurumlarının işinin qanunvericiliyin və müasir dövrün tələblərinə uyğun qurulması istiqamətində fəaliyyət göstərir. Bu yöndə qanunçuluğun qorunması, prosessual araşdırmaların düzgün təşkil olunması, əməkdaşların peşə hazırlığının artırılması məqsədilə, nazirliyin rəhbərliyinin yaxından və böyük dəstəyi ilə bütün lazımi tədbirlər görülüb və davam etdirilir.

 

Həmçinin, qanunvericilik aktları, Kollegiya qərarları, əmr və göstərişlər ilə müəyyən edilmiş funksiya və vəzifələr çərçivəsində cinayətlərin açılması, araşdırılması, cinayət törətmiş şəxslərin vaxtında müəyyən edilib məsuliyyətə cəlb olunması, vurulmuş maddi ziyanın ödətdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, fəaliyyətdə olan nöqsanların səbəblərinin aşkar edilib aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülür.

 

Məruzəçi qeyd edib ki, son 5 ildə daxili işlər orqanları müstəntiqlərinin icraatında olan və istintaqı tamamlanmış işlərin 79,7%-i ittiham aktı ilə məhkəmələrə göndərilib. Göstərilən dövrdə istintaqı tamamlanmış cinayət işləri üzrə vurulmuş maddi ziyanın 78%-nin ödətdirilməsi təmin edilib. Bütün bunlarla yanaşı, istintaq aparatının fəaliyyətində bir sıra nöqsanların da mövcudluğu, bəzi istintaq qurumlarında araşdırmaların qanunla müəyyən edildiyindən artıq müddətdə tamamlandığı, bəzi cinayət işlərinin əlavə istintaqa qaytarıldığı, əsassız qərarların qəbul olunmasına yol verildiyi də nəzərə çatdırılıb.

 

Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, Təhqiqat İdarəsinin rəisi, polis polkovniki Emil Usubov qeyd edib ki, cinayət xarakterli müraciətlərə baxılmasının prosessual qanunvericiliyin və daxili normativ aktların tələblərinə uyğun qurulması, qanunçuluğa riayət olunması, ibtidai araşdırmanın obyektiv aparılması və qərarların qəbuluna nəzarətin gücləndirilməsi üçün bütün lazımi tədbirlər görülüb.

Son 5 ildə "102" xidməti zəng mərkəzi sistemindən yerlərə ötürülmüş cinayət xarakterli məlumatlarla onlara baxılmasının nəticələri arasındakı uyğunsuzluqların yoxlanılması çərçivəsində 8134 fakt öyrənilərək nöqsanların aradan qaldırılması təmin edilib, habelə məlumatların prosessual araşdırmaya yönəldilməsi və cinayət əməlinin düzgün tövsif olunması ilə əlaqədar ərazi orqanlarına əməli köməkliklər göstərilib. Həyata keçirilmiş tədbirlərdən biri də münaqişəli ailələrin ətrafında aparılan profilaktik işdə təhqiqat əməkdaşlarının əməli iştirakının təmin edilməsi olub. Bununla əlaqədar, "Məişət zorakılığı haqqında" qanuna və aidiyyəti kollegiya qərarlarına müvafiq olaraq, göstərilən müddətdə 1306 ailənin münaqişəli kimi uçota götürülməsi barədə qərarlar çıxarılıb və icra olunması üçün ictimai təhlükəsizlik strukturlarına göndərilib.

 

O da bildirilib ki, təhqiqat işinin əsas göstəricilərindən olan cinayət işinin başlanılması və təxirəsalınmaz istintaq hərəkətlərinin keçirilməsi ilə bağlı ərazi orqanlarına idarəçilik təsirinin yüksəldilməsi 2015-ci ildə cinayət işlərinin başlanmasında 13% artımla nəticələnib. Bütövlükdə, ötən 5 ildə görülmüş operativ nəzarət tədbirləri ilə təhqiqat araşdırmalarının keyfiyyəti xeyli yaxşılaşıb, qəbul edilmiş əsassız qərarların sayında azalma müşahidə edilib.

 

Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Vüsal İsayev, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Kamal Qılıcov, Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi Elşən Kazımov, Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi Gündüz Sadıxov, Bakı şəhər BPİ İstintaq və Təhqiqat İdarəsinin rəisi Nazim İsmayılov və başqaları çıxış edərək görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb, müzakirə olunan məsələlərlə bağlı bir sıra təkliflər səsləndiriblər.

 

Tədbirə yekun vuran naziri qeyd edib ki, qanunla müəyyən edilmiş funksiyaların çevik həyata keçirilməsində nazirliyin "102" zəng mərkəzi və "Təhlükəsiz şəhər" sistemlərinin, habelə 40-dan çox informasiya resursunun da böyük əhəmiyyəti vardır. İxtisaslı kadr potensialının, peşəkar özəyin formalaşması və möhkəmlənməsi, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi də daim diqqətdə saxlanılır.

 

İştirakçıların nəzərinə çatdırılıb ki, müstəntiqlər tərəfindən hər il orta hesabla 25 min cinayət işinin istintaqı aparılır ki, bu da respublikanın hüquq-mühafizə orqanlarının icraatında olan işlərin 80%-ni təşkil edir və onların 45%-nin istintaqı tamamlanaraq 9 minə yaxını ittiham aktı ilə məhkəmələrə göndərilir. Cinayət xarakterli məlumatlara baxılmasında ixtisaslaşmış təhqiqat qurumları da xüsusi rol oynayır.

 

O da vurğulanıb ki, respublikanın prokurorluq və digər hüquq mühafizə orqanları ilə birgə işgüzar fəaliyyətin məntiqi yekunu olan bu müsbət nəticələr mötəbər beynəlxalq təşkilatlar tərəfindən də dəyərləndirilir. Belə ki, Beynəlxalq İqtsadi Forumun 2014-2015-ci illərə dair məlumatına görə, "Mütəşəkkil cinayətkarlıq" indikatoru üzrə Azərbaycan                         144 ölkə arasında 40-cı, Avropa məkanında isə 20-ci yeri tutur. Birləşmiş Millətlər Təşkilatının hesabatlarına əsasən, ümumi cinayətlərin içində mülkiyyət əleyhinə olanların xüsusi çəkisi dünyada 75-80 faiz olduğu halda, Azərbaycanda son 3 ildə orta hesabla 45 faiz təşkil edir. O da qeyd edilib ki, bu nəticələrə dünyanın əksər ölkələri ilə müqayisədə xeyli az sayda şəxsi heyətlə nail olunub.

 

Daha sonra nazir xidməti fəaliyyətdə buraxılmış bəzi nöqsan və çatışmazlıqların üzərində ətraflı dayanıb, onların qısa müddətdə aradan qaldırılması üçün tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələr barədə danışıb.

 

R. Usubov bir daha xatırladıb ki, hər bir müstəntiq və təhqiqatçının  fəaliyyətində başlıca məqsəd insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, xidməti funksiyaların yüksək məsuliyyət hissi ilə həyata keçirilməsi, bütövlükdə vətəndaş məmnunluğunun təmin edilməsidir. Unutmaq olmaz ki, prosessual fəaliyyətin arxasında pozulmuş hüquqlarının bərpasını tələb edən vətəndaşlarımız dayanır. Vətəndaşa xidmətin dövlət siyasətinin əsası olmasını ölkə prezidenti öz çıxışlarında dəfələrlə vurğulayıb: "Bizim dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Bizim məqsədimiz budur. Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir".

 

Daxili işlər naziri istintaq və ixtisaslaşdırılmış təhqiqat qurumlarının rəislərindən tabelikdəki əməkdaşların apardığı araşdırmanın keyfiyyətinə, yazılı cavabların vaxtında verilməsinə, ərizəçiyə qəbul edilmiş qərarın və hüquqlarının izah olunmasına, şikayətləri doğuran səbəb və amillərin aradan qaldırılmasına gündəlik nəzarət olunmasını tələb edib.

 

Sonra cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması, bütövlükdə xidməti vəzifələrin icrasında fərqlənən istintaq və təhqiqat qurumlarının bir qrup əməkdaşının mükafatlandırılması barədə daxili işlər nazirinin əmri elan edilib və R. Usubov tərəfindən mükafatlar sahiblərinə təqdim olunub.

 

Daha sonra toplantı daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazovun rəhbərliyi ilə plenar iclas formasında öz işini davam etdirib.

 

Nazirin birinci müavini Vilayət Eyvazov çıxış edərək insan hüquq və azadlıqlarının, dövlətin və cəmiyyətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasının ən mühüm mexanizmlərindən olan cinayət-prosessual fəaliyyətin cinayət törətmiş hər bir şəxsin ifşa olunmasında, məsuliyyətə cəlb edilməsində, təqsiri olmayan şəxsin qanunsuz şübhə altına alınmasının, ittiham edilməsinin, məhdudiyyətlərə məruz qalmasının qarşısının alınmasında xüsusi əhəmiyyətə malik olduğunu bildirib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs