news Image
2016.06.15
12:15
| A A A
Uşağınızla yaşına uyğun davranın - Valideynlərə məsləhət

Movqe.az  "Narınc" Uşaq Psixologiya Mərkəzinin psixo-pedaqoqu Aynur Şahmuradovanın məqaləsini təqdim edir.

 

Uşağın sosial inkişafı onun yaşına və inkişafına uyğun olaraq məsuliyyətləri yerinə yetirməsi, digər şəxslərlə münasibət qura bilməsi, ailə və cəmiyyətin qaydalarına uyğun davranmasıdır. Uşağın ana-atası və ətrafında olan insanlarla yaşaması onun sosial həyatının başlanğıcıdır. Doğulduğu andan etibarən uşağın sosial inkişafı başlayır və çevrəsindəki insanlarla qurduğu münasibətlə davam edir. Uşaqlar dil, fiziki, zehni, hissi baxımdan inkişaf etdikcə çevrəsi də genişlənir. Beləliklə, ailə içində başlayan sosial münasibətlər dostluq münasibətləri və məktəb həyatı ilə davam edir.   

 

0-2 yaşda sosial bacarıqların inkişafı . 2 ayından etibarən uşaq anasını tanıyır. Əvvəllər onunla oynayan hər kəsə gülümsəyən uşaq 6 aydan etibarən yalnız tanıdığı adamlara gülümsəyir. Bu dövrdə bəzi uşaqlar yanlarında ağlayan uşaqların ağlamasına əhəmiyyət vermədiyi halda, bəziləri isə müxtəlif səslər çıxararaq diqqəti öz üzərinə çəkir. 9-14 aylıq uşaqlar öz oyuncaqları ilə oynayırlar. Bu yaş dövrü üçün tək və paralel oyunlar xarakterikdir. Uşaqlar 2 yaşına çatmamış da özlərinə dost seçə bilərlər. Amma bu münasibətlər qısa müddətlidir.

 

2-6 yaşda sosial bacarıqların inkişafı. Uşaqlar bu yaş dövründə bacardığı hər şeylə qürur duyur. Mən mərkəzçiliyi dövrüdür. Uşaq özünü dünyanın mərkəzində görür. Bu zaman intervalında ana-atası uşağa tualet vərdişləri ilə bağlı cəzalandırma və utandırıcı hərəkət edərsə, uşaqda qorxu və utancaqlıq yarana bilər. 3-4 yaşındakı uşaqlar adını və cinsiyyətini deyə bilir. Telefonda tanıdığı adamlarla danışır. 4 yaşında uşaq böyüklərdən çox öz dostları ilə maraqlanır, paylaşmağa başlayır. Oyun oynayarkən qaydaları başa düşür və tətbiq edir. 5 yaşında qrup oyunları oynamağı sevirlər, öz duyğularını və istəklərini kontrol edə bilirlər. 5-6 yaşda uşaqlarda dostluq, simpatiya, rəqabət, davalar görülür. Empatik anlayışlar inkişaf etməyə başlayır.

2-6 yaş dövründə uşağa müəyyən qədər sərbəstlik vermək lazımdır. Məsələn, uşaq meyvəni yumaq istəyirsə, ona "sən bunu pis yuyarsan, ver mən yuyum" yox, "sən almanı özün yuya bilərsən, əminəm ki, təmiz yuyacaqsan" demək daha düzgündür.  Uşağın bir neçə işdə uğurlu olacağı mühit yaradılmalıdır. Əvvəlcə uşağa rahat, daha sonra çətinliklə edə biləcəyi işlər verilməlidir. Məşğul olduğu işdə səhv etdikdə anlayışlı olmaq, etdiyi səhvi özünün tapması lazım olduğunu demək lazımdır.

 

6-12 yaşda sosial bacarıqların inkişafı. Uşaqlar ana-atasından başqa şəxslərin də bəyəniləcək tərəflərini görməyə başlayır. Uşaq çevrəsi tərəfindən dəstəklənirsə, özünə güvəni artır, daha çox çalışmağa can atır. Başqaları tərəfindən özünə qarşı diqqət və dəyər verilməsini gözləyir. Daha çox öz cinslərindən olanlarla yaxın münasibət qururlar. Onlar üçün böyüklərdən çox öz yaşıdlarının dediyi fikirlər maraqlıdır. Rəqabət və iş birliyi qurmaqdan xoşları gəlir. Müəllimlərin bütün uşaqlara bərabər davranılmasını istəyirlər.

 

Sosial inkişafa uyğun fəaliyyətlər 

 

Aşağıda uşağın sosial inkişafına müsbət təsir edən fəaliyyətlər verilmişdir:

 

Blok oyunları: Müxtəlif həndəsi formalı, hissələrdən bütöv yaradılan materialların istifadəsiylə oynanan oyunlara blok oyunları deyilir. Bloklar uşaqların böyük və kiçik  motorikasını inkişaf etdirən, düşünərək səbəb-nəticə əlaqəsini quraraq, sual verərək, yoxlayaraq öyrənməsini təmin edən oyunlardır. Uşaqlar blok oyunlarını əsasən digər uşaqlarla oynamağı seçirlər, paylaşmağı, nəzakətli olmağı, növbə ilə oynamağı öyrənirlər.

 

Sosial inkişafda dram: Dram ifadəni, davranışı, fikri və ya yaşantıları teatr texnikalarından istifadə etməklə canlandırmaqdır. Dramatik oyun, hər kəsin bir vəzifəyə sahib olduğu qrup fəaliyyətidir. Dramatik oyun zamanı fərqli fikir və ifadələr deyilə bilər. Hər kəs müəyyən fikirlərinə görə hörmət qazanmaq şansına malikdir. Dramatik oyun zamanı uşaq oynadığı roldakı şəxsin hiss etdiyi kimi oynamaq və danışmaq üçün cəsarətləndirilməlidir.

 

Musiqi və sosial inkişaf: Musiqi kəlmələrin ifadə edə bilmədiyi duyğuları ortaya çıxardır. Uşaq musiqi söyləyərkən səsini istifadə etməyi, nəzarət etməyi öyrənir. Musiqili tədbirlərdə uşaqların iştirak etməsi onların ictimai tədbirlərdə təcrübəsini artırır.

 

Sosial inkişafda hərəkət və yaradıcı rəqs: Uşağın problem həll etməsi və özünü ifadə etməsi üçün yeni kəşflər etməsinə kömək üçün yaradıcı rəqsdən yararlanırlar. Uşağa məktəbəqədər yaş dövründə sistemli hərəkətlər ona sağlamlıqla əlaqəli vərdişləri, nizamlı olmağı, iradəli olmağı qazandırır. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs