Əlaqə Arxiv
news Image
2016.06.15
08:00
| A A A
Sosial evlər mənzil bazarında böyük ucuzlaşma yaradacaq
Rəşad Həsənov: “Sosial mənzil layihəsinin şərtləri açıqlanandan və ilk mənzillərin tikintisi başlayandan sonra artıq daşınmaz əmlak bazarında qiymətlərin stabilləşməsi və real səviyyəyə qədər ucuzlaşması trendini müşah

Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktoru Samir Nuriyev bildirib ki, Azərbaycanda sosial mənzillərin tikilməsi üçün ayrılacaq torpaq sahələrinin seçilməsi prosesinə başlanılıb. O qeyd edib ki, işin səmərəli qurulması üçün ilk növbədə aidiyyəti dövlət qurumları, yerli icra hakimiyyəti orqanları ilə görüşlər keçirilir: "İndiyədək Bakının əsasən Binaqədi, Qaradağ və Suraxanı rayonlarında ondan artıq torpaq sahəsinə baxış keçirilib, onların müxtəlif meyarlar üzrə ilkin qiymətləndirilməsi həyata keçirilib. Bununla yanaşı, artıq Gəncə, Sumqayıt, Lənkəran, Masallı şəhərlərində də torpaq sahələrinin ayrılması imkanları araşdırılıb". S. Nuriyev bildirib ki, torpaq sahələrinin seçilməsində şəhərsalma baxımından çoxməzilli binaların 

Tikintisi üçün əlverişli və mövcud iş yerləri mərkəzinə yaxın olan, habelə mühəndis kommunikasiyalarının çəkilməsində problemi olmayan ərazilərə üstünlük veriləcək. 

Sosial binaların tikintisi mənzil bazarına, tikinti sektoruna nə vəd edir? Əhalinin mənzil təminatında onların rolu nədən ibarət olacaq? 

İqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki,  sosial mənzillərin əhatə dairəsi və dövrülüyü tikinti sektoru və mənzil bazarına təsir edən əsas faktorlar olacaq: "Sosial binaların tikintisində əsas məqsəd məhz əhalinin aztəminatlı sosial qruplarının mənzil təminatını yüksəltmək, eyni zamanda ölkənin mənzil bazarında müəyyən stabilliyin təmin olunmasına nail olmaqdan ibarətdir. İndiyə qədərki ipoteka kreditləşməsi əslində, aztəminatlıların deyil, yüksək gəlirli insanların mənzillə təminatı sahəsində daha çox üstünlüyə malik olub. Aşağı gəlirli ailələr, müdafiəsiz sosial qruplar isə bu şərtlərdən istifadə edə bilmir. Bu fonda da beynəlxalq praktikada geniş istifadə olunan sosial mənzil layihəsinin ölkəmizdə fəaliyyətə başlaması istiqamətində addımlar atılır. 

Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaranması bir  neçə ay bundan əvvələ təsadüf edir. Bu səbəbdən də hələlik faktiki olaraq qiymətləndirmə, praktikanın, daşınmaz əmlak bazarının öyrənilməsi, sosial qrupların vəziyyətinin müəyyənləşdirilməsi, sosial mənzilə tələbatın hansı istiqamətli, ölçülü, məbləğli olması kimi məsələlər üzərində işlər gedir. Eyni zamanda torpaq sahələrinin seçilməsi məsələsinə də baxılır. Düşünürəm ki, sosial mənzil layihəsi çərçivəsində prosesə ancaq təxminən 2017-ci ilin əvvəllərində başlamaq mümkün olacaq. Cari il üçün isə bu istiqamətdə hansısa vəsaitin ayrıldığı ilə bağlı məlumatımız yoxdur. Amma MİDA-nın strukturunun tam formalaşması və bir qurum olaraq fəaliyyətinin təkmilləşməsindən sonra ilk olaraq ona vəsaitlər təklif olunacaq. 

İnsanların müəyyən qisminin dövlət tərəfindən sifarişlə inşa edilən sosial mənzillərlə təmin edilməsi bazarda tələbin aşağı düşməsinə rəvac verəcək ki, bu da mövcud balon qiymətlərinin daha real qiymətlərə qədər azalmasını şərtləndirən əsas faktorlardan biri olacaq. Təbii ki, burada təsir imkanları daha çox fəaliyyət sferasından asılı olacaq. Göründüyü kimi hökumət regionlarda da müəyyən səviyyədə sosial mənzil layihəsini həyata keçirmək istəyir. Onun da əhatəliyi və dövrülüyü məsələsi bazara təsir edən əsas faktorlardan biri olacaq. Düşünürəm ki, sosial mənzil layihəsinin şərtləri açıqlanandan və ilk mənzillərin tikintisi başlayandan sonra artıq daşınmaz əmlak bazarında qiymətlərin stabilləşməsi və real səviyyəyə qədər ucuzlaşması trendini müşahidə edəcəyik. Bu da əhalinin sosial rifahının yüksəldilməsi, aztəminatlı ailələtin tələbatının ödənilməsi, əlçatanlığın artırılması baxımından yaxşı haldır və proses bu fonda da öz müsbət töhfəsini verəcək". 


Sizin Reklam Yeriniz