Əlaqə Arxiv
news Image
2016.06.17
15:49
| A A A
Qaynar çay xərçəng yarada bilərmi? Baş otorinolarinqoloqdan açıqlama

Azərbaycanlıların belə bir məsəli var: "Çay nədir, say nədir?".  Elə bu deyim bir daha biz azərbaycanlıların çaya olan sevgisini ifadə edir. Bu günlərdə "Euromonitor International" şirkəti də dünyada ən çox çay və kofe meyilli ölkələri müəyyənləşdirib. Dünyada çay içkisini ən çox sevən ölkə Özbəkistan olub. Burada 99,6 % əhali hər gün çay içir. Azərbaycan isə bu sihayıda 3-cü yerdə qərarlaşıb. Özbəkistandan sonra Keniya, Azərbaycan, Pakistan, Çin, Misir, Qazaxıstan, Nigeriya və Hindistan gəlir. Azərbaycan xalqı çay sevər olsa da, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son açıqlaması çayı da üfürə-üfürə içməyin daha məsləhətli olduğundan xəbər verir. Belə ki, ÜST yanında xərçəngin öyrənilməsi üzrə beynəlxalq agentlik həddən artıq isti kofe və çay qəbulunun insan sağlamlığı üçün ziyan olduğunu bəyan edib. ÜST-ün apardığı araşdırmaya əsasən çox isti çay və ya kofe qəbulu qida borusunda xərçəng xəstəliyinin yaranması isə nəticələnə bilər. 

Söhbət selsi üzrə 65 dərəcədən artıq içkilərdən gedir. Bu dərəcədən aşağı olan maye qəbulu isə insan orqanizmi üçün təhlükə törətmir. Araşdırmalar Çin, İran, Türkiyə, o cümlədən Cənubi Amerika ölkələrində keçirilib. Bu ölkələrdə əhali adətən çay və ya kofeni (70 dərəcə) olduqca isti halda içirlər. 

Bəs görəsən bu tədqiqatlar nə dərəcədə həqiqəti əks etdirir?

Səhiyyə Nazirliyinin baş otorinolarinqoloqu, professor Nazim Hüseynov Movqe.az-a açıqlamasında bildirib ki, Azərbaycanda isti çayın qida borusu xərçənginə səbəb olub olmadığı üzərində tədqiqat aparılmayıb: "Ümumiyyətlə xərçəngin etimologiyası bəlli deyil. Ona görə də, qida borusu xərçənginin məhz isti çay səbəbindən yaranmasını söyləmək mümkün deyil. Amma ümumiyyətlə həddindən artıq qaynar çay içmək, yemək yemək də düzgün qidalanma hesab olunmur. Mütləq çay, kofe 60 dərəcədən aşğı temperaturda qəbul olunmalıdır. Çay yüksək dərəcədə içilirsə bu zaman təbii ki, selikli qişanı yandırır. Bu da ağrı simptomları yaradır".

N. Hüseynovun sözlərinə görə, qida borusunun selikli qişası yandıqda infeksiyanın düşməsi üçün də şərait yaranır: "Selikli qişanın mütəmadi yanması, yəni qaynar çayın qida borusuna davamlı təsiri onkoloqlar tərəfindən araşdırılmalıdır. Qida borusu xərçənginə mübtəla olan insanlar üzərində bu tədqiqat aparılaraq öyrənilməlidir ki, onların nə qədəri mütəmadi qaynar çay, kofe qəbul edib. Yalnız bu cür tədqiqatlardan sonra bu barədə qəti fikir söyləmək olar. Bizdə isə belə bir tədqiqat aparılmayıb. Amma bununla belə çox qaynar maye qəbul etmək tövsiyyə olunmur. Unutmaq lazım deyil ki, təkcə qida borusunda selikli qişanı qaynar çay yox, spirtli içkilər, tütün də zədələyir. Ona görə də, qida borusu xərçənginə mübtəla olanların nə qədərinin qaynar çaya meyilli olduğu, nə qədərinin tütün və spirtli içkçi qəbul etdiyi araşdırılmalıdır".

Milli Onkologiya Mərkəzinin həkim radioloqu Aynur İmanova da, qaynar çayın qida borusu xərçənginə səbəb olma ehtimalının olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, aşpazlarda qida borusu və alt dodaq xərçənginə daha çox rast gəlinir: "Bu isə onların peşələri ilə bağlı hər gün, hətta gün ərzində 10-15 dəfə qaynar yeməyin dadına baxmaları ilə bağlıdır. Bu peşə sahiblərində qida borusu və alt dodaq xərçənginə daha çox rast gəlinir. Amma birmənalı olaraq bunu söyləmək olmaz ki, qida borusu xərçəngi ancaq qaynar çay və kofe içənlərin xəstəliyidir. Əgər bu xəstəliyə meyil varsa, qaynar çayın mütəmadi qəbulu qida borusu xərçəngi yarada bilər".



Sizin Reklam Yeriniz