Əlaqə Arxiv
news Image
2016.06.17
17:30
| A A A
Su təsərrüfatı sektoru yeni inkişaf dövrünə qədəm qoyub
Qorxmaz Hüseynov: “Azərbaycan vətəndaşlarının sağlamlığının qorunmasına və sosial rifahının yüksəldilməsinə istiqamətlənmiş dövlət siyasətinə su təsərrüfatı işçiləri özünəməxsus töhfələr verməkdədir”

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə  "Əməkdar mühəndis" fəxri adı almış və "Tərəqqi" medalına layiq görülmüş, həmçinin "Azərsu" Açıq Səhmdar Cəmiyyəti sədrinin əmri ilə "Fəxri Fərman"la təltif olunmuş əməkdaşlara mükafatların təqdim olunması mərasimi keçirilmişdir. 

"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov təltif olunmuş əməkdaşları təbrik edərək bildirmişdir ki, son illər su təsərrüfatı sektoru yeni inkişaf dövrünə qədəm qoymuşdur. İstehlakçıların içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə möhtərəm Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkə miqyasında genişmiqyaslı işlər görülmüş, mühüm layihələr həyata keçirilmişdir. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına hesablanmış su təchizatı layihələrinin icrasında su təsərrüfatı işçilərinin böyük xidmətləri olmuşdur. Su təsərrüfatı və meliorasiya sahəsi işçilərinin əməyini yüksək qiymətləndirən Prezident  İlham Əliyevin 14 may 2014-cü il tarixdə imzaladığı sərəncamla  iyun ayının 5-i  "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramı təsis edilmişdir. Hər il peşə bayramı ərəfəsində bir qrup su təsərrüfatı işçisi fəxri adlar və medallarla təltif olunur. Prezident İlham Əliyevin  iyun ayının 3-də imzaladığı sərəncamlarla su təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə "Azərsu" ASC-nin 2 əməkdaşı "Əməkdar mühəndis" fəxri adına layiq görülmüş, 12 əməkdaşı isə "Tərəqqi" medalı ilə təltif olunmuşdur: "Azərbaycan vətəndaşlarının sağlamlığının qorunmasına  və sosial rifahının yüksəldilməsinə istiqamətlənmiş dövlət siyasətinə su  təsərrüfatı işçiləri özünəməxsus töhfələr verməkdədir. Peşə bayramının təsis edilməsi və bayram ərəfəsində həmkarlarımızın bir qrupunun mükafatlandırılması ölkə başçısının su təsərrüfatı işçilərinin əməyinə verdiyi  qiymət, bu sahənin inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Əminəm ki, çoxminli su təsərrüfatı işçiləri bundan sonra da var qüvvəsi ilə çalışaraq qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcək, onlara göstərilən etimadı doğruldacaqlar". 

 "Əməkdar mühəndis" fəxri adına layiq görülmüş "Azərsu" ASC sədrinin istismar üzrə müavini Köçərli Həsənov, "Tərəqqi" medalı ilə təltif olunmuş proqram təminatı şöbəsinin rəisi Könül Pənahova su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymətə görə ölkə  başçısına minnətdarlıqlarını bildirmiş və  qeyd etmişlər ki, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi  siyasətə su təsərrüfatı işçiləri bundan sonra da öz töhfələrini verəcəklər. 

Su təsərrüfatının inkişafında xidmətləri olan  və əmək fəaliyyətində fərqlənən 110 əməkdaş "Azərsu" ASC sədrinin əmri ilə Fəxri Fərmana layiq görülmüşdür. 

Sonra su təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə təltif olunmuş "Azərsu" ASC əməkdaşlarına "Əməkdar mühəndis" fəxri adının vəsiqələri, "Tərəqqi" medalları və "Fəxri Fərman"lar təqdim olunmuşdur.



Sizin Reklam Yeriniz