Əlaqə Arxiv
news Image
2016.06.20
19:30
| A A A
Dünyanın tanınmış şəxsləri qaçqınlar üçün addımlar atılmasına dair birgə çağırış kampaniyasına qoşulurlar

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bütün dünyanı qaçqınlarla birlikdə olmağa dəvət edən kampaniyaya (#WithRefugees) başlayıb.


Hazırlanan videomüraciətdə dünyanın 60-dan artıq tanınmış şəxsi qaçqınlarla və yardım işçiləri ilə birlikdə olmaqla bu ismarıcı səsləndirirlər: "Biz qaçqınların yanındayıq, xahiş edirik bizimlə birlikdə olun". Müraciətdə (petisiyada) hökumətlər zorla didərgin salınmış insanların mənafeləri naminə addımlar atmağa çağırılır.


Kampaniyanın məqsədi bir tərəfdən münaqişə nəticəsində didərginlik və təqib hallarının dramatik dərəcədə artması, digər tərəfdən isə qaçqınlar əleyhinə ritorikanın güclənməsi və sığınacaq hüququnun daha çox məhdudlaşdırılması fonunda köç etməyə məcbur olmuş ailələrə ictimai dəstək nümayiş etdirməkdir. Müraciət geniş qaçqın və miqrant köçləri probleminin həllinə dair BMT Baş Assambleyasının sentyabrda keçiriləcək yüksək səviyyəli tarixi plenar iclasından əvvəl ediləcək.


Konkret olaraq bütün hökumətlərdən xahiş ediləcək ki, hər bir qaçqın uşağın təhsil almasını, hər bir qaçqın ailənin həyatları üçün təhlükəsiz olan müəyyən bir yerdə yaşamasını, hər bir qaçqının icmasına müsbət töhfə verə bilməsi üçün işləyə və ya lazımi bacarıqlara yiyələnə bilməsini təmin etsinlər.


Videomüraciətdə İordaniyadakı "Zaatari" qaçqın düşərgəsinə baş çəkən BMT QAK-ın xoşməramlı səfiri Keyt Blanşet kampaniyaya dəstək verməsindən danışıb. O deyib: "Biz artıq milyonlarla günahsız ailəni yurdlarından ayrı salmış və çoxlu insanların təhlükəsiz məkana çatmağa cəhd edərkən həyatlarını itirmələrinə gətirib çıxarmış fəlakətli didərginlik böhranının içərisindəyik. Məsələnin yekun həlli siyasi həlldir, sülhə və sabitliyə ehtiyac var. Amma rəyini bildirmək hüququna malik insanlar olaraq biz həll istiqamətində gözlədiyimiz müddətdə rolumuzu yerinə yetirə bilərik və yetirməliyik. Biz tələb etməliyik ki, bütün ölkələr qaçqınları müdafiə, sığınacaq və səmərəli həyat yaşamaq şansı ilə təmin etmək məsuliyyətini paylaşsınlar. Əgər bizlərdən kifayət qədər çox adam birlikdə olarsa, o halda bizi eşidərlər".


K.Blanşetin videomüraciətinə qoşulan BMT QAK-ın xoşməramlı səfirləri arasında yazıçı Xaled Hosseyni və supermodel, keçmiş qaçqın Alek Vek də var. Dəstək göstərən digər şəxslər sırasına BMT-nin baş katibi Pan Gi Mun, dini liderlər - arxiyepiskop Desmond Tutu və V.Vajiramedhi, aktyorlar - Benedikt Kumberbaç Eciofor Çivetel, Marqot Robbie, Ben Stiller, Dame Helen Mirren, habelə müğənnilər Juanes, Mika, Maher Zain və Babaa Maal daxildir.


Xaled Hosseyni deyib: "Qaçqınlar bizimlə eyni arzu və ambisiyalara malik olan ana, ata, bacı, qardaş və övladdırlar. Yeganə istisna ondan ibarətdir ki, taleyin burulğanı onların həyatlarını misli görünməmiş miqyasda qlobal qaçqın böhranına düçar edib. Biz qaçqınlarla həmrəy olaraq birlikdə tələb edə bilərik ki, dünya liderləri bu böhranın ədalətli və uzunmüddətli həlli yollarının tapılmasının kollektiv məsuliyyətini üzərlərinə götürsünlər. Biz birlikdə insanlığın və mərhəmətin qorxu, dözümsüzlük üzərində qələbəsini təmin etməliyik".


Hazırda münaqişə və təqib ucbatından evlərini tərk etməyə məcbur olmuş insanların sayı İkinci Dünya müharibəsinin sonundan bəri ən yüksək həddədir. BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi qaçqınları dəstəkləməyə yönələn bu cür ictimai çağırışın nəyə görə edilməsindən danışıb. O deyib: "Biz dünyada dərinləşən münaqişə və qarışıqlıq dövründəyik ki, bu da əvvəlki dövrlərə nisbətən çox sayda insanların yurdlarını tərk etməsinə səbəb olub. Bu münaqişə hamımıza təsir göstərir və hamımızı əhatə edir. Bu vəziyyətdə anlayış, mərhəmət və siyasi iradənin bir araya gətirilməsinə, qaçqınların ağır durumunun real həllinin tapılmasına ehtiyac var. Bu, dövrümüzün başlıca çağırışına çevrilib".


"Qaçqınlarla birlikdə olaq" (#WithRefugees) kampaniyasının və müraciətinin (petisiyasının) məqsədi bu qonaqpərvərlik səslərinin sayını artırmaq və dünyanın qaçqınlarla birlikdə olduğunu göstərməkdir".


Bildirilib ki, kampaniya kütləvi auditoriyanı səfərbər etməyə və qaçqınların işini dəstəkləmək üçün indiyədək ən çox sayda insanların qatıldığı müraciət (petisiya) ərsəyə gətirməyə yönəlib./azertac/

Sizin Reklam Yeriniz