Əlaqə Arxiv
news Image
2016.06.21
09:15
| A A A
Xarici adla satılan yerli məhsullar
İmran Abdullayev: “Azərbaycanda satışda olan məhsul Azərbaycan dilində markalanmalıdır” Eyyub Hüseynov: “Bəzi yerli istehsalçılar vətəndaşları aldatmağa cəhd edirlər”

Vitrinlərə qoyulmuş bir çox ərzaq məhsullarının üzərində rus markaları, yaxud rus dilində yazılarla hər gün hamımız qarşılaşırıq. Zahiri görünüşünə görə, bu malların Rusiyada istehsal edildiyi barədə təəssürat yaranır. Məsələn, mağazalarda Azərbaycan istehsalı olan "Plombir", "Belıye noçi", "Lakomka", "Veçerniy bulvar" dondurmaları, "Servelat", "Doktorskaya", "Yubileynaya", "Qovyajya", "Baranya", "Turistskiye kolbaski" və digər kolbasa və sosiska məhsulları doludur. Elə üzərində rus dilində "Squşennoe moloko" yazılan məhsul Kürdəmirdə istehsal olunan qatılaşdırılmış süddür.

Bundan başqa digər içki və şirniyyatlar məhsullarını da görmək mümkündür. Mütəxəssislər buna səbəb kimi, onu göstərirlər ki, Rusiya istehsalı olan ərzaq məhsullarına, kolbasa və sosislərə, dondurmalara, süd məhsullarına və digərlərinə Azərbaycan istehlakçıları tərəfindən daha çox etibar olunur, onları daha keyfiyyətli hesab edirlər. İstehsalçılar da məhz bu baxımdan xarici dildəki yazıları daha diqqətəçarpacaq dərədəcə böyük yazırlar.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev qeyd etdi ki, məhsulların markalanması "Yeyinti məhsulları haqqında" qanunun birinci maddəsində təsbit olunub: "Orada markalanmaya aid tələblər qoyulub. Düzdür, Azərbaycanda istehsal olunan məhsullar Azərbaycan və ya digər dildə yazıla bilər. Ancaq onun Azərbaycanda istehsal olunması barədə mütləq qeyd olunmalıdır. Lakin başqa ölkələrə ixrac üçün nəzərdə tutulan məhsullar var ki, həmin ölkənin tələbi əsasında markalanma aparılır. Bu halda həmin məhsul ölkə daxilində satışda olmalı deyil. Azərbaycanda satışda olan məhsul Azərbaycan dilində markalanmalıdır. Qanunun tələbinə əsasən istehsal tarixi, son istifadə tarixi və s. kimi tələblər üzrə də markalanma aparılmalıdır. Markalanma qaydalarını pozan şəxslər isə inzibati qaydada məsuliyyət daşıyırlar".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, "Yeyinti məhsulları haqqında" qanunda və "İstehlakçıların müdafisəi haqqında" qanunda Azərbaycan əmtəə dövriyyəsində olan malların üzərində xarici dillərlə yanaşı, Azərbaycan dilində də tərcümənin olması göstərilir: "Nazirlər Kabinetinin 94 saylı qərarında da bu göstərilib. Çünki, istehlakçının milli dildə informasiya almaq hüququ var. Lakin xaricdən gələn bəzi malların tərcüməsi olmur. Hətta bəzi yerli istehsalçılar vətəndaşları aldatmağa cəhd edirlər. Sanki, Azərbaycan brendi yaratmaq yox, Azərbaycanı anti-reklam etmək istəyirlər. Məsələn, ayaqqabıların 30%-i, kostyumların 20%-i xarici brend adı altında Azərbaycanda tikilir.

Eyni zamanda ərzaq sektoru da buna qoşulub. Azərbaycanda üzərinə "Kiyev", "Moskva", "Yubileynaya" yazılmış peçenyelər istehsal olunur. Ən geniş yayılmışı isə qanunla qadağan olunan yodlaşdırılmayan duzların Ukrayna nişanı olan "Artyom sol" adı ilə satılmasıdır. Bununla da Ukraynanı imitasiya edərək saxta duzu bazara çıxarmış olurlar. Bunun da özəl səbəbləri var. Məsələn, biznesin hüquqları bəzən istehsalçının hüququndan üstün tutulur. Buna görə də biznes qurumları istehlakçıları aldada bilirlər".

Eyyub Hüseynov əlavə etdi ki, problemlərdən çıxış yolu kimi mükəmməl istehlakçı siyasəti formalaşmalıdır: "Cəmiyyəti insanlar yox, qanunlar idarə edir. İstehlakçı hüququnu qoruyan qanun gücləndirilməldir".

Sizin Reklam Yeriniz