news Image
2016.06.21
10:50
| A A A
Bakıda "Cümə" məscidini partladan şəxs Ali Məhkəməyə şikayət etdi

Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə 2014-cü il noyabrın 26-da Qaraçuxur qəsəbəsindəki "Cümə" məscidində partlayış törətməkdə təqsirli bilinən Namiq Nəsibov və Elnur Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


Movqe.az-ın trend-ə istinadən məlumatına görə, prosesdə Elnur Ələkbərovun apelyasiya şikayəti üzrə ilkin dinləmə olub, hakimlər apelyasiya şikayətinin məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul ediblər. Qərardan narazı qalan Elnur Ələkbərov Ali Məhkəməyə kasasiya şikayəti verib.


İlkin baxış iclasının qərarından kasasiya şikayəti verildiyi üçün apelyasiya instansiyasında proses qeyri-müəyyən müddətə təxirə salınıb.


Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Ələkbərov 15 il müddətinə azadlıqdan məhrum edilib, digər təqsirləndirilən Namiq Nəsibov barəsində isə məcburi müalicə olunması qərarı çıxarılıb. Hökmdən narazı qalan Elnur Ələkbərov apelyasiya şikayəti verib və barəsində bəraət hökmü çıxarılıb.


İttihama görə, 2014-cü il noyabrın 26-da, saat təxminən 02:04 radələrində Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən "Cümə" məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılmaqla orada yanğın törədilib. Faktla bağlı Bakı şəhəri Suraxanı rayon polis idarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi başlanılıb.


İbtidai istintaqın sonrakı gedişatı zamanı baş vermiş cinayət hadisəsində terrorçuluq əlamətləri müəyyən edildiyindən istintaqın davam etdirilməsi Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə həvalə olunub. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşları Namiq Nəsibov və Elnur Ələkbərov saxlanılıblar.


Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında "PKK" terrorçu təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak ediblər. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərov ilə birgə "PKK" terrorçu təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi "Yekbun" təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıb. Namiq Nəsibov və Elnur Ələkbərov İnternetdə sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da ediblər.

Bundan başqa, Namiq Nəsibov və Elnur Ələkbərov qabaqcadan əlbir olan bir qrup şəxs halında İslam dininin "əhli-sünnə" təriqətinə mənsub və dini baxışlarına görə radikal saydıqları şəxslərə qarşı olan nifrətlərini nümayişkaranə şəkildə ifadə etmək, onların arasında qorxu və vahimə yaratmaq məqsədilə, bu cür qəbul etdikləri şəxslərin kütləvi toplaşdığı yerlərdə terrorçuluq aksiyasının törədilməsini planlaşdırıblar.


Bu niyyətlərinin həyata keçirilməsi məqsədilə 2014-cü il noyabrın 25-də axşam saatlarında Namiq Nəsibov və Elnur Ələkbərov izlənməkdən ehtiyat edərək bir neçə taksi dəyişməklə Qaraçuxur qəsəbəsinə gəlib, buradakı "Cümə" məscidində yanğın törətmək məqsədilə ərazidə yerləşən müxtəlif yanacaq doldurma məntəqələrindən 10 litr benzin alıb və həmin oddan təhlükəli mayeni əvvəlcədən əldə etdikləri şüşə butulkalara dolduraraq yandırıcı, partlayıcı vasitə hazırlayıblar.


Bundan sonra Namiq Nəsibov və Elnur Ələkbərov noyabrın 26-da saat təxminən 02:04 radələrində həmin məscidin arxa və ön tərəfdə olan qapılarını sındırıb və yandırıcı maye ilə dolu şüşə butulkalarının fitillərini alışdıraraq içəriyə atmaqla orada yanğın törətmiş və cinayət yerindən qaçıblar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs