news Image
2016.06.21
10:19
| A A A
Gün eynəklərindən göz üçün “sarı nöqtə” xəstəliyi təhlükəsi-Xəbərdarlıq
Oftalmoloq: "Keyfiyyətsiz gün eynəyi taxan insanlar bununla “sarı nöqtə” xəstəliyinin daha da cavanlaşmasına şərait yaratmış olurlar”

Havalar isinəndən günəşə eynək arxasından baxanların da sayı artıb. Kimi gün eynəklərini dəb xatirinə seçir, kimi də gözünün, sağlamlığının qeydinə qalmaq üçün… Amma bəzən özümüz də bilmədən gün eynəklərini alarkən gözümüzü təhlükə ilə üz-üzə qoymuş oluruq. Söhbət ticarət mərkəzlərində, keçidlərdə, bəzən küçədə belə satılan sertifikatsız eynəklərin gözümüzə zərərindən gedir. Elə oftalmoloqlar da gün eynəyi seçərkən bəzi məqamlara diqqət yetirməyin vacib olduğu barədə xəbərdarlıq edirlər. "Celamig" Göz Klinikasının uzman oftalmoloqu Əhməd Abdullayev Movqe.az-a açıqlamasında göz üçün zərərli olan gün eynəklərinin gözümüz üçün ciddi təhlükə olduğunu söyləyib. Həmsöhbətimiz bildirir ki, günəşə keyfiyyətsiz eynək taxaraq çıxmaq, göz üçün  eynəksiz günə çıxmaqdan daha çox fəsad verə bilər: "Eynək seçərkən dəblə yanaşı keyfiyyətə də diqqət yetirmək lazımdır. Hətta mən deyərdim ki, dəbdən daha çox insanlar gün eynəklərini seçərkən gözlərini, sağlamlıqlarını fikirləşməlidirlər. Çox təəssüf ki, bəzən gün eynəyi alarkən bu məsələ arxa plana keçir. İnsanlar çalışır ki, gün eynəyinin daha çox onların sifətinə yaraşanını seçsinlər. Bu zaman da gözlərinə gün eynəyinin necə təsir edəcəyini unudurlar. Bəzən bu haqda fikirləşmirlər. Halbuki, gün eynəyinin təyinatı gözü günəşin ultrabənövşəyi şüalarından qorumaqdır. Gün eynəyi aldıqda da bu məqama mütləq diqqət yetirilməlidir. Gün eynəyinin ultrabənövşəyi şüa filtri olmalıdır. Çox təəssüf ki, hazırda satışda olan bəzi ucuz gün eynəklərində ultrabənövşəyi şüa filtri yoxdur. Belə gün eynəkləri gözü ultrabənövşəyi şüalardan qorumur. Yəni eynək taxmaqla, taxmamağın bir fərqi olmur".

Ə. Abdullayev deyir ki, eynəklər fərqli materiallardan hazırlanır. Əsas olan isə eynəyin materialında ultrabənövşəyi şüa filtrinin olmasıdır. Həmsöhbətimiz bu cür mühafizə qatı olmayan gün eynəklərinin gözlərdə müxtəlif xəstəliklərin meydana çıxmasına bəzi xəstəliklərin yaranmasını tezləşdirdiyini söyləyir. Onun sözlərinə görə,  gözlə birbaşa təmasda olan günəş şüaları gözdə katarakta və görmə mərkəzində "sarı nöqtə"  (makula degenerasiyası)  xəstəliyi kimi görməni pozan xəstəliklərə səbəb olur. Sarı nöqtə xəstəliyi (makula degenerasiyası), mərkəzi görməyə təsir göstərən gözün tor qişasının xəstəliyidir. Bu xəstəliyə 55 yaşdan yuxarı olan insanlarda rast gəlinir. Xəstəliyin inkişafı görmə qabiliyyətinin itməsi ilə nəticələnə bilər. Amma keyfiyyətsiz gün eynəyi taxan insanlar bununla "sarı nöqtə" xəstəliyinin daha da cavanlaşmasına şərait yaratmış olurlar".

Oftalmoloq bunun səbəbini ucuz və keyfiyyətsiz gün eynəklərinin materialının daha tez qızaraq gözə zərər verməsində görür:  "Ucuz və keyfiyyətsiz şüşələrdən, plasmas materiallardan hazırlanan  gün eynəkləri günəş şüasının təsirindən qızır. Və həmin istiliyi gözə ötürürlər. Bu da insanda "sarı nöqtə" xəstəliyinin əmələ gəlməsini sürətləndirir".

Oftalmoloq deyir ki, bu cür gün eynəkləri gözün sulanmasına, qaşınmasına və digər alergik xəstəliklərə də səbəb olur. Həmsöhbətimiz deyir ki, son illər keyfiyyətsiz gün eynəyi üzündən klinikaya gözdə alergik xəstəliklərlə bağlı müraciət edən  xəstələrin sayı artıb: "Həm sayda artım var, həm də gözün alergik xəstəliklərindən şikayətlənənlərin cavanlaşmasında. Bu ondan xəbər verir ki,  satışda keyfiyyətsiz, göz üçün təhlükə yarada bilən eynəklər satılır.  Ona görə də, gün eynəyi alarkən mütləq sertifikatına diqqət yetirmək, gün eynəyinin ultrabənövşəyi filtrinin olub-olmamasına diqqət etmək lazımdır".

Ə. Abdullayev uşaqlara gün eynəyi seçərkən daha çox diqqətli olmağə tövsiyyə edir. Əks halda oftalmoloq bunun uşaqlarda erkən göz xəstəliklərinin meydana çıxması ilə nəticələnmə ehtimalının olduğunu söyləyir: "İnsan orqanizminin ən zərif orqanı olan gözün mühafizəsi üçün istifadə edilən bu eynəklərin necə gəldi satılması isə ciddi təhlükə mənbəyidir. Satışdakı eynəklərin əksəriyyəti plastmasdan hazırlanır. Plastik eynəklər gözə ziyan olan ultrabənövşəyi şüaları tez buraxır. Ona görədə,plastmasdan hazırlanan gün eynəkləri gözə daha mənfi təsir göstərir. Eynək alındığı zaman mütləq keyfiyyət sənədi soruşulmalıdır. Bu keyfiyyət sənədində eynəyin ultrabənövşəyi şüalardan 99 faiz qoruması, yaxud 400 nanometrdən az şüaları keçirmədiyinə dair məlumat olmalıdır. Keyfiyyəti yoxlamağın bir başqa yolu da eynəyi taxdıqdan sonra şaquli bir xəttə baxmaqdır. Bu bir pəncərə kənarı da ola bilər. Eynəyi yüngülcə yuxarı aşağı, sağa-sola hərəkət etdirəndə bu xətdə oynama ya da qırılmalar olursa, o eynək uyğun deyil deməkdir".

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən Movqe.az-a verilən məlumatda bildirilir ki, şüşədən hazırlanan eynəklər daha keyfiyyətli hesab olunur. Gün eynəkləri əsasən ultrabənövşəyi şüaları udan хüsusi materialdan hazırlanmalıdır: "Eynək gözə düşməyəndə ilkin əlamətlər gözün qızarması, sulanması, quruması kimi mənfi əlamətlərlə özünü biruzə verir. Nəticədə gözə ağırlıq düşür. Eynəyin rəngi tünd olanda isə göz bəbəyi genəlir və gözün dibinə düşən işıq sahəsi artır. Bu da gözün qıçıqlanmasına, iltihaba səbəb olur. Sonrakı prosesdə göz billuru bulanır və görmə zəifləyir. Yaşa dolduqca keyfiyyətsiz gün eynəklərinin fəsadları daha qabarıq üzə çıxır və görmə üçün problemlər yaradır. Ona görə də  eynəklərin ixtisaslaşmış mağazalardan alınması daha məsləhətlidir. Əgər qeyd olunan problemlərlə rastlaşmaq istəmirsinizsə küçədə, antisanitar şəraitdə satılan, mənşəyi məlum olmayan eynəkləri almayın.

Eynək alarkən mütləq onun keyfiyyət sənədinə və etiketinə diqqət yetirin. Nəzərə alın ki, gün eynəklərinin etiketində ultrabənövşəyi şüaların hansı qisminin buraхılmaması göstərilməlidir. Eynəyin təlimatında linzanın günəş şüalarını hansı dərəcədə - zəif, orta və ya güclü udduğu da qeyd olunmalıdır. Eynək alarkən birinci növbədə onun rənginə və  çəkisinə fikir verin.  Eynəklər nə tünd, nə də açıq rəngdə, yüngül, rahat və göz çuxuruna uyğun olmalıdır. O həmçinin qoruyucu xüsusiyyətinə malik, gün şüalarını qıran, gözü qamaşdırmayan, gözləri rahatladan və  onlara istirahət verən olmalıdır. Eynəyin şüşəsi cızıldığı zaman, o, öz keyfiyyətini itirir. Belə ki, cızılmış yerlərdən ultra-bənovşəyi şüalar gözə təsir edir. Buna görə eynək alarkən buna diqqət edin və cızılmış eynəkdən istifadə etməyin. Eynəyin keyfiyyəli olub-olmamasını müəyyən etmək xeyli çətindir. Amma qeyd olunanlarla yanaşı bəzi xüsusiyyətlərinə görə bunu təyin edə bilərsiniz. Məsələn, qəhvə rəngli eynək geyinmisinizsə və əgər eynək keyfiyyəlidirsə, onda siz ətrafda olan əşyaları öz rənglərində görəcəksiniz. Amma əgər eynək keyfiyyətsizdirsə, onda siz ətrafda olan əşyaları qəhvəyi rəngdə görəcəksiniz. Keyfiyyəti yoxlamağın bir başqa yolu da eynəyi taxdıqdan sonra şaquli bir xəttə baxmaqdır. Bu bir pəncərə kənarı da ola bilər. Eynəyi yüngülcə yuxarı aşağı, sağa sola hərəkət etdirəndə bu xəttdə oynama və ya qırılmalar olursa onda bu həmin  eynəyin keyfiyyətində müəyyən problemlərin olduğunu deməyə əsas verir".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs