Əlaqə Arxiv
news Image
2016.06.22
07:00
| A A A
Zibilliyə çevrilən çimərliklər
Ziyəddin Kazımov: “Çimərliklərdə təmizlik işlərinə həmin çimərliklərin yerləşdiyi icra hakimiyyətləri baxır” Eyyub Hüseynov: “Oxşar problemə tək pulsuz çimərliklərdən rast gəlinmir”

İyunun 21-də planetin Şimal yarımkürəsində, o cümlədən də Azərbaycanda yay fəsli başlayıb. Yəni, çimərlik mövsümü də başlayır. Artıq çimərlikdən istifadə edənlər var. Amma yenə də pulsuz çimərliklərimizdə ötən illərin mənzərəsi qalmaqdadır. Yəni, ödənişsiz çimərliklərdə anti-sanitar vəziyyət müşahidə edilir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov "Mövqe"yə bildirdi ki, biz çimərliklərdə tapılan nöqsanlar, suyun tərkibi haqqında ümumiləşdirilişmiş məlumatları artıq Bakı Şəhər İcra Hakimiyyətinə təqdim etmişik: "Bizim tərəfimizdən suyun kimyəvi, bakterioloji, toksoloji və radioloji analizlər aparılıb. Rayon bölmələrimiz də sahil zolaqlarının anti-sanitar vəziyyəti ilə əlaqədar rayon icra hakimiyyətlərinə məlumatlar verilib. Çimərliklərdə təmizlik işlərinə həmin çimərliklərin yerləşdiyi icra hakimiyyətləri baxır".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, burada ilk növbədə ən böyük məsuliyyət vətəndaşların üzərinə düşür: "Ümumiyyətlə, bəzi vətəndaşların bu sahədə mədəniyyəti aşağıdır. Bu, ictimai mədəniyyətə bağlı olan məsələdir. Yəni, ilk növbədə insanların özləri təmizliyə riayət etməlidirlər.

Eyni zamanda istehlakçılar bu istiqamətdə aidiyyatı qurumlar və ya ictimai birliklər, KİV tərəfindən maarifləndirilməlidir. Çünki, oxşar problemə tək pulsuz çimərliklərdən rast gəlinmir. Bəzən pullu çimərliklərin də zibillənməsi müşahidə olunur. İstehlakçı mədəniyyətdən başqa, orada zibilləri yığışdırmaq üçün xidmətçilər də olmalıdır. Bundan başqa, çimərliklərdə bəzən zibil atmaq üçün yerlər də təyin olunmur. Yəni, təchizat işləri təmin edilməlidir".

Eyyub Hüseynov əlavə etdi ki, pulsuz çimərliklərin təmizliyi ilə bələdiyyələr məşğul olmalıdırlar: "Nəzərə alaq ki, natəmizlik turizmin inkişafına birbaşa mənfi təsir göstərən amildir. Antisanitar vəziyyət turisti həmin ərazidən uzaqlaşdırır. Lakin təmizliyi qorumaq məqsədi ilə oturcaq yerləri pullu ola bilər. Bir şərtlə ki, xidmət olmalıdır. Amma bütövlükdə çimərliyə giriş pullu ola bilməz. Elə həmin ərzilərin qısa müddətə icarəyə verilməsi təcrübəsi də var. Uyğun qiymətə xidmət göstərilir. Bunda başqa ictimai təşkilatlar da orada işlər, xüsusən də təbliğat aparmalıdılar".

Sizin Reklam Yeriniz