Əlaqə Arxiv
news Image
2016.06.22
17:40
| A A A
Dörd instituta direktor seçildi

AMEA Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) elmi müəssisələrində - Molekulyar Biologiya və Biotexnologiya, Zoologiya, Genetik Ehtiyatlar və Torpaqşünaslıq və Aqrokimya institutlarında direktor vəzifəsini tutmaq üçün seçkilər keçirilib.


Akademiyadan Movqe.az-a  verilən məlumata görə, gizli səsvermə yolu ilə akademik İradə Hüseynova Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Genetik Ehtiyatlar İnstitutu, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elman Yusifov Zoologiya İnstitutu, aqrar elmlər üzrə elmlər doktoru, professor Əlövsət Quliyev isə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə seçilib.


Seçkilər "AMEA-nın elmi-tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə haqqında Əsasnamə" və "AMEA-nın elmi-tədqiqat institutunun və ona bərabər statuslu elmi müəssisənin rəhbəri vəzifəsinə seçkinin keçirilməsi Qaydaları"na uyğun təşkil olunub.


Bölmənin elmi tədqiqat müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, bölmənin bürosu və elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülür. Əvvəlcə direktor vəzifəsinə seçkilərin keçirilməsi haqqında elan mətbuatda dərc olunur, bir ay müddətində sənədlər qəbul edilir. Daha sonra bölmədə gizli səsvermə yolu ilə seçkilər aparılır. Seçilən namizədlər AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq olunur.

Sizin Reklam Yeriniz