Əlaqə Arxiv
news Image
2016.06.23
08:00
| A A A
Şagirdlər üçün tətil düşərgələrinin yaradılması zərurətə çevrilir
Nadir İsrafilov: “Uşaqlar həmin düşərgəyə düşə bilmələri üçün təhsildə maraqlı olurdular”

Şagirdlər növbəti yay tətilindədirlər. Onlar bu tətillərini müxtəlif cür keçirməyə üstünlük verirlər. Halbuki, əvvəllər məktəblilərin yay tətili daha səmərəli təşkil olunurdu. Əksər məktəblər tətil düşərgələri təşkil edirdilər. İndi isə həmin düşrəgələrdən əsər-əlamət yoxdur.

Mütəxəssislər isə düşərgələrin yenidən bərpasını təklif edirlər. Yay düşərgələrinin uşaqların istirahəti ilə yanaşı, onların inkişafında da xüsusi əhəmiyyətinin olduğunu bildirirlər. Bir vaxtlar "Qaqarin" adına fəaliyyət göstərmiş pioner düşərgəsinin sədri Nadir İsrafilov bildirdi ki, məktəb, təlim-tərbiyə ocağıdır: "Məktəbdə bilik, bacarıq, vərdişlə yanaşı, uşaqların asudə vaxtı da var. Ona görə də sovet dönəmində uşaqların yay istirahətinə ciddi diqqət yetirilirdi. Azərbaycanın ən səfalı ərazilərində pioner düşərgələri olardı. Həmin düşərgələr xüsusi tərbiyəçilər, dəstə rəhbərləri, tibbi personalla təmin olunurdu. Onların vaxtında qidalanması, məşğuliyyəti, əyləncəsi təşkil olunurdu. Orada xüsusi tərbiyəvi işlər aparılırdı.

Uşaqlar qayıdandan sonra orada gördükləri, öyrəndikləri haqqında yazılar yazırdılar. Hər rayonun təhsil şöbəsinin özünün Azərbaycanın səfalı yerlərində xüsusi düşərgələri var idi. Hətta imkansızlar üçün də elə məktəbi daxilində yay düşərgələri təşkil edilirdi. Bundan başqa Azərbaycanın ən yaxşı şagirdləri üçün Krımda ümumittifaq düşərgəsi fəaliyyət göstərirdi. Uşaqlar da həmin düşərgəyə düşə bilmələri üçün təhsildə maraqlı olurdular. Lakin sonradan pioner sözünə birmənalı yanaşılmadı. Sanki o, imperializmin qalığı kimi göründü və düşərgələr ləğv edildi. Halbuki pioner sözü "ilkin", "qaranquş" mənasını daşıyır. Ancaq son dövrlər yay düşərgələri yenidən gündəmə gəlib. Zaman-zaman bununla bağlı məsələlər qaldırılır.

Ali təhsil ocaqları üçün demək olar ki, bu məsələ həll olunub. Universitetlərin özlərinin ayır-ayrı bölgələrdə yay istirahət mərkəzləri var. Orta məktəblərin isə hələlik yoxdur. Bununla bağlı bir zamanlar həmkarlar konfederasiyası məsələ qaldırdı. İndi də Mədəniyyət və Turizm Nazirliyi belə bir məsələ qaldırıb. Ancaq hələlik ortada bir mexanizmi yoxdur, təşəbbüs kimi qalır. Hətta bu işin özəl şirkətlərə həvalə edilməsi təklif olunur. Lakin özəl şirkətlərinin bunu nə dərəcədə həyata keçirə biləcəyi sual doğurur".

Mütəxəssisin fikrincə, bütün hallarda məktəbləlilərin yay düşərgəsi vacib məsələdir: "Sovet dövründə bu, dövlət hesabına təşkil olunurdu. Hətta rayonlarda iri təsərrüfatların özlərinin düşərgəsi var idi. Təşkilatın Həmkarlar İttifaqının hesabına onların uşaqları istirahət edirdilər. Kapitalizmə keçidlə bu məsələ də ləngidi. İndi düşərgələrin yaradılmasının özəl şirkətlərə verilməsi təklif olunur. Ancaq indi bunu kim edəcəksə, fərqi yoxdur, dövlətin mütləq dəstəyi və nəzarəti olmalıdır. Çünki, bir müddət əvvəl ayrı-ayrı məktəblər uşaqlarını avtobusla harasa istirahətə apardılar. Ancaq bu formada, pərakəndə şəkildə olmalı deyil. Dövlət səviyyəsində müəyyən proqram hazırlanmalıdır.

Təlim, tərbiyənin, təhsilin keyfiyyətinin aşağı düşməsinin səbəblərindən biri də məhz pioner düşərgələrinin ləğv olunmasıdır. Çünki, istirahət, yüksək əhval-ruhiyyə təhsilin keyfiyyətinə müsbət təsir göstərir. Eyni zamanda bu, bir növ hərbi xidmətə hazrlığın ibtidai forması idi. Uşaqların yuxudan durması, yatması, qidalanması rejimlə tənzimlənirdi. Yəni, düşərgələr bütün tərbiyə aspektlərindən əhəmiyyətli idi. Əslində, bu işdə mətbuatın da üzərinə məsuliyyət düşür. Gərək tez-tez gündəmə gətirilsin. Hər il müəyyən təşkilatlar ali məktəblərin reytinqlərini tərtib edirlər. Həmin siyahıya düşən ali məktəblərin hamısı kampus şəraitndədirlər. Yəni, hər bir ali təhsil ocağının özünün şəhərciyi var. Tələbə üçün nə lazımdırsa, onu şəhərciyin daxilində tapır. Bizim tələbələr isə kirayə ev, kitabxana axtarır. Onun vaxtı yola getməməlidir. Söhbət təkcə təhsildən getmir. Düşərgələr uşaqları həm də tərbiyələndirir".

Sizin Reklam Yeriniz