Əlaqə Arxiv
news Image
2016.06.23
09:00
| A A A
Büdcəyə çatmayan pullar...
Şahin Məmmədov: “Fərdi xidmətlər təqdim edən və bu tip kiçik sahibkarlıq fəaliyyəti göstərən şəxslər də digər vergi ödəyiciləri kimi qanunvericiliklə müəyyən edilmiş vergilərin ödəyiciləridir” Ellada Bayramova: “İşəgötürən ilə işçi arasında əmək müqaviləsi bağlanılmır və nəticədə vergi ödənilmir”

Ölkəmizdə məşğul əhalinin sayı təxminən 5 milyona yaxındır. Onlardan yalnız 1 milyondan çoxu muzdla işləyənlərdir, yəni bu qədər vətəndaşın işəgötürənlə əmək müqaviləsi var. Məşğul əhalinin müəyyən qismi hələ də əmək müqaviləsiz fəaliyyətiz göstərirlər. Onların da arasında fərdi əmək fəaliyyəti ilə məşğul olan və müxtəlif xidmətlər göstərən vətəndaşların daha çox payı var. Ölkəmizdə dayələr, fərdi sürücülər, bağbanlar, mühafizəçilər və s. kimi qrupa daxil olan belə işçilərin sayı heç də az deyil. Mütəxəssislər bu şəxslərlə əmək müqaviləsinin bağlanmamasında əsas səbəb kimi qanunvercilikdəki boşluğu göstərirlər.

Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov "Mövqe"yə bildirdi ki, fərdi xidmətlər göstərən şəxslər də digər gəlir əldə edənlər kimi vergi ödəyiciləridir: "Fərdi xidmətlər göstərməklə məşğul olan şəxslərin vergiləri ödəmə qaydalarının sadələşdirilməsi istiqamətində hüquqi akt layihələri hazırlanır. Son zamanlar fərdi qaydada foto, audio-video xidmətləri sahəsində fəaliyyət, repetitorluq fəaliyyəti, musiqi fəaliyyəti, bərbər və gözəllik salonları, ev qulluqçusu, xəstələrə, uşaqlara və qocalara qulluq xidməti, fərdi sürücülük, ev təsərrüfatında təmizlik işləri və bağban, fərdi peşələr üzrə hazırlıq kursları, tərcümə, cildləmə, ayaqqabıların, paltarların, trikotaj və gön-dəri məmulatlarının təmiri, mebellərin, saatların, televizor, soyuducu və digər məişət cihazlarının təmiri xidmətləri göstərən şəxslərin vergiləri necə ödəmələri barədə Vergilər Nazirliyinə suallar ünvanlanır.

Fərdi xidmətlər təqdim edən və bu tip kiçik sahibkarlıq fəaliyyəti göstərən şəxslər də digər vergi ödəyiciləri kimi qanunvericiliklə müəyyən edilmiş vergilərin ödəyiciləridir. Belə şəxslər fərdi sahibkarlıqla məşğul olur və buna görə də vergi orqanında qeydiyyata alınmaqla bu fəaliyyətdən əldə etdiyi gəlirdən seçdiyi vergitutma metodundan asılı olaraq (sadələşdirilmiş vergi və ya gəlir vergisi) müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Bunun üçün isə onlar hər şeydən əvvəl Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada vergi orqanlarında uçota alınmalıdırlar. Vergi ödəyicisi ərizə ilə müraciət etdikdə ona 2 günü müddətində (elektron formada uçota alınmaq üçün ərizə verildikdə dərhal) vergi orqanında qeydiyyata alınmasını təsdiq edən müvafiq şəhadətnamə verilir. Sadələşdirilmiş vergitutma metdonu seçən fərdi sahibkar göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirin (hasilatın) həcmindən (hər hansı xərc çıxılmadan) Bakı şəhərində 4 faiz, respublikanın digər regionlarında 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyir. Gəlir vergisinin ödəyicisi kimi uçota alınan fərdi sahibkarlar isəgöstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirdən bu gəlirin əldə olunması ilə bağlı xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər çıxıldıqdan sonra qalan fərqdən (gəlirdən) 20 faiz dərəcə ilə gəlir vergisi ödəyir".

Şahin Məmmədov əlavə etdi ki, son vaxtlar fərdi sahibkarlıqla məşğul olan şəxslərin vergi öhdəliklərinin sadələşdirilməsi və patent sisteminin tətbiqi ilə bağlı vergi qanunvericiliyinə dəyişikliklərin edilməsi istiqamətində təkliflər geniş müzakirə olunur: "Bu təkliflər əsasən fərdi sahibkarlıqla məşğul olan şəxsləri (foto, audio-video xidmətləri, repetitorluq, musiqi fəaliyyəti, bərbər və gözəllik salonları, ev qulluqçusu, xəstələrə, uşaqlara və qocalara qulluq xidməti, fərdi sürücülük,fərdi mühafizə, fərdi peşələr üzrə hazırlıq kursları, tərcümə və s.) və bu sahədə fəaliyyət göstərən kiçik sahibkarlıq subyektlərini əhatə edir. Sözügedən müzakirələrdə belə fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada vergi uçotuna alındıqdan sonra müəyyən edilmiş aylıq sabit vergini qabaqcadan ödəməklə vergi orqanlarından müvafiq sənəd alması və bu fəaliyyətlə məşğul ola bilməsi, bu zaman əldə etdikləri gəlirlərə görə vergi orqanına bəyannamə təqdim etməyəcəkləri nəzərdə tutulur".

Nazirlik rəsmisi onu da qeyd etdi ki, sabit verginin tətbiqi praktikası hazırda qüvvədə olan Vergi Məcəlləsində də mövcuddur: "Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxslərə münasibətdə sabit vergi sistemi nəzərdə tutulur. Həmin şəxslər Vergi Məcəlləsinin 220-ci və 221-ci maddələri ilə müəyyən edilmiş sadələşdirilmiş vergini sabit vergi şəklində ödəyir və bu zaman istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün "Fərqlənmə nişanı" alırlar. Sadaləşdirilmiş vergi sabit məbləğlərlə sərnişindaşıma fəaliyyəti üzrə oturacaq yerlərinin sayına görə, taksi ilə sərnişin daşınmasında 1 ədəd nəqliyyat vasitəsinə görə, yük daşıma fəaliyyəti üzrə isə yükgötürmə qabiliyyətinə görə müəyyənləşir. Ümumiyyətlə, belə bir fikir var ki, mövcud praktikanın tətbiqi sahəsi bir qədər genişləndirilə bilər. Lakin bu məsələlər hələlik layihə kimi müzakirə predmetidir və hazırki halda, fərdi xidmətlər göstərən şəxslər digər sahibkarlıqla məşğul olan və gəlir əldə edən şəxslər kimi vergi ödəyiciləri hesab edilir və ümumi qaydada vergi öhdəliyi daşıyırlar.Vergilər Nazirliyi bildirir ki, lüzumsuz cərimələr və sanksiyalarla üzləşməmək üçün fərdi qaydada xidmətlər göstərən şəxslər vergi uçotuna durmalı və vergi öhdəliklərini yerinə yetirməlidirlər".

Hüquqşünas Ellada Bayramova isə problemin yaranma səbəblərinə və çıxış yollarına toxundu: "Əslində, onlar xaricdə mötəbər peşələr hesab olunur. Bizdə sanki həmin peşələrə yuxarıdan aşağı baxırlar. Həmin peşələrin leqallaşdırılması istiqamətində fundamental işlər aparılmalıdır. Çünki, şəxs əmək sərf edir. Belə hallar qanunvercilikdə mövcud boşluqlardan əmələ gəlir.

Ən birincisi, ikili mühasibatlıqdan yaranan problemdir. Yəni, işəgötürən ilə işçi arasında əmək müqaviləsi bağlanılmır və nəticədə vergi ödənilmir. İşə götürənlər gəlirlərinə ziyan vurmamaq üçün bunu edirlər. Səbəblərdən biri də vətəndaşların hüquqi biliklərinin az olmasıdır. Ona görə də bu istiqamətdə mütəmadi maarifləndirmə işləri aparılmalıdır. Burada həmkarlar ittifaqının üzərinə də böyük məsuliyyət düşür. Lakin bu gün həmkarlar ittifaqının özü fəaliyyətsizdir".

Hüquqşünasın fikrincə, ödənilən sosial vergilərin məbləği azaldılmalıdır: "Bu zaman işə götürənin özü də əmək müqaviləsinin bağlanmasında maraqlı olacaq".

Sizin Reklam Yeriniz