Əlaqə Arxiv
news Image
2016.06.23
13:54
| A A A
CASCFEN-dən müəllim və şagirdlər üçün seminar – Video

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) "Müxtəlif kateqoriyadan olan qruplar üçün onlayn ifadə azadlığı mədəniyyəti seminarları" layihəsi çərçivəsində növbəti tədbirini Bakıdakı 5 saylı məktəbdə keçirib. "Müəllimlər və yuxarı sinif şagirdləri üçün onlayn ifadə azadlığı mədəniyyəti" mövzusunda seminara 27 nəfər müəllim və şagird qatılıb.


Qurumdan verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla baş tutan seminarda şəbəkə istifadəçilərinin davranış qaydaları, onların pozulması zamanı meydana gələcək məsuliyyət müzakirə edilib.


Tədbirin açılışında çıxış edən CASCFEN sədri Azər Həsrət layihə haqqında qısa bilgi verdikdən sonra məktəbin direktoru Nərminə Gündüzlü iştirakçıları salamlayıb, onlara işlərində uğurlar arzu edib.


Bunun ardınca Azər Həsrət Nərminə Gündüzlüyə layihəyə verdiyi dəstəyə görə, CASCFEN-in diplomunu təqdim edib.


Daha sonra layihənin eksperti, Bakı Slavyan Universitetinin baş müəllimi Dr. Nüşabə Hüseynli onlayn mühitdə davranış qaydaları haqqında geniş çıxış edib. O, özəlliklə də müəllim və şagirdlərin bu mühitdə davranışlarının ayrı-ayrı məqamlarına toxunub. Çıxışçı qeyd edib ki, Azərbaycanda sözü gedən sahə üzrə dövlətin yaratdığı imkanlardan səmərəli şəkildə istifadə edilməlidir. Özəlliklə də şagirdlərin bu məsələlərdə diqqətli olması vacibdir.


Növbəti ekspert, CASCFEN nəzarət-təftiş komissiyasının sədri Sevda Əsgərova iştirakçılara "netizen" və "netiket" istilahlarını izah edib. Bundan sonra o, netiketin 10 qızıl qaydası haqqında geniş izah verib.


İştirakçıların da fəallığıyla seçilən seminarın sonunda sertifikatlar təqdim edilib, xatirə şəkli çəkdirilib.


Sizin Reklam Yeriniz