news Image
2016.06.24
09:00
| A A A
Quraqlıq təhlükəsi yenidən qayıdır?!
Gülşad Məmmədova: “İyul və avqust aylarında havanın temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə isə iqlim normasından bir qədər yüksək olacağı proqnozlaşdırılır” Telman Zeynalov: “Hər 50 ildən bir bu hadisə təkrarlanır”

İntensiv yağışları indi də dəhşətli istilər əvəz etməyə başlayıb. Bir sıra ekspertlər bu il də son iki ildə müşahidə edilən quraqlığın təkrarlanacağını deyirlər. Onu da qeyd edək ki, əksər iqlim araşdırma mərkəzləri bu ilin tarixdə ən isti il olacağını açıqlayıblar.

Böyük Britaniyalı alimlərin fikrincə, planetimizdə orta temperatur rejiminin artımı parnik qazlarının atmosferə hər il daha çox buraxılması ilə bağlıdır. İngilis alimlər güman edirlər ki, 2016-cı ildə temperatur maksimumlarında bütün köhnə rekordlar yenilənəcək. Lakin indiki yay barədə tam əksini düşünənlər də var.

Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Mövqe"yə bildirdi ki, artıq bir neçə gündür ölkə ərazisində mülayim, gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunmaqdadır: "Lakin bölgələrimizdə gecə və axşam saatlarında, əsasən də şimal və qərb rayonlarında şimşək çaxması və yağış yağması müşahidə edilir. Bəzi bölgələrdə isə yağış leysan xarakterli və intensivdir. Lakin yaxın iki gün ərzində ölkə ərazisində hava şəraitinin mülayim olacağı və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bölgələrdə şərq küləyi əsəcək. İyun ayının 25 və 26-da isə şərq küləyi qərb küləyi ilə əvəz olunacaq. Qərb küləyinin ara-bir gücləməsi müşahidə olunacaq. Eləcə də paytaxt ərazisində yaxın iki gün ərzində azbuludlu, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Şimal-qərb küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu isə yaxın iki gün ərzində 30-35 dərəcə arasında dəyişəcək. Eləcə də bölgələrimizdə yaxın iki-üç gün ərzində havanın temperaturu 34-39, dağlıq ərazilərdə isə 22-27 dərəcə arasında dəyişəcək".

Gülşad Məmmədova əlavə etdi ki, artıq yay ayına qədəm qoymuşuq: "İyul və avqust ayları yayın ən isti aylarından hesab olunur. Ancaq həmin günlərdə havanın temperaturu iqlim normasına yaxın, bəzi günlərdə isə iqlim normasından bir qədər yüksək olacağı proqnozlaşdırılır".

Ekoloq Telman Zeynalovun sözlərinə görə isə bu il quraqlıq olmayacaq: "Əksinə, rütubət çox olacaq. Elə hazırda da havada həddən artıq rütubət var. Nəzərə alaq ki, bu il yağıntıların miqdarı çox olub. Xüsusən də qışda dağətəyi ərazilərdə qar çoxlu düşdü. Eyni zamanda fevral ayından iyun ayının ortalarına qədər yağıntılar olub. Bu baxımdan havalar rütubətli olacaq. Yəni, bu il quraqlıq gözlənilmir. Lakin rütubətli hava ilə yanaşı, havanın isti keçməsi insan səhhətinə mənfi təsir edə bilər".

Ekoloqun sözlərinə görə, burada qeyri-adi təbiət hadisəsi yoxdur: "Çünki, hər 50 ildən bir bu hadisə təkrarlanır. Təbiətin qanunauyğunluğu budur".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs