news Image
2016.06.24
15:00
| A A A
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 15 fərdi ev tikilir (FOTO)

Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Balakən rayonu Gənclər Mərkəzində bu rayonun və Şəki, Zaqatala, Qax, Oğuz, Qəbələ rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, vətəndaşlar əsasən məşğulluğun təminatı, imtiyazlı şəxslərin nazirlik tərəfindən mənzillə təmin olunması, əmək hüquqlarının təmin edilməsi, əmək pensiyası hüququnun müəyyən olunması, bərpa müalicəsinə köməklik göstərilməsi və s. məsələlərlə əlaqədar müraciət ediblər. Hər bir müraciətə diqqət və həssaslıqla yanaşılıb və nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılması təmin edilib.


Ayrı-ayrı imtiyazlı vətəndaşların onlar üçün fərdi mənzil inşa etdirilməsi ilə bağlı müraciətlərini cavablandıran S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin 20 iyun 2014-cü il tarixli Sərəncamı ilə bu istiqamətdə məqsədyönlü işlərin aparıldığını diqqətə çatdırıb.


Nazir növbəlilik əsasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təmin edilməsi işlərinin davam etdiriləcəyini bildirib: "Ötən il və cari ilin keçən dövründə artıq 484 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinə mənzil təqdim olunub. Ümumilikdə indiyədək nazirlik 5435 nəfər əlil və şəhid ailəsini mənzillə təmin edib. Bu sahədə işləri hazırda sakinlərini qəbul etdiyimiz rayonlarda da davam etdiririk. Məsələn, son bir neçə ayda Oğuz, Şəki, Zaqatala, Balakən rayonlarında 22 ədəd fərdi yaşayış evi bu təbəqələrdən olanların istifadəsinə verilib. Hazırda Balakən, Şəki, Zaqatala, Qax, Qəbələ rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün daha 15 fərdi evin inşası işləri aparılır. Onların əksəriyyətində artıq tikinti işləri tamamlanır və yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur".


Nazirin tapşırığına uyğun olaraq, müraciətləri əsasında ayrı-ayrı şəxslər nazirliyin müvafiq müəssisələrində bərpa müalicəsinə qəbul edilmələri üçün qeydiyyata alınıblar: "Bir qrup şəxsə ixtisas və peşə bacarıqları nəzərə alınmaqla məşğulluqlarının təmin olunması üçün yaşadıqları rayonlar üzrə vakant iş yerləri təklif edilib və onlara seçimlərinə uyğun şəkildə münasib iş yerlərinə göndərişlər təqdim olunub. Möhtərəm dövlət başçımızın tapşırığına uyğun olaraq, işəgötürənlərlə sıx əməkdaşlıqda işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı istiqamətində məqsədyönlü işlər bu bölgəni də əhatə edir. Cari ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanlarının xətti ilə Balakən, Şəki, Zaqatala, Qax, Oğuz, Qəbələ rayonları üzrə ümumilikdə 3057 nəfərin münasib işlərlə təminatı həyata keçirilib, habelə bu rayonlar üzrə 139 nəfərin peşə hazırlığına cəlb edilməsi təmin olunub".


Müraciətlərdə qaldırılan digər məsələlərin həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verən S.Müslümov nazirliyin əhali üçün bütün aktual xidmət sahələrinin elektronlaşdırıldığını bildirib: "İndi həmin sahələr üzrə dövlət xidmətlərindən faydalanmaq istəyənlər bunun üçün hansısa məmura müraciət etmir, sadəcə elektron xidmətlərimizdən yararlanırlar. Bu e-xidmətlərə cəmiyyətdə maraq da böyükdür. Təsadüfi deyil ki, təkcə bu ilin beş ayı ərzində əhali nazirliyin e-xidmətlərindən 2,7 milyon dəfəyə yaxın yararlanıb".


Qəbul zamanı vətəndaşlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, habelə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatına göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.


Vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətləri aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs