Əlaqə Arxiv
news Image
2016.06.25
09:00
| A A A
İstifadəsiz qalan kitabxanalar
Aydın Xan Əbilov: “Elektronlaşma, sosial şəbəkələrin inkişafı insanları kağız kitablardan uzaq salıb” Oktay Hacımusalı: “Həmin kitabxaların ləğvi o mənada yaxşıdır ki, dövlət izafi yükdən xilas olur”

Son illər Azərbaycanda kitaba marağın azaldığı tez-tez təkrarlanır. Məsələn, ötən 5 il ərzində ölkə üzrə mövcud 3 min 600 kitabxanadan 800-ü ləğv edilib. Digər kitabxanalara isə müraciət azdır. Bunun əsas səbəbi kimi internetin geniş yayılması, elektron kitabları əldə etməyin daha asan olduğu göstərilir.

"Kitabxana.Net" milli virtual kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirdi ki, elektronlaşma bütün dünyada gedən prosesdir: "Kitabxananın saxlanılması böyük xərclərdənsə, kiçik xərclərlə elekton kitabxana formasında daha asan və ucuz başa gəlir. Eyni zamanda daha əlçatandır. Lakin burada digər problemlər də var. Azərbaycanda kitabların virtuallaşması hələlik ilkin mərhələdədir.

İndiyə qədər çap olunmuş kitabların yalnız 40%-ə qədəri elektronlaşdırılıb. Yəni, kitabxanaların ləğvini elektronlaşdırma ilə əlaqələndirmək tam da düzgün olmazdı. Ümumiyyətlə, elektronlaşma, sosial şəbəkələrin inkişafı insanları kağız kitablardan uzaq salıb. Bu da ona gətirib çıxardıb ki, kitabxanalar kütləvi şəkildə ləğv edildi. Artıq ölkəmizdə ənənəvi kitabxanaların üçdə biri yoxdur. Amma proses baş verib. Yəqin ki, onun əvəzində elektronlaşmaya fikir verməliyik. Elektron kitabxanaların yaradılması ilə bağlı xüsusi dövlət proqramı olsa da, bunun Qərb ölkələrindəki kimi inkişafını görmürük. Belə bir şəraitdə isə ənənəvi kitabxanaların kütləvi ləğvi normal hal deyil. Bunun mənfi təzahürləri də var. Abituriyentlərin əksəriyyəti ana dilində zəif biliyə sahibdilər".

Yazıçının fikrincə, ənənəvi kitabların ləğvi indiki halda qorxulu haldır: "İlkin vaxtlarda ənənvi kitablarla elektron kitablar yanaşı olmalıdırlar. Düzdür, ənənəvi kitabların ləğvi zamanın tələbidir. Lakin elektron kitabları inkişaf edirmədən ənənəvi kitabların ləğvi təhdid yaradır".


Yazıçı, publisist Oktay Hacımusalı hesab edir ki, bu, tələb-təklifdən irəli gələn amildir: "Kitabxana varsa, ancaq ora gedən yoxdursa, dövlətdən maliyyələşdiyi üçün dövlətə yük hesab olunur. Həmin kitabxaların ləğvi o mənada yaxşıdır ki, dövlət izafi yükdən xilas olur. Düzdür, keçmiş nəsil kitabxana mühiti görüb. Amma tarixi şəraiti də dəyərləndirmək lazımdır. Ola bilər, əvvəllər kağız kitablara üstünlük verilsin. Bu gün isə elektronlaşma var. Artıq internet vasitəsi ilə dünyanın istənilən kitbxanasına daxil olmaq mümkündür. Yəni, harasa getməyə ehtiyac qalmır".

Yazıçının fikrincə, əgər kitabxana sökülüb yerində kababxana tikiləcəksə, bu, təhdid yaradacaq: "Yox, əgər kitabxana sökülüb yerində onun fəaliyyətini davam etdirəcək hansısa bir obyekt yaradılacaqsa, heç bir təhlükə yoxdur. Əslində isə, ənənəvi kitabxanaların yerinə elektron kitabxanaların formalaşdırılması daha məqsədəuyğundur. Yəni, kitab evləri müasirləşdirilməlidir. Nəzərə alaq ki, hər il kitabxanaçılıq fakültəsini xeyli sayda tələbə bitirir. Hansı ki, onlar da yeni nəsildirlər. İnformasiya-texnologiya ssiteminə daha yaxşı bələddirlər. Ancaq onların böyük əksəriyyəti sırf kitabxana sahəsində çalışmırlar. Kitabxanalar elektronlaşdırılsa, gənclərin özləri orada işləməkdə maraqlı olacaq. Gənclərə müəyyən imtiyazlar yaradılsa, bu sahə müəyyən perspektiv vəd etsə, kitabxanaların bağlanmasını təhdid hesab etmək olmaz".

Sizin Reklam Yeriniz