Əlaqə Arxiv
news Image
2016.06.30
11:14
| A A A
`9 mindən çox uşaq dövlət himayəsində yaşayır` - Nazir

`Respublikamızda dövlət uşaq müəssisələrində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 9,8 mindən çox uşaq dövlət himayəsində yaşayır`. Movqe.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Azərbaycan Respublikasında sosial inteqrasiya" adlı məqaləsində vurğulayıb. Onun sözlərinə görə, ötən ilə qədər həmin müəssisələri tərk etmiş məzunların müvafiq yaşayış yeri ilə təminatında bir sıra problemlər var idi. Bu məqsədlə Abşeron rayonunun Masazır qəsəbəsində 13 mərtəbəli, 120 mənzilli "Məzun evi" inşa edilərək həmin kateqoriyadan olan gənclərin istifadəsinə verildi. Sonrakı mərhələdə isə əlavə olaraq hər biri 120 mənzilli daha 2 yaşayış binasının tikintisi nəzərdə tutulub. Nazir bildirib ki, məzunlar burada yaşayış sahəsi, lazımi məişət avadanlıqları, inventar, kommunal xidmətlərlə təmin olunublar: "Hətta, cari ilin fevral ayında mənzillə təmin olunmuş iki gənc nikaha daxil olaraq ailə qurub. Müəssisədə yaşayan 35 məzun artıq yaşadıqları müəssəsədə işlə təmin olunublar. Hazırda gündəlikdə duran məsələlərdən biri də "Məzun evi"ndə yaşayan digər gənclərin məşğulluğunun təminatı üçün onları aktiv məşğulluq tədbirlərinə, o cümlədən əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb etməkdir".

S.Müslümov əlavə edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müharibə və əmək əlilləri üçün pansionatında 211 nəfər ahıl şəxs dövlət təminatında yaşayır. Son 2 il ərzində burada yaşayanlardan 14 nəfəri öz ailələrinə verilib. 2015-ci ildə 13679 nəfər tənha ahıl vətəndaşa evdə sosial xidmət göstərilib. S.Müslümov insan alveri qurbanlarının sosial inteqrasiyası məsələlərinin də diqqət mərkəzində olduğunu qeyd edib: " İnsan alveri ilə mübarizə standartlarının yüksəlməsi, o cümlədən qarşıda duran məqsədlərə nail olunmasında müasir informasiya texnologiyalarının imkanlarından geniş istifadə edilməsi, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının peşəkarlığının, qurbanlara göstərilən dövlət dəstəyinin artması, müvafiq sahədə infrastrukturun və texniki təminatın güclənməsi ilə səciyyəvidir.Bunun nəticəsi olaraq son illərdə insan alverinin potensial qurbanlarının sayı əvvəlki dövrlərə nisbətən əhəmiyyətli dərəcədə azalıb. 2015-ci ildə İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinə 77 müraciət daxil olub ki, Mərkəz tərəfindən həmin şəxslərin hüquq və mənafelərinin müdafiəsi təmin edilmiş, onlara tibbi, psixoloji və digər sahələrdə, habelə onların sosial reabilitasiyaslarına, cəmiyyətdə reinteqrasiyalarına, normal həyat tərzinə qaytarılmalarına köməklik göstərilib".


Sizin Reklam Yeriniz