news Image
2016.07.01
12:25
| A A A
Nazir: Qlobal Forumun Bakı Bəyannaməsi dünya üçün dinlər arasında dialoqun strateji hədəflərini müəyyən etdi

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda qəbul edilmiş Bakı Bəyannaməsi bütün dünya üçün dinlər və mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın inkişafı naminə strateji hədəfləri müəyyən etdi.


Mədəniyyət və Turizm Nazirliyindən Movqe.az-a  verilən məlumata görə, bunu BMT Sivilizasiyalar Alyansının Dostlar Qrupunun BMT Baş Qərargahında keçirilən iclasında Azərbaycan Höküməti adından Forumun Təşkilat Komitəsinin sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.


Nazir Forumda 147 ölkədən 3000-dən çox nümayəndənin iştirak etdiyini, Forumun çərçivəsində 40-dan çox tədbirin keçirildiyini, və bu qlobal platformanın bütün ölkə səviyyəsində dəyərləndirildiyini qeyd etdi.


Nazir vurğulayıb ki, bu tədbir iclasların keçirildiyi zallarda aparılmış siyasi müzakirələrlə məhdudlaşmayaraq böyük gənclər hərəkatının, qarşılıqlı mədəni mübadilələrin, insanların təəssüratlarının müxtəlif formalarda ifadəsi üçün bir beynəlxalq platform rolunu oynadı.


BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Nassir Abdulaziz Al-Nasser Azərbaycanın yüksək dəstəyi ilə təşkil edilən 7-ci Qlobal Forumun həm ölkələrin iştirak səviyyəsi, həm iştirakçıların tərkibinə, keçirilən sessiya və tədbirlərin mövzularının əhəmiyyətinə, tədbirin yekun sənədi olan Bakı Bəyannaməsinin qəbul edilməsinə görə öz məqsədlərinə və hədəflərinə çatdığını bəyan etdi.


Daha sonra Forumla bağlı statistik nəticələr barədə Ali Nümayəndənin kabinet rəhbəri tərəfindən təqdimat keçirildi. Təqdimatda qeyd olundu ki, Forum 700-dən çox beynəlxalq televiziya, qəzet və digər mətbuat orqanları tərəfindən yayımlanmış və xüsusilə sosial şəbəkələrdə tədbir barədə 46 milyondan dəfə təəssürat paylaşılıb və 14 milyondan çox şəxs bu təəssüratlara münasibət bildirib. Təkcə Forumun internet səhifəsindən cari ilin aprel ayı ərzində 250,000-dən çox insan istifadə edib.