news Image
2016.07.01
16:25
| A A A
72 əlilliyi olan şəxs istirahət və sağlamlıq mərkəzinə yola salındı (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na uyğun olaraq, daha 72 nəfər əlilliyi olan şəxs xüsusi nəqliyyat vasitəsi ilə istirahətə göndərilib.


Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən TMovqe.az-a verilən məlumata görə, onlar Xaçmaz rayonunda yerləşən Nabran istirahət və sağlamlıq mərkəzində dincələcəklər.


Yola salınan insanlar yay günlərində istirahətlərinin təşkil olunmasından razı qaldıqlarını vurğulayıblar. Onlar bu tədbirin Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial cəhətdən həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğısının növbəti təzahürü olduğunu bildirib, dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.


"2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na əsasən, bu ilin yaz-yay mövsümündə 1000 nəfərdən çox əlilliyi olan şəxsin ölkəmizin ayrı-ayrı bölgələrində yerləşən istirahət və sağlamlıq mərkəzlərində istirahət etmələrinə şərait yaradılması planlaşdırılıb.


Artıq 637 nəfər əlilliyi olan şəxsin istirahətə göndərilməsi təmin edilib. Onlardan 270 nəfəri Lənkəran, 297 nəfəri Xaçmaz, 70 nəfəri isə Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilib.


Qeyd olunan Proqrama uyğun olaraq, əlilliyi olan şəxslərin xarici ölkələrdə reabilitasiyasına şəraitin yaradılması, onların respublika daxilində və ölkə xaricində müalicəsinə, sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya yönümlü xidmətlərlə təmin edilməsi və digər istiqamətlərdə də işlər aparılır.