news Image
2016.07.01
17:15
| A A A
Aprel döyüşlərində məcburi köçkünlərə dəymiş ziyan dövlət tərəfindən ödənilib

 "Aprel hadisələri zamanı Ağdam, Tərtər və Ağcabədi rayonlarında məcburi köçkünlərin dağıdılmış evlərinin bərpası ilə bərabər, məcburi köçkünlərə dəymiş ziyanın hamısı hesablanıb, onların hər birinə bankda hesab açılıb və bu vəsait onların hesabına köçürülüb".

 

Movqe.az-ın məlumatına görə, bunu bu gün ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

 

Ə. Həsənov bildirib ki, aprel ayında Ağdam, Tərtər və Ağcabədi rayonlarının yaşayış məntəqələrini, mülki əhalini atəşə tutması nəticəsində 17 nəfər məcburi köçkün şəhid olub, ümumilikdə məcburi köçkünlərin məskunlaşdıqları 452 mənzilə ziyan dəyib, onlardan 15-i tamamilə, 437-si qismən dağıdılıb, 311 iri və xırdabuynuzlu mal-qara tələf edilib: "Bütün bunlara baxmayaraq, yerli əhali kimi, məcburi köçkünlər də ordumuzun gücünə inanaraq doğma yerlərində yaşamaqda davam edir. Ermənilərin təxribatçı hücumları nəticəsində zərərçəkmiş bütün evlər Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə əvvəlkindən də yaxşı səviyyədə bərpa edilir və bütün bu işlər qısa müddətdə başa çatdırılacaq"./apa/