news Image
2016.07.02
07:00
| A A A
Üzgüçülük orta məktəblərin dərs saatına salınacaq?!

Məlumdur ki, ABŞ Almaniya, Vyetnam, Yaponiya, Çexiya və digər bir çox ölkələrdə üzgüçülük orta məktəbdə dərs kimi keçilir. Bunu da dənizdə boğulmaların qarşısını almaq məqsədə ilə edirlər. Ekspertlər birmənalı olaraq oxşar təcrübənin ölkəmizdə də tətbiqinin tərəfdarıdırlar.

Pedaqoqların fikrincə, bu, sağlamlıqla yanaşı, şagirdlərin dərsə davamiyyətini də artıracaq. Həmçinin onu da nəzərə alaq ki, Azərbaycan dəniz ölkəsidir. Eyni zamanda xüsusən çimərlik fəslində nə qədər suda boğulma faktları qeydə alınır.



Vaqif Abışov: "Məkətblərdə üzgüçülüklə bağlı dərs saatın ayrılması çox vacib amildir"



Təhsil məsələlər üzrə ekspert, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov hesab edir ki, bu, təhsil üçün çox önəmli məqamdır: "Bu gün Azərbaycanın idman ölkəsi olması, böyük yarışlara rəhbərlik etmək bacarığı göz qabağındadır. Yəni, idman sahəsində Azərbaycan özünü təsdiqləyib və proses davam edir. Azərbaycan gəncliyinin tərbiyəsində, sağlamlığına və gələcəyimizə böyük müsbət təsir edən hadisələrdir. Həm də ölkəmizə sağlam gənclik lazımdır.

Paralel olaraq məkətblərdə üzgüçülüklə bağlı dərs saatın ayrılması çox vacib amildir. Azərbaycan dəniz ölkəsidir. Eyni zamanda üzgüçülük sağlamlıqdır. Nəzərə alaq ki, Azərbaycan orta məktəblərində dərs saatı uzadıldı. Artıq dəsrlər sentyabrın 15-dən iyunun 14-ə qədər davam edir. Bu məsələ də gündəmə gətirilərsə, bütün ictimaiyyət onu yüksək qiymətləndirər. Yəni, çox yaxşı təklifdir və tədrisdə yenilik olar. Bu amil uşaqları məktəbə cəlb edə bilər".


Məhərrəm Zülfüqarlı: "Üzgücülük gənc nəslin sağlam böyüməsi üçün idman növlərinin birincisidir"



Digər ekspert Məhərrəm Zülfüqarlı bildirdi ki, bunu üçün ilk növbədə iqtisadi cəhətdən yüksək təminat yaranmalıdır: "İndiki vəziyyətdə isə diqqətimiz daha çox orta məktəblərdəki mövcud problemlərin həllinə yönəltməliyik. Ondan sonra tədris proqramına üzgücülük dərsinin daxil edilə bilər. Müsbət amildir. Çünki, üzgücülük idmanın ən yaxşı növüdür. Gənc nəslin sağlam böyüməsi üçün idman növlərinin birincisidir".

Ekspertin fikrincə, bu, üzməyi öyrətməklə yanaşı uşaqları bir çox pis vərdişlərdən də yayındıracaq: "Uşaqlar adətən pis vərdişlərə asudə vaxtı düzgün təşkil etməyəndə meyl edirlər. Amma üzgüçülük elə idman növüdür ki, bədənin bütün əzələləri işləyir. Artıq enerji bədəndən çıxır. Sudan çıxan uşaq da tam sağlam və neqativ əməllərə meyl etməyən insan olur".

Məhərrəm Zülfüqarlı hesab edir ki, bu amil uşaqları dərsdən yayındıra bilməz: "Əksinə, onun daha yaxşı oxumasına kömək edə bilər. Çünki, sağlamlıq insanın oxumağa meylini artırır. Hazırda bu, aktual məsələdir. Ancaq hələlik məktəblərdə bir çox problemlər var. İlk növbədə həmin problemlər həll edilməlidir".


Sevinc Səfərova: "Bunun dərsə heç bir maneçiliyi ola bilməz"


İbtidai sinif müəlliməsi Sevinc Səfərova da təklif müsbət qaşılayır: "Bunun dərsə heç bir maneçiliyi ola bilməz. Əslində, indiki uşaqların bir çoxu fiziki cəhətdən zəifdirlər. Bu baxımdan həkimlər də üzgüçülüyü məsləhət görür. Lakin nəzərə alaq ki əksər valideynlərin imkanı yoxdur. Həmçinin stol arxasında düzgün otura bilməyən şagirdlər var. İllər keçdikcə də bu şagirdlərin onurğa sütününda əyilmələr baş verir. Odur ki, həftədə 2 dəfə üzgüçülük dərsinin verilməsi gələcək nəslin sağlam böyüməsinə müsbət təsir edər. Həmçinin, idman dərsindən yayınmaların qarşısı alınmış olar. Bu, idmana marağı daha da artıracaq".