Əlaqə Arxiv
news Image
2016.07.02
09:30
| A A A
Xaricdə yerli, bizdə xarici məhsula üstünlük verilir
Səbələr isə həm çox, həm də maraqlıdır

Bu gün bazarlar, supermarketlər, mağazalar dünyanın hər yerindən gətirilmiş sənaye və kənd təsərrüfatı məhsulları ilə doludur. Azad ticarət, sərhədlərin açıq olması, sahibkarlığa yaşıl işıq yandırılması bu imkanı yaradıb. Kim nə istəyir satır, kim nə istəyir alır.

Dünya iqtisadiyyatının inkişafı üçün əlaqələrin və ticarətin sıxlığı böyük əhəmiyyət kəsb edir. Bundan səmərəli şəkildə yararlanan yalnız fayda götürər. Amma xaricdən idxala hədsiz meyl göstərmək ilk baxışda bolluq yaratsa da, əslində, ölkə iqtisadiyyatının evini, necə deyərlər, yıxır. Belə ki, daxili istehsalın bazara çıxardığı məhsullar nə qədər tez və çox satılsa, istehsalçı daha çevik fəaliyyət imkanı qazanar. Əldə etdiyi gəliri məişətinə və istehsalın genişləndirilməsinə sərf etməklə səmərəli xərcləmiş olar. Onun xərclədiyi vəsait yerli banklara köçürülər. Öz növbəsində bankların kreditvermə qabiliyyəti yüksələr. Bu minvalla yeni sahibkarlıq obyektləri yaranar.

Bəli, nəzəri cəhətdən belədir. Lakin bu prosesin dövriyyəsinə nail olmaq asandırmı? Azərbaycanda daha çox kənd təsərrüfatı məhsulları istehsal olunduğundan bu sahədə vəziyyəti öyrənmək üçün bazarlara diqqət etmək kifayətdir. Burada bir çox məhsul növlərində Türkiyə, İran, Rusiya və Gürcüstandan gətirilən mallar üstünlük təşkil edir. Və biz həvəslə xarici məhsullara üz tuturuq.

Xaricdən gətirilən məhsulların GMO mənşəli olub-olmaması bir tərəfə, bu əsas olsa da tamamilə fərqli mövzudur. Amma iqtisadi dünyagörüşün geniş olması, milli təəssübkeşlik, vətəndaşlıq həmrəyliyi platforması hər kəsi bazarda müəyyən mövqe sərgiləməyə sövq edir. Məsələn, fransalı alıcılar öz ölkələrində bazarlıq edərkən ilk növbədə alacaqları məhsulun etiketinə baxırlar. Məhsulun hazırlanma texnologiyası, tarixi, saxlanma müddəti ilə yanaşı, harada və hansı şirkət tərəfindən hazırlanması da müzakirə predmetinə çevrilir. Çünki o bilmək istəyir, məhsul Fransada fransız sahibkar tərəfindən istehsal olunub, ya yox? Hətta iqtisadi savaddan məhrum pensiyaçı qoca da yalnız təbliğat sayəsində bu məlumatlarla maraqlanır və təbii ki, yerli məhsula üstünlük verir. Bunun səbəbini soruşanda isə sakit şəkildə bildirir: "Qoy, pul özümüzdə qalsın. Fransız sahibkar da bundan istifadə edib, daha da inkişaf etsin".

Bizdə isə əks fəaliyyət müşahidə olunur. Biz xarici malları həvəslə alırıq. Niyə? Səbəblər çoxdur. Bir neçəsini yada salaq. Bizim sahibkarlar məhsulun qablaşdırılmasında estetik gözəlliyə pul xərcləmək istəmirlər. Mal satılmayanda bunun səbəbini istehsalda, yaxud məhsulun keyfiyyətində yox, onu müştəriyə necə sırımaqda görürlər. Məsələn, ağartı məhsullarının etiketində ona bir neçə aylıq saxlama müddəti göstərirlər. Amma Avropada düzgün saxlama şəraitində qatıq məhsuluna iki həftədən artıq müddət qoyulmur. Əgər bir həftəyə satılmasa, qiyməti dərhal endirilir ki, müştəri vaxtında ala bilsin. Biz belə satış strategiyasından məhrumuq. Buna nail olmaq üçünsə savad, dünyagörüş və bir də qanunların sərt tətbiqinə ehtiyac var.

Qanun sarıdan Azərbaycanda vəziyyət qənaətbəxşdır. Amma onların işləməsi müasirlikdən çox geri qalır. Buna görə də xarici məhsulların görünüşü bizi cəzb edir.

Sizin Reklam Yeriniz