…Birinci, elə həm də sonuncu dəfə bu qədim məkanda 14 il əvvəl olmuşdum. On min metr hündürlükdə sürətlə şütüyən təyyarənin pəncərəsindən ağappaq buludların, zirvəsi buz bağlamış dağların, kiçicik su damlasını xatırladan göllərin ecazkar mənzərəsini seyr edərək o səfərlə bağlı xatirələrimi çözələməyə, yeniləməyə çalışırdım. Xəyalın düşüncələri keçmişə aparmaq qüdrəti sayəsində həmin səfərin az qala hər anı gözlərim önündə canlanırdı. Xoş təəssüratları illər sonra belə unudulmayan, aralarında tanınmışların da olduğu həmin səfər 20-dək jurnalist üçün taleyin xoş ərmağanı idi.
2002-ci il 15 - İyun Milli Qurtuluş günü ərəfəsində ümummilli lider Heydər Əliyevi Naxçıvan Muxtar Respublikasına (MR) səfərdə müşayiət edən mötəbər nümayəndə heyətinin tərkibində yer almış jurnalist qrupunda bu sətirlərin müəllifi də var idi. O zaman çalışdığım «Bizim Əsr» qəzetinin gənc müxbiri kimi belə sanballı heyətlə, prezident təyyarəsində Naxçıvana gerçəkləşən ilk səfərin doğurduğu həyacan və fəxarət dolu hissləri hələ də unuda bilmirəm.
Şükürlər olsun ki, çətin dövrlər geridə qalmışdı: 2000-ci illərin
əvvəlində respublikamız nəinki «özünə gəlmiş", hətta inkişaf
relsinin üzərində sürətlə irəliləməyə başlamışdı: müdrik öndərin
ardıcıl və sistemli islahatlarının məntiqi nəticəsi olaraq ağır
iqtisadi tənəzzül mərhələsi geridə qalmış, insanlarda gələcəyə inam
hissi yüksəlmişdi. İntibah mərhələsinə qədəm qoyan respublikanın
müdrik rəhbəri, yetərli maliyyə resurslarının olmamasına rəğmən,
blokada şəraitində olan Naxçıvana da mümkün dərəcədə diqqət və
qayğı ilə yanaşırdı. Bunun nəticəsi olaraq da «Şərqin qapısı»
hərtərəfli inkişaf edir, bir çox sahələrdə paytaxt Bakını
qabaqlayırdı. Səfərin ilk anlardan doğurduğu təəssüratlar ürəkləri
"dağa döndərirdi". Naxçıvanda o zaman paytaxt Bakı üçün səciyyəvi
olmayan təmizlik, səliqə-sahman, yüksək estetik zövqlə aparılan
abadlıq-quruculuq işləri və müasirləşmə əzmi jurnalistləri heyrətə
gətirmişdi....
Ulu öndər Heydər Əliyevin doğma yurda səfəri əhalinin bayram
ovqatına ikiqat sevinc qatmışdı. Müdrik rəhbər əhali ilə səmimi
görüşlər keçirir, abadlıq-quruculuq işləri ilə yaxından tanış olur,
görülən işləri yüksək qiymətləndirirdi. İyunun 15-də həmin dövr
üçün kifayət qədər müasir üslubda inşa olunmuş Naxçıvan Olimpiya
Kompleksinin də açılış mərasimində iştirak edən Heydər Əliyev
naxçıvanlılara səmimi təbriklərini, xoş arzularını çatdırmış,
ölkəmiz üçün ağrılı və çətin günlərin tarixə çevrildiyini
demişdi.
Gözlənildiyindən, daha dəqiqi proqramdan fərqli olaraq, səfər bir
neçə gün çəkmişdi: Naxçıvan göycəsinin (alça) tam yetişdiyi,
havanın xoş əhval-ruhiyyə yaratdığı bir zamanda səfər iştirakçıları
üçün yaxşı istirahət və səmərəli iş imkanı yaradılmışdı. Qələm
əhlinə «Nuh Yurdu»nun tarixiliyini, füsunkarlığını görmək, saf
havasını, şəfalı suyunu udmaq, ləziz nemətlərinə qonaq olmaq,
səmimi, zəhmətsevər insanları ilə söhbətləşib biri-birindən maraqlı
yazılar hazırlamaq üçün bundan yaxşı fürsət ola bilərdimi?!
Səfərin ilk günlərindən artıq televiziya ekranlarında deyil, üzbəüz
gördüyümüz ümummilli liderin şəxsiyyəti kimi böyüklüyünün,
sadəliyinin, səmimiliyinin, qayğıkeşliyinin əyani şahidi olmağa
başladıq. Yüksək qayğı və diqqətlə, səmililiklə hər gün
jurnalistlərlə söhbət edir, təəssüratlarını bölüşür, necə istirahət
etmələrindən tutmuş, qidalanmalarınadək hər bir incə məqamla şəxsən
maraqlanırdı. Səfər günlərinin birində özünəməxsus səmimiyyətlə
Naxçıvan göycəsini dadaraq jurnalistləri də qonaq olmağa dəvət edən
ulu öndərin səfər proqramından kənara çıxaraq şəhər bazarına baş
çəkməsi də hamı üçün gözlənilməz və son dərəcə maraqlı olmuşdu.
Dahi öndər yenə də ani bir qərarla bazardakı çayxanada çay üçün
əyləşərək ona böyük ehtiram göstərən sadə naxçıvanlılarla hal-əhval
tutmuş, gün-güzəranları ilə maraqlanmışdı. Ulu öndərin elə həmin
çayxanada Bakıdan gəlmiş qonaqlardan birinin «kəkotulu çay»
deməsinə özünəməxsus həssaslıqla reaksiya verməsini, “Kəkotu yox,
kəklikotu…Bu, kəkliklərin yediyi otdur. Ona görə də kəklikotu
adlanır”, - deyə düzəliş verməsini əks etdirən səmimi videokadrlar
bu gün də televiziyalarında tez-tez nümayiş olunur.
Ruhu olan şəhər...
...Təyyarə pilotunun mikrofonla səsləndirdiyi «Hörmətli
sərnişinlər, Naxçıvan Beynəlxalq Hava Limanına enişə başlayırıq»
xəbərdarlığı məni 14 il əvvəlki səfərin xoş təəssüratlarından
ayırır. Əvvəlkindən fərqli, daha abad, müasir, inkişaf etmiş
Naxçıvanı görməyimizə sayılı dəqiqələr qalır. Salonda canlanma
yaranır: Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun
təşkilatçılığı ilə keçiriləcək tədbirdə iştirak məqsədilə Naxçıvan
şəhərinə gedən, əksəriyyəti tanınmış, nüfuzlu media rəhbərləri olan
həmkarlarım sübh tezdən günəşin al şəfəqlərindən nur alan «Nur
yurdu»nun ecazkar mənzərəsini - dağlarını, çoxsaylı göllərini,
yaşayış məntəqələrini seyr etməyə başlayırlar (Görüntülərdən vəcdə
gələn Fondun əməkdaşı Mirsəid Ağayev isə səfərin digər maraqlı
görüntüləri kimi, bu mənzərələri də fotokameranın yaddaşına
köçürmək fürsətini qaçırmır).
İlkin təəssürat özünü çox da gözlətmir - uzun illər Naxçıvanda
yaşamış və çalışmış «Palitra» qəzetinin baş redaktoru Namiq Əliyev
şəhərin aydın görünən geniş küçə və meydanlarını, parklarını,
inzibati və yaşayış binalarını göstərərək, «Yox, bu o Naxçıvan
deyil, bura inanılmaz dərəcədə dəyişib, gözəlləşib" - deyə
təəccübünü gizlətmir.
İstənilən şəhərlə bağlı ilkin qənaət səliqə-sahmandan, təmizlikdən,
abadlıq və quruculuqdan başlayır. Yüksək səmimiyyətlə
qarşılandığımız Naxçıvan Beynəlxalq Hava Limanından yerləşəcəyimiz
"Təbriz" otelinədək uzanan təxminən 15 dəqiqəlik yol boyunca
üzləşdiyimiz əsrarəngiz mənzələr fonunda şəhərlə bağlı kardinal
dəyişikliklərin əyani şahidi olduq. Atalarımız əbəs yerə deməyib -
"100 eşitməkdənsə, bir görmək yaxşıdır". Səhər saatlarında xüsusi
texnikanın köməyi ilə yuyulan küçə, park və xiyabanlar, az qala hər
bir nöqtədə, hətta ucqar kəndlərdə belə rast gəlinən müasir
görünüşlü təmizlik qutuları, yaşayış binalarının, inzibati
obyektlərin, ticarət mərkəzlərin, restoran və kafelərin estetik
cəhətdən göz oxşayan fasadları ilkin təəssürat üçün, əslində,
kifayət edirdi.
Mübaliğəsiz-filansız əksəriyyət bu fikirdə idi: şəhər təmizliyinə
görə nəinki paytaxt Bakını və digər iri şəhərlərimizi, hətta müasir
Avropa meqapolislərini də geridə qoyur. 2016-cı ilin mart ayında
Fondun təşkilatçılığı ilə Londonda səfərdə olmuş baş redaktorlar
küçələrin birində üzləşdikləri mənzərəni - təmizlik qutularının
dolub daşdığı, ətrafında sahibsiz küçə heyvanlarının dolaşdığı
antisanitar vəziyyəti xatırladaraq Naxçıvandakı təmizliyi,
səliqə-sahmanı qürur hissilə diqqətə çəkirdilər.
Türkiyənin İstanbul şəhərində səfərdə olduğum jurnalist
dostlarımdan biri bu şəhərin «öz ruhunun olduğunu» demişdi. 2
günlük səfər müddətində Naxçıvanı gəzərək arxitekturanın innovativ
yenilikləri əsasında gerçəkləşdirilmiş inşaat layihələrini, müasir
tikililəri, meydanları və möhtəşəm tarixi abidələri görərkən, bu
şəhərlə bağlı da eyni qənaətə gəlmişdim. Son illər şəhərin memarlıq
siması yeni inşa olunmuş sosial obyektlərin, inzibati və ictimai
yayayış binalarının hesabına xeyli dəyişib. Lakin diqqət çəkən həm
də odur ki, şəhərin modernləşməsi prosesi onun tarixiliyinə,
"etnomədəni ruhu"na qətiyyən xələl gətirməyib. Qədim və müasir
memarlıq elementləri qorunaraq saxlanılıb, binalar abad və müasir
görkəm alıb. Binaların, parkların, küçələrin işıqlandırılmasından
tutmuş landşaft memarlığınadək, - hər bir işə incə zövqlə,
həssaslıqla yanaşılıb. Yaşıllıqlar salınarkən müasir bitki
örtüyünün, gül-çiçək və kolların muxtar respublikanın kəskin
kontinental iqliminə dözümlülüyü maksimum nəzərə alınıb.
Şəhərin nəqliyyat sistemində də nizam-intizam hökm sürür. Naxçıvan
istehsalı olan yeni avtomobillərlə göstərilən müasir taksi
xidmətləri yerli sakinləri və buraya gələn qonaqları tamamilə qane
edir.
Peşəkar, operativ və müasir media
Fondun təşkilatçı olduğu "Mərkəzi və yerli icra hakimiyyəti
orqanları ilə əməkdaşlığın genişləndirilməsi" mövzusunda konfrans
Naxçıvan Texniki Kollecində keçiriləcəkdi. Səfər proqramına görə
tədbir iştirakçıları əvvəlcə ulu öndərin xatirəsini ehtiramla yad
edərək onun adını daşıyan Muzeyin işi ilə yaxından tanış olmalı
idilər. Buranı görmək həqiqətən maraqlı oldu. Əzəmətli görkəmə
malik muzeydə ümummilli liderin ömür yolunun və siyasi
fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən, xüsusilə də
Naxçıvan MR-ə rəhbərlik etdiyi dövrə aid çoxsaylı qiymətli sənəd və
eksponatlar nümayiş olunur. Muzeydəki sənədlərlə tanışlıq zamanı
ulu öndərin hələ Naxçıvanda MSSR Ali Sovetinin sədri ikən
Azərbaycanın dövlət müstəqilliyinin bərpası istiqamətindəki necə
əzmkar fəaliyyəti göz önündə canlanırdı.
Muzeylə tanışlıqdan sonra səfərin əsas tədbirinin keçiriləcəyi
məkana - Naxçıvan Dövlət Texniki Kollecinə üz tutduq. Naxçıvan
MR-də fəaliyyət göstərən KİV-lərin, dövlət qurumlarının mətbuat
xidmətlərinin, Naxçıvan Dövlət Universitetinin jurnalistika
fakültəsinin tələbələrinin də iştirak etdiyi tədbir yüksək fəallıq,
açıq və səmimi müzakirələr şəraitində keçdi. Tədbirin əlahiddəliyi
həm də onunla şərtlənirdi ki, burada ilk dəfə belə geniş heyətdə -
aparıcı KİV rəhbərlərinin iştirakı ilə media və dövlət qurumları
arasında münasibətlərin inkişafına xidmət edən konfrans
keçirilirdi. Təkcə bu faktın özü bəzi qərəzli dairələrin
formalaşdırmaq istədiyi yanlış təsəvvürləri tam alt-üst edərək
Muxtar Respublikada istər yerli, istərsə də respublika miqyaslı
KİV-lərin sərbəst fəaliyyəti üçün kifayət qədər demokratik şəraitin
mövcud olduğunu təsdiqləyirdi.
Tədbirin məramı bu sadə sualla bağlı idi: Muxtar respublikanın
dövlət qurumları ilə Bakıda fəaliyyət göstərən KİV-lərin
əlaqələrinin daha da genişləndiliməsi üçün nə etməli? Naxçıvan MR
Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai
təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov, Naxçıvan Dövlət
Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli,
«Şərq qapısı» qəzetinin baş redaktoru Tural Səfərov və digərlərinin
çıxışları blokada şəraitində yaşayan Naxçıvanda medianın hazırki
vəziyyəti, burada jurnalistlərə göstərilən yüksək diqqət və qayğı
ilə bağlı kifayət qədər aydın təsəvvür yaradırdı.
Müzakirələrin gedişindəcə məlum oldu ki, Muxtar respublikada
kifayət qədər peşəkar, innovativ yeniliklərini mənimsəyərək uğurla
tətbiq edən, müasir texnologiyalardan istifadəyə üstünlük verən,
operativ, qərəzsiz və peşə etikası prinsiplərini maksimum dərəcədə
qoruyan media formalaşıb. Yerli qəzetlər və teleradio şirkəti istər
kadrların yaradıcı potensialına və peşəkarlıq səviyyəsinə, istərsə
də müasir texnoloji imkanlarına və maddi-texniki bazasına görə
nəinki fərqlənir, hətta Bakıdakı bir çox KİV-ləri geridə
qoyurlar.
«Şərq qapısı» qəzetinin baş redaktoru Tural Səfərovun çıxışında bir
məqam xüsusi diqqət çəkdi: Muxtar respublika nəşr olunan qəzetlər
burada əldə olunmuş uğur və nailiyyətləri işıqlandırmaqla yanaşı,
etimadı doğrultmayan, fəaliyyətində qüsur və nöqsanlara yol verən
dövlət qurumlarının fəaliyyəti ilə bağlı tənqidi materiallar da
dərc edirlər. Bu, Naxçıvanda medianın tamamilə azad və demokratik
bir şəraitdə işləməsi, ictimai nəzarət funksiyasını yerinə
yetirməsi üçün yaradılan demokratik şəraitin əyani göstəricisi
sayıla bilər.
Faydalı müzakirələrlə yadda qalan konfransda Bakı şəhərində
fəaliyyət göstərən KİV-lərlə Muxtar respublikanın dövlət qurumları
arasında əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edən
maraqlı təkliflər irəli sürüldü. Naxçıvanda çalışan jurnalistlərin
ölkə həyatı ilə bağlı mühüm tədbirlərdə iştirakının təmin edilməsi
də səslənən faydalı təşəbbüslər sırasında idi.
Qısası, keçirilən tədbir mərkəzi və yerli KİV-lər arasında
qarşılıqlı faydalı əlaqələrin dərinləşməsinə bir növ körpü rolunu
oynadı. Tədbirin nəticəsi olaraq mərkəzdən gəlmiş media
rəhbərlərinin Naxçıvan KİV-ləri ilə bağlı təəssüratları
zənginləşdi. Səfər iştirakçıları burada köhnə stereotiplərdən,
arxaik iş üsulundan qurtula bilməyən əyalət mediasını deyil,
təşkilatlanmış, peşəkar, vətənpərvər və yenilikçi media
qurumlarının əyani şahidi oldular. Bu qənaət səfərin ikinci günü
«Şərq qapısı» qəzetinin, Naxçıvan Dövlət Televiziya və Radio
Verilişləri Şirkətinin, eləcə də Naxçıvan Dövlət Universitetinin
Media Mərkəzinin iş şəraiti ilə əyani tanışlıq zamanı daha da
möhkəmləndi. Muxtar respublika rəhbərliyinin yüksək diqqət və
qayğısı ilə burada KİV-lərin iş şəraiti ən yüksək standartlara
cavab verir. Qalır yalnız səy və bacarıqla çalışmaq ki, bu da var:
səfər müddətində bizi müşayiət edərək biri-birindən maraqlı
reportajlar hazırlayan naxçıvanlı həmkarlarımız əsl operativlik və
peşəkarlıq nümunəsi nümayiş etdirdilər.
İslam mədəniyyətinin yeni paytaxtı...
Naxçıvana ilk dəfə səfər edən hər kəs buranın zəngin turizm
potensialını dərhal qabarıq hiss edir. Günəşli günlərin, dağlıq
ərazilərin, göl və çayların çoxluq təşkil etməsi, təmiz hava,
ekoloji təmiz məhsullar, 250-dək müalicəvi mineral bulaqlar, eləcə
də tarixi abidələr burada turizmə yaşıl işıq yandıran təbii
resurslardır. Müasir infrastruktur, abad və göz oxşayan yaşayış
məntəqələri, iqtisadi inkişaf və tərəqqi turizmin inkişafına əlavə
təkan verir. Turizmin inkişafı məqsədilə son illər burada 3
yasaqlıq, 1 milli park, 1 qoruq da yaradılıb.
Fəqət, Naxçıvan MR-in digər turizm bölgələrimizdən bir əsas
üstünlüyü də var. "Nuh yurdu"nda təkcə tarixi-mədəni deyil, dini,
müalicəvi turizm üçün də unikal imkanlar cəmləşib və bu imkanlardan
maksimum səmərəli istifadə olunur. Tarixi-mədəni abidələrin
qorunması və bərpası tədbirləri turizmin inkişafını sürətləndirir.
Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyindən bildirildiyinə görə,
Muxtar respublika Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar
Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin
qorunması və pasportlaşdırılması işinin təşkili haqqında" 2005-ci
il 6 dekabr tarixli Sərəncamına uyğun olaraq, ərazidə 1200-dən
artıq abidə qeydə alınaraq pasportlaşdırılıb.
İran və Türkiyə kimi böyük müsəlman dövlətləri ilə qonşu olması
Naxçıvanın turizm cəlbediciliyini xeyli artır. Bu da təsadüfi deyil
ki, yerləşdiyimiz "Təbriz" otelində sanki "Multikulturalizm ili"nin
ab-havası hökm sürürdü. Burada nəinki İran və Türkiyədən, digər
ölkələrdən də gəlmiş turistlərlə rastlaşmaq mümkün idi. Şahbuz və
Culfa rayonlarında da təxminən eyni vəziyyətlə qarşılaşırıq.
Turizm potensialının inkişafına təkan digər amil Muxtar
respublikada müasir tələblərə cavab verən 3, 4 və 5 ulduzlu
hotellərin tikilərək istifadəyə verilməsidir. Hazırda bu burada 21
mehmanxana və mehmanxanatipli müəssisə, Naxçıvan-Qarabağlar,
Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincə qalası, Naxçıvan-Ordubad,
Naxçıvan-Batabat, Naxçıvan-Gülüstan turizm mar¬şrutları mövcuddur.
2013-cü ildə Şahbuz rayonunda istifadəyə verilmiş Ağbulaq İstirahət
Mərkəzi yerli sakinlərin və əcnəbi qonaqların sevimli məkanlarından
birinə çevrilib. Muxtar respublikanın Kükü, Nəsirvaz, Bist, Tivi,
Şahbulaq, Ərəfsə, Gümüşlü və digər yaşayış məntəqəsində kənd
turizminin inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər
görülür.
«Əshabi-Kəhf» Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi dini turizmin
inkişafı üçün unikal məkandır. Əzəmətli qayalıqlarla əhatə olunan
bu unikal məkanın möcüzəli energetikası insan ruhunu yeniləyir.
Burada ilin bütün fəsillərində nəinki yerli, əcnəbi turistləri də
görmək mümkündür. Tarixin dərinliklərindən soraq verən məşhur
Əlincə qalasına 1301 pilləkəndən ibarət yolun çəkilməsi, eləcə də
qala kompleksinin tarixi irs əsasında restavrasiya edilməsi tarixi
turizmin canlanmasına əsaslı töhfə olub. Bundan əlavə, Gülüstan
türbəsi, «Xan sarayı», Mömünə Xatın türbəsi və Açıq Səma altında
Muzey Kompleksi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi və
s. ilə tanışlıq da turistlərdə xoş təəssüratlar doğurur.
Naxçıvan həm də şəfa mənbəyi olan təbiət möcüzələri ilə zəngindir.
Muxtar respublikaya gələn hər bir turistin arzusu həm də Duzdağ
Fizioterapiya Mərkəzində olmaqdır. Burada tənəffüs yolları
xəstəliklərindən əziyyət çəkən xəstələr üçün yaradılmış şərait ən
müasir tələblərə cavab verir. Ağciyər xəstəliyi olan insanlar bu
mədəndə spleoterapiya yolu ilə müalicə olunur.
Nəhayət, "Nuh yurdu" şəfalı suları ilə də məşhurdur. Darıdağ
Arsenli Su Müalicəxanası müalicə turizmi sahəsində böyük imkanlara
malikdir. Badamlı, Sirab kimi suların müalicəvi əhəmiyyətindən
xüsusi danışmağa isə ehtiyac yoxdur. Ümemilikdə, Azərbaycanın
mineral su ehtiyatlarının 60 faizinin muxtar respublikanın payına
düşməsi faktı da burada müalicəvi turizm üçün imkanların real
miqyasını göstərir.
Naxçıvanın zəngin və özünəməxsus mətbəxi ayrıca mövzudur. Əslində,
bu incə məqam turistlərin diqqətini heç də az cəlb etmir. Naxçıvan
təamlarını dadan hər kəs yenidən nə vaxtsa bu torpağa yenidən
gəlməyi arzulayır.
Muxtar respublikada turizmə təkan verən digər vacib məqam buranın
tədricən müxtəlif mədəni-kütləvi, siyasi və iqtisadi tədbirlərin
keçirildiyi məkana çevrilməsidir. Bakıdan sonra Naxçıvan şəhərinin
İSESKO tərəfindən 2018-ci ildə "İslam mədəniyyətinin paytaxtı" elan
edilməsi muxtar respublikanın təbii gözəllliklərinin və ecazkar
turizm potensialının təbliği baxımından son dərəcədə əlverişli
imkandır.
"Made in Azerbaijan" brendinə töhfə...
Səfərin ən yaddaqalan məqamlarından biri də Naxçıvan Biznes
Mərkəzi ilə əyani tanışlıq oldu. Buranı Naxçıvan MR-in dinamik
inkişaf tempinin və iqtisadi potensialının aynası da adlandırmaq
olar. Biznes Mərkəzində yerli istehsal və emal müəssisələrinin
çoxsaylı məhsullarının nümayiş edildiyi sərgi hamıda xoş ovqat və
qürur hissi yaradır. Ölkə Prezidenti cənab İlham Əliyevin "Made in
Azerbaijan" brendi ilə milli məhsulların istehsal edilməsi və dünya
bazarına çıxarılması ilə bağlı vacib tapşırığı burada uzun illərdir
ki, icra edilir. Sərgidə nümayiş olunan ərzaq çeşidləri, dərman
preparatları, məişət avadanlıqları, tikinti materialları və s.
məhsullar yüksək keyfiyyəti ilə diqqəti cəlb edir. Onu da öyrənirik
ki, yerli bazarda istehlak olunan zəruri qida məhsullarının da
böyük əksəriyyəti Naxçıvanda fəaliyyət göstərən müasir
müəssisələrdə istehsal olunur.
Biznes Mərkəzi ilə yaxından tanışlıq Muxtar respublikada həm
sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli liberal mühitdən,
həm də zəngin sənaye potensialından xəbər verir. Əlverişli xammal
bazasının mövcudluğu və müasir texnologiyalar əsasında fəaliyyət
göstərən 100-dək sənaye müəssisəsinin fəaliyyəti ekoloji təmiz,
rəqabətədavamlı məhsulların istehsalına imkan yaradır. Bu
müəssisələrin məhsulları təkcə paytaxt Bakı və digər regionlara
deyil, İran, Türkiyə, Gürcüstan, Rusiya kimi ölkələrə də ixrac
edilir. Bu sırada plastmas qablardan avtomobillərə, polietilen
torbalardan mebellərə, quş ətindən şirniyyat məhsullarına qədər çox
geniş profildə məhsulların adını qeyd etmək olar. Ümumilikdə,
Muxtar respublikada 40-dək ixtisaslaşmış müəssisə
fəaliyyətdədir.
Naxçıvan Avtomobil Çavodu, "Gəmiqaya Bərəkət Qida Məhsulları",
"Gəmiqaya Mineral Sular", "Gəmiqaya Daş Məhsulları Sənaye
Kompleksi", "Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti,
"Dizayn Sənaye Kompleksi", "Ləzzət Qida Sənaye", "Cahan-Pen",
"Naxçıvan Duz İstehsalı", "Araz-3", "Prestij Naxçıvan Pivəsi" və
digər məhdud məsuliyyətli cəmiyyətlər respublikanın ərzaq və sənaye
təhlükəsizliyinə sanballı töhfələr verirlər.
Sənaye ilə yanaşı, aqrar sahənin, tərəvəzçilik və meyvəçiliyin
inkişafı da diqqət mərkəzindədir. 2012-2015-ci və 2016-2020-ci
illəri əhatə edən "Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və
tərəvəzçiliyin inkişafı" dövlət proqramları burada əhalinin tarixi
məşğulluq ənənələrinin bərpasına yaxşı imkanlar açıb. Bu gün
Naxçıvanın ixrac etdiyi məhsullar arasında kənd təsərrüfatı
məhsullarının xüsusi çəkisi ildən-ilə artır.
İntibah dövründə olan sahələrdən biri də arıçılıqdır. Naxçıvanda
bal yarmarkasında olarkən arıçılığın burada əhalinin əsas
məşğuliyyət növlərindən birinə çevrildiyinə və inkişaf etdiyinə bir
daha əmin olduq. Biri-birindən keyfiyyətli ballardan dadaraq almaq
fürsətini də buraxmadıq. Arıçılıq təsərrüfatlarının sahibləri ilə
söhbət zamanı məlum oldu ki, iqtisadi cəhətdən gəlirli, müalicəvi
baxımdan faydalı olan bu sahə ucqar dağ kəndlərində yaşayan
sakinlərin faydalı məşğulluğunu təmin edir. Arıçılığın inkişafı ilə
əlaqədar balın emalı və qablaşdırılması kimi yeni istehsal sahələri
də yaranmaqdadır.
***
...Nəhayət, biri-birindən maraqlı təəssüratlar doğuran
səfər yekunlaşır. "Nuh yurdu" jurnalistləri qarşıladığı isti
münasibətlə də yola salır. Naxçıvana ikinci səfərin yekunlarının
doğurduğu yüksək əhval-ruhiyyə və xoş düşüncələr isə bizi uzun
illər tərk etməyəcək.
...Bəli, "Şərq qapısı" kimi simvolizə edilən Naxçıvan bu gün özünün
dayanıqlı, sabit və davamlı inkişafı ilə parlayır, qəlblərə nur
saçır.
Samir Mustafayev, əməkdar jurnalist