news Image
2016.11.29
08:00
| A A A
İpoteka ilə dəyəri 100 min manat olan ev də almaq mümkün olacaq
Rəşad Həsənov: “İpoteka üzrə maksimal məbləğin artırılması müsbət məqamdır” Ramil Osmanlı: “İpoteka Fondunun getməli olduğu ən ciddi islahatlardan biri faiz dərəcələrinin aşağı salınması ilə bağlı olmalıdır”

Uzun fasilədən sonra ipoteka kreditlərinin verilmə şərtlərində yenilik edilib. Belə ki, maksimal məbləğ artırılaraq 100 min manata çatdırılıb. Halbuki ona qədər maksimal məbləğ 50 min manat idi ki, hazırkı qiymətlər fonunda onunla ipoteka mənzilinə sahib olmaq müşkül məsələ idi. Maksimal məbləğin 100 min manata çatdırılması mənzil bazarına nə vəd edir? 

İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, ipoteka məbləğinin iki dəfəyə qədər artırılması mənzil bazarında ancaq müəyyən miqdarda tələbin formalaşmasına gətirib çıxaracaq. Ona görə, bu əsasda əsas proses sosial mənzil bazarında baş verəcək: “Əvvəlki illərdə ipoteka kreditlərinin mövcud olan maksimal həddi Bakı və Abşeron yarımadası üzrə normal şəraitli mənzil əldə etməyə müəyyən problem yaradırdı. Çünki qiymətlər son 10 ildə daha sürətlə artmışdı. Buna baxmayaraq, ipoteka məbləğinin yuxarı həddi 50 min manat səviyyəsində qalırdı ki, bu da daşınmaz əmlak bazarında mövcud qiymətlərlə uyğunlaşmır və ilkin ödənişin artırılması zərurətini yaradırdı. Bu da təbii ki, nəzərdə tutulan hədəf qrupları , gənc ailələr, aztəminatlılar üçün ipoteka ilə ev almaqda müəyyən çətinliklər yaradırdı. 
Ümumiyyətlə götürsək, ipoteka üzrə maksimal məbləğin artırılması müsbət məqamdır. Baxmayaraq ki, faizin aşağı salınması ilə bağlı məsələlər yenə də baxılmamış qaldı, bu istiqamətdə dəyişiklik baş vermədi. Buna rəğmən, məbləğin artırılması müəyyən qədər seçim imkanlarını genişləndirən addımlardan hesab olunur. Lakin bununla yanaşı,  aylıq ödəniş məbləği də artacaq ki, bu da son nəticədə ipoteka kreditlərindən daha çox gəlirləri olanların yararlanması kimi  əvvəlki dövrlərdə müşahidə edilən tendensiyanın artmasına gətirib çıxara bilər. Çünki 100 min manatlıq ipoteka krediti götürən vətəndaşın aylıq ödənişi 500-600 manat həcmində olacaq ki, bu da həmin kreditlərdən ancaq kifayət qədər yüksək gəlirli insanların yararlana biləcəyini şrtləndirir. Halbuki təklif etdiyimiz şərtlər daxilində yuxarı həddə məbləğinin artırılması ilə yanaşı olaraq, faizlərin azaldılması, aylıq ödəniş məbləğinin əvvəlki səviyyədə qorunub saxlanılmasının vacibliyini vurğulamışdıq. Buna baxmayaraq, faizlərə dəyişiklik edilmədən yuxarı həddin artırılması güzəştli ipoteka kreditləri üçün aylıq 470 manatdan artıq ödəniş edilməsini tələb edir. Bu baxımdan həcmin artırılması müəyyən qədər tələb formalaşdıra bilər. Amma bildiyim qədər ipoteka kreditləri bundan sonrakı dövrdə daha çox yönəldiləcək sosial mənzil layihəsi çərçivəsində tikilən binalara. Bu isə sosial mənzil layihəsindən kənar daşınmaz əmlak bazarında hər hansı bir ciddi tələbin formalaşmaması deməkdir ki, belədə yaranmış vəziyyət əvvəlki dövrlərlə müqayisədə ciddi dəyişikliklərin müşahidə edilməyəcəyini proqnozlaşdırmağa imkan verir”.
Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı qeyd edir: “İndiki şəraitdə düşünmürəm ki, ipoteka kreditləri üzrə maksimum məbləğin artırılmasının mənzil bazarına əhəmiyyətli bir təsiri olsun. Hər halda məbləğin artırılması da təqdirəlayiq haldır. 
Əvvəlki illərdə ipoteka kreditlərinin verilməsi zamanı maksimum məbləğin kiçik olduğu barədə dəfələrlə fakir bildirmişik. İndiki halda fikrimcə, İpoteka Fondunun getməli olduğu ən ciddi islahatlardan biri faiz dərəcələrinin aşağı salınması ilə bağlı olmalıdır. Bu ipotekaya əlçatanlığın artırılması, eyni zamanda, ipotekaya marağı yüksəltməyə yönəlik optimal bir addım olardı. Növbəti il büdcədən ayrılacaq vəsaitlərin eyni zamanda istiqrazların yerləşdirilməsi baxımından bu zəruri addım ola bilər”.
Rüfət NADİROĞLU  

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs