news Image
2016.11.29
09:30
| A A A
Sinif müəllimləri şagirdlərin gigiyenasına diqqqəti arxa plana keçirir
Ziyəddin Kazımov: «Əgər sinifdə hər hansı şagirdin gigiyenik durumu acınacaqlıdırsa, bu barədə sinif müəllimi dərhal məktəbin tibb işçisini məlumatlandırmalıdır» Emin Dadaşzadə: «Şagird yaxşı oxumaq üçün birinci növbədə sağlam olmalıdır»

Ümumtəhsil müəssəsələrində şagirdlərin gigiyenası sovet dövründə ən çox nəzarət olunan, diqqət yetirilən məqam idi. Saçları pırtlaşıq, məktəbli forması çirkli olan, eləcə də dırnaqları uzanan şagirdlər danlanır, bu barədə onların valideynlərinə ciddi xəbərdarlıq edilirdi. Amma  son vaxtlar şagirdlərin gigiyenası məsələsi müəllim nəzarətindən kənarda qalıb. 

İndi məktəb şagirdləri arasında dərsə nəinki saçı səliqəsiz gələn, elə saçında bit olan şagirdlərə da rast gəlmək mümkündür. Valideyn Günel Məmmədova deyir ki, qızının başına sinif yoldaşlarından bit düşüb. Valideynlər son vaxtlar məktəbə səliqəsiz gələn, gigiyenik qaydalara əməl etməyən şagirdlərin çox olduğunu söyləyirlər: “İndi şagirdlərin analarının demək olar ki, çoxu işləyir. Amma iş orasındadır ki, işləyən valideynlərdən çox, anası evdar qadın olan uşaqlar dərsə səliqəsiz, dırnaqları uzun, çirkli vəziyyətdə gəlirlər. Mobil telefonda saatlarla onlayn olan analar bəzən vaxtlarının çoxunu telefona sərf etdiklərindən, uşaqlarının gigiyenasına fikir vermirlər. Elə qızlar var ki, ana işləmir, amma uşağın başı bitlidir. Sovet dövründə sinif müəllimi bu məqamlara diqqət yetirirdi. Hər gün əllərimizi stolun üzərinə qoyub dırnaqlarımızı yoxlayırdı. Saçı uzanan oğlanları utandırmaq üçün müxtəlif üsullardan istifadə edirdi. Amma indi sinifə ayağı palçıqlı, üst-başı səliqəsiz, hətta dırnaqları çirkli və başı bitli uşaqları da buraxırlar”.
Qeyd edək ki, sovet dövründə sinif müəllimlərinin diqqət yetirdiyi əsas məqamlardan biri sinif otaqlarının təmizliyi ilə yanaşı, şagirdlərin şəxsi gigiyenası idi. Amma son vaxtlar məktəbli forması məktəblərdə səliqəli mənzərə yaratsa da, şagirdlərin şəxsi gigiyenası arxa planda qalıb. Respublika GEM-nin şöbə müdiri Ziyəddin Kazımov şagirdlərin şəxsi gigiyenasına məktəbdə nəzarətin sinif müəllimlərinin üzərinə düşdüyünü söyləyir: “Müəllim qaydaya görə, səhər-səhər sinifdəki şagirdlərin gigiyenasını yoxlamalıdır. Əgər şagirdin saçı çirklidirsə, bu, müəllimdə uşağın başında bit olması ilə bağlı şübhə yaratmalıdır. Bütün sinifin əlləri hər gün yoxlanılmalıdır. 
Sovet dövründə şagirdlərin sağlamlığı üçün onların dişlərinin yoxlanılması da vacib məsələ idi. Müəllim sinifdə şagirdlərdən bu gün səhər dişlərini fırçalayıb-fırçalamadıqlarını soruşurdu. Bu, uşaqlar arasında kariyesin yayılmasının qarşısını alırdı. Saçını daramayıb məktəbə gələn şagirdin valideyni məktəbə dəvət olunurdu. Bəllidir ki, müəyyən yaşlarda uşaq tam mənada öz şəxsi gigiyenasını qoruya bilməz. Amma bu uşağa kiçik yaşlarından aşılanmalıdır. Məktəb dərslərinə bu barədə şeirlərin, mətnlərin salınması təsadüfi deyil”.
Z. Kazımov deyir ki, əgər sinifdə hər hansı şagirdin gigiyenik durumu acınacaqlıdırsa, bu barədə sinif müəllimi dərhal məktəbin tibb işçisini məlumatlandırmalıdır. Həmsöhbətimiz deyir ki, müəllim sinifdəki şagirdlərin şəxsi gigiyenasını daim diqqətdə saxlamalıdır. Əks halda sinifdə şagirdlər arasında yoluxucu xəstəliklər də arta bilər.
Terapevt Emin Dadaşzadə də sinifdə şagirdlərin şəxsi gigiyenasına müəllimlərin nəzarət etməli olduğunu söyləyir: “Şagird yaxşı oxumaq üçün birinci növbədə sağlam olmalıdır. Təbii ki, əlini, üzünü yumadan dərsə gələn, dırnaqları infeksiya mənbəyi olan şagirdlər müxtəlif xəstəliklərin daşıyıcıları ola bilər. Ona görə də, şagirdlərin gigiyenasına məktəbdə müəllim də diqqətlə yanaşmalıdır”.   
E. Dadaşzadə deyir ki, ibtidai sinif şagirdləri biri-biri ilə sıx ünsiyyətdə olur, oynayır, hələ üstəlik öz yeməklərini də paylaşırlar: «Bu zaman onların parazitlərlə qurda yoluxma ehtimalı yüksəlir. Əgər uşaq həyətdə torpaqla oynayıb əlini yumadan dərsə gəlirsə, onun sağlamlığına təsirsiz ötüşmür. Üstəlik uşaqlar arasında şəxsi gigiyena qaydalarına əməl edilmədikdə bitə yoluxma faizi də yüksək olur. Məktəbdə müəllim bu məsələləri diqqətdə saxlamasa, sinifdə bütün şagirdlərin xəstələnmə, qurda, bitə yoluxma riski yüksək olur. Uşaqların əllərini natəmiz saxlaması dizenteriya kimi xəstəliklərə, mədə-bağırsaq pozulmasına da yol aça bilər. Ona görə də həm müəllim, həm də məktəbin tibb işçisi bu məsələdə həssas olmalıdırlar. Sovet dövründə uşaq dərsə səliqəsiz gələn kimi valideyn məktəbə çağrılırdı. Bu valideynlə nəticə çıxartmağa, uşağının şəxsi gigiyenasını qorumağın bütün sinif şagirdlərinin sağlamlığı baxımdan əhəmiyyətli olduğunu anladırdı. Təəssüf ki, indi valideynlər də, müəllimlər də bu məsələdə səhlənkarlıq nümayiş etdirirlər”.

Zülfiyyə QULUYEVA  

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs