Əlaqə Arxiv
news Image
2016.11.29
09:57
| A A A
Azərbaycanda rus dilində təhsil alanların sayı sürətlə artır
Əjdər Ağayev: «Rus dilində təhsil Azərbaycanda gənclərin dünyaya çıxışına açılan bir qapı rolunu oynaya bilər»

Ölkədə, xüsusilə paytaxt Bakıda son illər rusdilli məktəblərdə təshil alan azərbaycanlı uşaqların sayı günü-gündən artır. Sövetlər Birliyi dağıldıqdan sonra digər MDB ölkələrində olduğu kimi Azərbaycanda da rus dilində təhsilə tələbat azalsa da, artıq bir neçə ildir ki, ümumtəhsil müəssisələrində rusdilli məktəblərin nüfuzu yenidən özünə qayıdıb.  Bunu Azərbaycan və Rusiya arasında təhsil və elm sahəsində əməkdaşlığın vəziyyəti və perspektivlərinə həsr olunmuş Bakıda keçirilən “Elm, təhsil və mədəniyyət sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının vəziyyəti və perspektivləri” konfransında  səslənən fikirlər də təsdiqləyir. 

Konfransın açılış mərasimində çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ölkədə rus dili və ədəbiyyatının tədrisinə böyük diqqət ayrıldığını deyib. Nazir bildirib ki, ölkənin ümumtədris məktəblərində 90 min şagird rus dilində təhsil alır. Son illərdə Bakıda hökumətin dəstəyi ilə Rusiyanın iki nüfuzlu ali təhsil müəssisəsinin – Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb universitetinin filialları açılıb. Rusiyanın təhsil naziri O.Vasilyeva 2016-cı ildə Azərbaycanda rus dili öyrənmək istəyənlərin sayının 5 faiz artdığını qeyd edərək bunu müsbət hal adlandırıb. 
Təhsil Şurasının sədri Əjdər Ağayev rus dilinə marağın artmasının müsbət hal olduğu  fikrindədir. Ə. Ağayev deyir ki, rus dilində təhsil Azərbaycanda gənclərin dünyaya çıxışına açılan bir qapı rolunu oynaya bilər: “Çünki, Azərbaycan bölməsində təhsil alan şagirdlərlə müqayisədə, rus bölməsində təhsil alan şagirdlər daha dünya görüşlü, daha intellektual olurlar. Çünki, rus dilində yazılan dərsliklər mükəmməl olmaqla yanaşı, bu dildə geniş tədqiqatlar var. Rus dilini bilmək şagirdlərə imkan verir ki, o ədəbiyyatlardan istifadə edərək biliklərini daha da artırsınlar. Azərbaycan dilində isə belə kitablar azdır”.
Ə. Ağayevin sözlərinə görə, təlim rus dilində aparılan uşaqların daha zəkalı, daha aktiv olmasına səbəb, rusdilli məktəblərdə tez-tez tədbirlərin keçirilməsi, valideynlərlə məktəbin daha sıx əlaqəsinin olmasındadır: “Rus bölməsində təhsil alan uşaqların həyatda da özünəinamı, naliyyətləri çox olur. Çünki, məktəbdə təlim-tərbiyə işi düzgün qurulur”.
Təshil üzrə tanınmış ekspertin sözlərinə görə, bununla belə axına düşüb uşağı rus dili məktəbə qoymaq düzgün yanaşma deyil: “Çox təəssüf ki, elə ailələr var ki, bir nəfər belə evdə rus dilini düz-əməlli bilmir. Unutmaq lazım deyil ki, dil biliyi ailə mühitində də vacibdir. Evdə nə ata, nə də ana rus dilini bilmirsə, üstəlik uşaq rus dilində heç bir hazırlıq keçməyibsə, uşağı rus dili bölməsinə qoymaq, uşağa zülm verməkdir. Uşaq bilməyəcək ki, dili öyrənsin, yoxsa müəllimin öyrətdiklərini mənimsəsin. Rus bölməsində sinifdə müəllim ancaq rus dilində danışır. Dili bilməyən şagird dərsin izzahını da qavramayacaq”.
Xatırladaq ki, 2016-2017-ci il ali məktəblərə qəbul imtahanlarında azərbaycan bölməsinin məzunları ilə müqayisədə, rus dilində təhsil alanların nəticələri daha ürəkaçandır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə də bildirib ki, imtahan fənlərindən sıfır bal toplayan abituriyentlər Azərbaycan bölməsində çoxluq təşkil edir. 
TQDK sədri qeyd edib ki, builki qəbul imtahanlarında rus bölməsi abituriyentlərinin, Azərbaycan tarixi, tarix və coğrafiya fənləri istisna olmaqla, digər bütün fənlər üzrə göstəriciləri Azərbaycan bölməsi abituriyentlərinin göstəricilərindən yüksək olub. Belə üstünlük özünü ingilis dili fənni üzrə daha qabarıq şəkildə göstərib. 
   
Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz