Əlaqə Arxiv
news Image
2016.11.29
08:30
| A A A
“JEK”lər ləğv edilir, vəzifələri isə bələdiyyələrə həvalə olunur
Tahir Rzayev: “Mənzil istismar sahələri ilə bələdiyyələrin gördüyü işlər arasında müəyyən paralellik mövcuddur” Rəcəb İmanov: “Bələdiyyələrə hansısa səlahiyyət veriləcəksə, bunun qarşılığında əlavə maliyyə vəsaiti də ayrılmalıdır.”

Mənzil istismar sahələrinin (“JEK”) ləğvi məsələsi yenidən gündəmə gəlib.  Buna səbəb gələn ilin dövlət büdcəsində bu quruma vəsaitin nəzərdə tutulmamasıdır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü,   millət vəkili Vahid Əhmədovun verdiyi məlumata görə, bu qurumların gördüyü iş bələdiyyələrə həvalə oluna bilər: “Bu məqsədlə də büdcədə 5 milyona yaxın vəsait nəzərdə tutulub.

Millət vəkili Tahir Rzayev bildirdi ki, bu məsələ çox zaman gündəlikdə olub: “Çünki, mənzil istismar sahələri ilə  bələdiyyələrin gördüyü işlər arasında müəyyən paralellik mövcuddur. Elə qanunvericilikdə də göstərilir ki, müəyyən kommunal xidmətləri bələdiyyələr həyata keçirməlidirlər. Əərazidəki abadlıq, yaşıllaşdırma, suvarma tədbirlərini, ağacların budanılmasını bələdiyyələr həyata keçirirsə, deməli, komminal xidmətləri də bələdiyyələr hərtəfəli şəkildə həyata keçirə bilər. Ona görə bu səlahiyyətlərin də bələdiyyələrə ötürülməsi lazımdır. 
Düzdür, iş yerlərinin ixtisar olunması baxımından  bəzi vətəndaşlar buna qısqanclqla yanaşırlar. Amma belə deyil. Çünki, o zaman mənzil istismar sahələri bir qurum olaraq bələdiyyələrə çevriləcək. Nəzərə alaq ki, mənzil istismar sahələrində bu sahəni yaxşı bilən mütəxəssislər var. Onlar da bələdiyyələrin tərkibində öz işlərini davam etdirəcəklər”.
Millət vəkili əlavə etdi ki, əgər mənzil istismar sahələrinin səlahiyyətləri bələdiyyələrə verilərsə, bütün bu işlər bir “əldə” cəmlənmiş olacaq: “Bu da əhalinin rifahı, onların müraciətinin daha dolğun yerinə yetirilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda işlər daha da sürətlənəcək ki, aktivlik yaranacaq. Ona görə də neçə illərdir, bu məsələ  gündəlikdə var. Mənzil istismar sahələri əvvəllər geniş fəaliyyət göstərsələr də, hazırda öz funksiyalarını yerinə yetirməyən quruma çevrilib. “JEK”lərin maddi texniki bazası buna imkan vermir. Nəsə iş görmək üçün texniki bazası yoxdur. Ancaq bələdiyyələrdə belə imkanlar mövcuddur”.
Bələdiyyə məsələləri üzrə mütəxəssis Rəcəb İmanov bildirdi ki, oxşar fikirlər artıq bir neçə ildir səslənməkdədir: “JEK”lərin ləğvi və onların funksiyalarının yerli özünü idarəetmə orqanlarına verilməsi məsələsi zaman-zaman aktuallaşıb. Ancaq hələlik bu günə qədər bu istiqamətdə real addımlar atılmayıb. Odur ki, indi də aktuallaşan bu məsələnin həyata keçəcəyi hələ inandırıcı görünmür. Çünki, bunun üçün hələlik bələdiyyələrə artıq maliyyə vəsaiti ayrılmayıb. Bu il dövlət büdcəsindən ayrılan ümumi dotasiya 5 milyon manatdır ki, əvvəlki illərdəki qədər eyni saxlayıblar. Belə olduğu təqdirdə bu funksiyaların növbəti ildə bələdiyyələrə verilməsi gözlənilən deyil. 
Bələdiyyələrə hansısa səlahiyyət veriləcəksə, bunun qarşılığında əlavə maliyyə vəsaiti də ayrılmalıdır. Ancaq əlavə maliyyə vəsaiti olmadan da səlahiyyətlərin bələdiyyələr verilməsi mümkündür. Dünyada müxtəlif dövrlərdə belə bir təcrübələrə rast gəlinib”.
Rəcəb İmanov da hesab edir ki, mənzil istismar sahələrinin bundan sonra fəaliyyət göstərməsi formal xarakter daşıyır: “Artıq onlara ehtiyac yoxdur. Səlahiyyətlər bələdiyyələrə verilməlidir. Ancaq işlək mexanizmlə verilməlidir. Əlavə maliyyə vəsaitləri ayrılmalıdır ki, onlar bu sahədə olan çatışmazlıqları “JEK”lərə nisbətən daha səmərəli aradan qaldıra bilsinlər”. 
 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz