news Image
2016.11.29
17:57
| A A A
Deputat: Tarif Şurasının son qərarı bir daha Azərbaycanda insan amilinə verilən dəyərin göstəricisi oldu

"Bu gün antiazərbaycan şəbəkəsinin siyasi direktivləri ilə hərəkət edən bəzi qruplar Tarif (qiymət) Şurasının qərarı ilə manipulyasiya edərək ictimai fikirdə çaşqınlıq yaratmağa çalışırlar. Xüsusilə də sosial şəbəkələrdə radikal müxalifət nümayəndələri saxta profillər vasitəsilə “kütləvi narazılıq fonu” yaratmağa cəhd göstərir. Lakin sadə Azərbaycan vətəndaşlarının onlara verdikləri cavablardan bəlli olur ki, bu gün hər bir azərbaycanlı cənab Prezident İlham Əliyevə inanır və onun addımlarını dəstəkləyir".

Movqe.az xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Deputat bildirib ki, dünyada müşahidə olunan böhranlı vəziyyətin Azərbaycan vətəndaşlarına ciddi təsir etməməsi üçün cənab Prezident İlham Əliyev bütün mümkün addımları atır, ölkənin sosial-iqtisadi vəziyyətini stabil saxlamağa çalışır: “Dünya ölkələrində, xüsusilə də Avropanın planetar miqyasda “nümunə” kimi göstərilən dövlətlərində kommunal xərclərin, vergilərin ən yüksək həddə çatdırıldığı, sosial xərclərin ixtisar edildiyi bir vaxtda Azərbaycanda daha çox insanların rifah halının yaxşılaşdırılması tədbirləri haqqında düşünülür. İnkişaf etmiş ölkələrdə vergilər və kommunal tariflər artırılarkən nəinki insanların vəziyyəti nəzərə alınır, hətta vətəndaşlara məlumatlar verilmir. Amma Azərbaycanda sosial ədalət prinsipi qorunsun deyə, vətəndaşların xeyrinə qərarlar verilir”.

Dünya ölkələrində kommunal xərclərin Azərbaycana nisbətən dəfələrlə yüksək olmasına diqqət çəkən S.Vəliyeva qeyd edib ki, bu da Azərbaycan dövlətinin sosialyönümlü siyasətinin effektivliyindən irəli gəlir: "Məsələn, Rusiya, Ukrayna, Ermənistan, Türkmənistan, Qazaxıstan, Belarusun timsalında götürdükdə qazın qiyməti hər kubmetrə görə 20-60 qəpik, elektrik enerjisinin qiyməti 1 kilovat-saata görə 18-55 qəpik arası dəyişir. Almaniyada elektrikdən istifadəyə görə isə 4 nəfərlik ailə ayda 85-100 avro ödəyir, qazdan istifadəyə gəldikdə isə ildə 800-850 avro xərcləməli olurlar. İslandiyada 4 nəfərlik ailə isə kommunal xərclərə hər ay 200-300 avro ödəyir. Bir sözlə, bu gün orta amerikalı, yaxud avropalı ailə hər ay 600-700 dollar kommunal xərclərə pul ödəyirsə, Azərbaycanda bu rəqəm 40-60 manat arası dəyişir".

Deputat əlavə edib ki, Tarif Şurasının son qərarı bir daha Azərbaycan dövlətinin praqmatik siyasətinin və insan amilinə verilən dəyərin göstəricisi oldu: “Çünki cənab Prezident İlham Əliyevin inkişaf siyasətinin mərkəzində insan amili durduğundan kommunal tariflərin hesablanmasında diferensiallaşma və optimallaşdırma variantına razılıq verdi. Bu da bir daha onu sübut edir ki, Azərbaycan dövlətinin prioriteti insanların yüksək rifah içərisində yaşamasıdır”.

Qeyd edək ki, ötən gün Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs