Əlaqə Arxiv
news Image
2016.11.30
11:26
| A A A
Təbii qaz və elektrik enerjisi sahəsində xidmət keyfiyyəti yüksələcək
İbrahim Kərbəlayev: “Mavi yanacaq üzrə tariflərin qaldırılması ilk növbədə istehlakçılara göstərilən xidmətin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına gətirib çıxaracaq” Cümşüd Nuriyev: “Bu addım hər iki sahədə qənaət rejiminə keçidə səbəb olacaq”

Tarif (qiymət) Şurasının (TŞ) qərarı ilə Azərbaycanda qaz və elektrik enerjisi üçün differensial tariflərin tətbiqi həyata keçirilir. Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetrə görə 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olanlar üçün isə 20 qəpik müəyyənləşdirilib.

Habelə, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb. Aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Qərar yanvarın 1-dən qüvvəyə minəcək.  
Görəsən, atılan bu addım sözügedən sektorlara nə vəd edir? İkinci bir tərəfdən, smatrkartların mövcudluğu şəraitində əhalinin ildə 1500 kubmetrdən artıq və ya az qaz, habelə, ayda 250 kilovat-saatdan çox və ya az elektrik enerjisi istehlak etməsi məsələsi necə müəyyənləşəcək? 
«AzəriQaz» ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayevin fikrincə, Tarif Şurasının qərarı istehlakçılara göstərilən xidmətin yaxşılaşdırılmasına stimul verəcək : “Öncə qeyd edim ki, hazırda ölkədə 2 milyona yaxın istehlakçı var. Mavi yanacaq üzrə tariflərin qaldırılması ilk növbədə istehlakçılara göstərilən xidmətin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına gətirib çıxaracaq. Yəni keyfiyyətli xidmətin təşkili baxımından atılan addım mühüm əhəmiyyət kəsb edir. Bu addım təmir-bərpa və yenidənqurma işlərinin həm sürətlənməsinə, həm də daha keyfiyyətlə aparılmasına rəvac verəcək”.
Həmsöhbətimiz onu da qeyd etdi ki, abunəçinin il ərzində 1500 kubmetrdən az və ya çox qaz sərf etdiyi abonentin elektron bazasında öz əksini tapacaq: “Smart kartlarla və yaxud mexaniki qaz sayğacları ilə işləməsindən asılı olmayaraq fərqi yoxdur, hər bi abonentin elektron bazası vardır. Orada da istehlakçının nə qədər qaz sərf etdiyi və ödədiyi məbləğ gün və aylar üzrə öz əksini tapır. Bunun əsasında da hansı istehlakçının nə qədər qaz sərf etdiyi aydın olacaq. 1500 kubmetr indiki 10 qəpiklik məsrəflə 150 manatlıq qaz sərfi deməkdir. Bu həcmdə və qiymətdə olan qazı neçə ay işlətməyin fərqi yoxdur. Elə abunəçi var ki, il ərzində 1500 kubmetrdən az işlədir, elələri də var ki, tələbatı artıq olduğundan daha çox qaz sərf edir. Artıq olduqda bildiyiniz kimi hər kubmetrə görə qiymətlər 20 qəpikdən hesablanacaq”.   
İqtisadçı-ekspert Cümşüd Nuriyev düşünür ki, sözügedən qərar hər iki sahədə qənaət rejiminə üstünlük vermələrinə səbəb olacaq: “Tarif Şurasının qaz və elektrik enerjisi üzrə tarifləri qaldırması sözügedən sahələrin qənaət rejiminə keçməsinə gətirib çıxaracaq ki, bu da bazar iqtisadiyyatı şəraitində mühüm amildir. Daha doğrusu, hər iki qurumun xidmətindən istifadə edən istər hüquqi, istərsə də fiziki şəxslər çalışacaqlar ki, qaz və elektrik enerjisindən qənaətlə istifadə etsinlər. Yəni proses qənaət rejiminin işə düşməsinə stimul verəcək. 
Artıq tələblə təklifin də üst-üstə düşdüyü Tarif Şurası tərəfindən qeyd olunub. Bu da bazarın mühüm qanunlarından biridir. Azərbaycan 4 bazar sistemindən daha çox Almaniyanın sosial-ümumi bazar sisteminə meyl edir ki, onun da əsas sistemi qənaətlə işləmək, sərfiyyatı azaltmaqdan ibarətdir. Belə addımlar gələcəkdə Azərbaycanın tamamilə bazar sisteminə keçməsini təmin edə bilər”.  
 

 

Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz