news Image
2016.12.01
08:00
| A A A
Səhiyyə xidmətləri daha ucuz başa gələcək
Adil Qeybulla: “İcbari tibbi sığortanın tətbiqi ölkə səhiyyəsinin tədricən Qərb standartlarına yaxınlaşması deməkdir” Musa Quliyev: “Səhiyyə müəssisələrinin prosesdə marağı yaxşı və keyfiyyətli tibbi xidmət göstərə bilmək olacaq”

Prezident İlham Əliyev Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Bununla artıq icbari tibbi sığortanın tətbiqinə start verilir. 

Tibb elmləri doktoru Adil Qeybullanın fikrincə, icbari tibbi sığortanın tətbiqilə Azərbaycan səhiyyəsi tədricən Qərb standartlarına yaxınlaşacaq: “İcbari tibbi sığortanın tətbiq edilməsi əslində, çoxdan atılmalı olan addımlardandır. 1999-cu ildə Azərbaycan Prezidentinin fərmanı ilə icbari tibbi sığorta haqqında qanun layihəsi imzalandı. Təcrübə göstərir ki, qanunların imzalanması hələ hər şey demək deyil. Onun icrası mexanizmi, qanunlara hörmət etmək çox vacib məsələlərdəndir. Böyük Britaniyanın yazılı Konstitusiyası yoxdur. Amma bu ölkə dünyanın ən sosial və demokratik ölkələrindən biridir. 
Hazırkı situasiyada icbari tibbi sığortanın tətbiqi məsələsi aktuallaşıb. Çünki dərman preparatlarının, müalicə haqlarının qiyməti qalxır. Bu mənada xəstələrin həmin qalxan qiymətlər fonunda effektiv müalicə almağa imkanları da daralır. Ona görə də icbari tibbi sığorta sosial müdafiənin bir forması kimi mütləq tətbiq olunmalıdır. Düşünürəm ki, icbari tibbi sığortanın həyata keçirilməsinə ancaq pilot rayonlar üzrə deyil, bütövlükdə ölkə üzrə mexanizmləri hazırlayıb başlamaq zamanıdır. Amma yenə də pilot layihələr üzrə olsa da işə başlanılması ümumi işin xeyrinədir. Ona görə də proses genişlənməli və ölkə üzrə bütün vətəndaşları əhatə etməlidir. Azərbaycan səhiyyəsi yüksək inkişaf etmiş Qərb səhiyyəsinin bir hissəsi olmaq istəyirsə, onu icbari tibbi sığorta olmadan təsəvvür etmək mümkün deyil. Səhiyyə islahatları və səhiyyənin Qərb modeli ancaq bu cür təsəvvür oluna bilər. İcbari tibbi sığortanın tətbiqi ölkə səhiyyəsində tədricən bu istiqamətin güclənməsi və onun Qərb standartlarına yaxınlaşması deməkdir”. 
Milli Məclisin deputatı Musa Quliyev bildirdi ki, icbari tibbi sığortanın tətbiqilə səhiyyə sistemində keyfiyyətin yüksəlməsi baxımından mühüm dəyişikliklər olacaq: “Dünyanın əksər ölkələrində səhiyyə xidmətinin maliyyələşdirilməsi icbari tibbi sığorta vasitəsilə hyata keçirilir. Ölkəmizdə də icbari tibbi sığortanın tətbiqi üçün lazımı şərait yaradılıb. 
Bu gün Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün qanunvericilik baxımından heç bir problem yoxdur. Bu istiqamətdə qanunvericilik bazası mükəmməldir. 1999-cu ildə Milli Məclis tərəfindən "İcbari tibbi sığorta haqqında" qanun qəbul olunub. 2007-ci ildə isə ona əlavə və dəyişikliklər edilib. Prezidentin sərəncamı ilə Dövlət İcbari Tibbi Sığorta Agentliyi yaradılıb. Bu sistemin tətbiqilə tibbi xidmətin keyfiyyəti istər-istəməz yüksələcək. Çünki onun tətbiqilə prosesdə iştirak edən tərəflərin də maraqları artacaq. Səhiyyə müəssisələrinin bu prosesdə marağı isə yaxşı və keyfiyyətli tibbi xidmət göstərə bilmək olacaq. Səhiyyə müəssisələri çalışacaq ki, icbari tibbi sığorta şirkəti yaxşı xidmət göstərən tibb müəssisəsi kimi onunla yenidən müqavilə bağlasın, seçim zamanı başqa tibb müəssisələrinə üstünlük verməsin. Buna nail olmaq üçün də keyfiyyətli xidmət göstərmək üstündə səhiyyə müəssisələri arasında bir rəqabət yarışı gedəcək. Nəticədə sistemin tətbiqindən tərəflərin hər biri, o cümlədən tibbi müəssisələr də  fayda götürəcək”. 
Rüfət NADİROĞLU

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs