Əlaqə Arxiv
news Image
2016.11.30
17:03
| A A A
“Azərbaycan “quş qripi”nin yayıldığı ölkələrdən heyvan və heyvan məhsulları almır”- Yolçu Xanvəli

İranın paytaxtı Tehranın Malard bölgəsindəki 4 quşçuluq təsərrüfatında ev quşları arasında “quş qripi” xəstəliyi aşkarlanıb.  Bu məlumatı İranın Baytarlıq Təşkilatı açıqlayıb. Xəbərə görə, qeyd olunan 4 quşçuluq təsərrüfatında 513 mindən çox toyuq məhv edilib. İran Baytarlıq Təşkilatı elan edib ki, bu xəstəlik qonşu ölkələr - Ermənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və İraqda da yayılıb, lakin bu ölkələr Dünya Səhiyyə Təşkilatına hesabat verməyiblər.  Malard bölgəsinə yaxın Əlborz əyalətində qabaqlayıcı tədbirlər həyata keçirilir. Rəsmi şəxslər insanları diri quşları almaqdan çəkinməyə çağırıb.  Əyalətdə 100-dən çox diri quş satılan obyekt bağlanıb. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Movqe.az-a açıqlamasında deyib ki, İrandan quş ətinin idxalına qadağa noyabrın 23-dən qüvvədədir. Yolçu Xanvəli İran Baytarlıq Təşkilatının Azərbaycanda “quş qripi”nin olması haqqında məlumatının əsassız olduğunu söylədi. Onun sözlərinə görə, monitorinqlər zamanı İranın iddia etdiyi fakt aşkarlanmayıb. “Quş qripi” ilə bağlı biz  monitorinq keçirmişik.  Hazırda  isə növbəti monitorinq davam etdirilir. Monitorinqlər zamanı, nümunələr götürülür. Həmin nümunələrdə “quş qripi” aşkarlansa, bunu gizlətmək mümkünsüzdür. Monitorinqləri Azərbaycan apardığından, İran bu barədə məlumatlı ola bilməz. Bu ajiotaj yaratmaqdan başqa bir şey deyil”. 
Y.Xanvəli həmçinin bildirdi ki, bu məsələ ilə əlaqədar İran Baytarlıq Təşkilatı tərəfindən onlara rəsmi müraciət daxil olmayıb. “Təbii ki, bizə rəsmi müraciət olarsa, biz onlara rəsmi cavab verərik. Mütəmadi olaraq Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına hesabat  veririk”. 
Qeyd edək ki, son məlumatlara görə, artıq Rusiya və Yaponiya quşçuluq fabriklərində də "quş qripi" aşkarlanıb. Yaponiyada 310 min toyuq məhv edilmək üçün ayrılıb, 165 min ördək isə öldürülüb. Avropa İttifaqı ölkələrindən Fransanın quşçuluq təsərrüfatlarında bu virus təsbit edilib. Fransalı mütəxəssislər hesab edirlər ki, ölkədəki təsərrüfatlara bu yoluxucu xəstəlik xaricdən gələn quşlar vasitəsilə keçir. Ona görə də Fransada ölkəyə gətirilən quş və quş məhsullarına ciddi nəzarət etməyə başlayıblar. Y. Xanvəli isə deyir ki, Azərbaycan 
Avropa ölkələrindən  heyvan və heyvan məhsulları idxal etmir: “Azərbaycan yalnız Ukraynadan, Türkiyədən, Brazilyadan, Amerikadan heyvan və heyvan məhsulları alır. Hansı ki, o ölkələrdə epizodik vəziyyət sabitdir. Qalan ölkələrdən quş əti almırıq. Ona görə də, həmin ölkələrdə “quş qripi” vurisunun yayılması bizə təhlükə yaratmır”. 

Zülfiyyə QULUYEVA  

Sizin Reklam Yeriniz