news Image
2016.12.02
07:00
| A A A
Sosial turizm sahəsində mühüm yeniliklər
Eldar Aslanov: “Əhalinin aztəminatlı hissəsinin sosial turizm vasitəsi ilə daxili turizmə cəlb olunması vacibdir” Müzəffər Ağakərimov: “Sosial turizmi inkişaf etdirmək üçün həmkarlar ittifaqları prosesdə mütləq yaxından iştirak etməlidirlər”

Azərbaycanda sosial turizmin inkişaf etdirilməsi məqsədi ilə turizm infrastrukturu subyektləri üçün güzəşt və imtiyazlar tətbiq ediləcək. Bu, yeni hazırlanan "Turizm haqqında" qanun layihəsində nəzərdə tutulub. 

Layihəyə görə, bu güzəşt, imtiyaz və ayırmalar turizmin inkişaf proqramlarında təsbit ediləcək. Həmin güzəştlər və imtiyazlar müvafiq proqram vəsaiti hesabına əvəzləşdiriləcək. Sosial turizm üzrə uzunmüddətli və qısamüddətli güzəşt və imtiyazlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Layihəyə görə, dövlət sosial turizm sahəsində kiçik sahibkarlığı dəstəkləyəcək. Layihədə qeyd edilir ki, dövlət və bələdiyyələr sosial turizm layihələri çərçivəsində öz əmlaklarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeyri-kommersiya təşkilatları, bələdiyyələr üçün istifadəyə verəcəklər. Mütəxəssislərin fikrincə, sosial turizmin inkişaf etdirilməsi məqsədi ilə turizm infrastrukturu subyektləri üçün güzəşt və imtiyazların nəzərdə tutulması daxili turizmin inkişafıına səbəb olacaq. 
Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanov bildirdi ki, bu gün Azərbaycanda indiki turizm infrastrukturu daha çox yüksək xərcli turizm növlərinin təklif etdiyi mərhələni yaşayır: “Hazırda əsasən 4 və 5 ulduzlu otellər fəaliyyət göstərir. Sosial turizmin isə əsasən həmkarlar ittifaqlarının təklif etdiyi göndərişlər, yaxud da kirayə evlərin potensialından istifadə etməklə ikişaf edir. Düzdür, son zamanlar böyük şəhərlərdə gənclər hostelləri adı altında gənclərin istifadə etdiyi hostellər də fəaliyyətə başlayıb. Amma bu kifayət etmir. 
Azərbaycanda daxili turizmin inkişafı baxımından sosial turizm ayrıca inkişaf etməlidir. Əhalinin aztəminatlı hissəsinin sosial turizm vasitəsi ilə daxili turizmə cəlb olunması vacibdir. Sevindirici haldır ki, qanun layihəsində bu, öz əksini tapıb. Amma qanun layihəsinin tətbiqi ilə bağlı alətlər qanun qüvvəyə minəndən sonra müəyyənləşdiriləcək”.
Prorektor əlavə etdi ki, belə bir dəstəyin ortaya çıxması bir tərəfdən daxildə istirahət etmək üçün imkanlar yaradacaq: “Digər tərəfdən isə daxili turizmi inkişaf etdirəcək. Sosial turizmin inkişafı üçün konkret olaraq müəyyən bölgələrimizin potensialından istifadə etmək olar. Həmin yerlərdə kommersiya yox, sosialyönümlü infrastruktur yaradılmalıdır. Çadır evləri, yaylaq turizmini, müəyyən təşkilatların qonaq evlərinə qədər geniş infrastrukturu özündə əks etdirməlidir. 
Vacib məsələlərdən biri də böyük şəhərlərdə xüsusi ilə gənc nəsil arasında peşəkar turizm vərdişlərinin aşılanması üçün gənclər mərkəzləri kimi istirahət məkanlarının yaradılmasıdır. Hər halda bu, müxtəlif güzəştlərlə əhatə olunacaq. Çünki, o sahəyə investisiyaların cəlb olunması üçün  torpaq payı, müəyyən vergi güzəştləri lazımdır. Yaxud da həmin müəssisələr üçün xaricdən idxal olunan məhsullara hansısa formada gömrük güzəşti tətbiq oluna bilər. Söhbət hər kəsə əlçatan olan turist infrastrukturunun təşkilindən gedir. Bu, turizmin inkişafı üçün vacib amildir”. 
Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, Azərbaycanda sosial turizm çoxdan inkişaf etdirmək lazım idi: “Çünki, aztəminatlı insanların buna ehtiyacı var. Sovet dönəmində sosial turizm daha çox inkişaf etmişdi. Azətəminatlı əhali də ondan yararlana bilirdilər. Hətta pulsuz da təmin olunurdular. Lakin müasir dövrdə sosial turizm o qədər də inkişaf etməyib. 
Sosial turizmi inkişaf etdirmək üçün həmkarlar ittifaqları prosesdə mütləq yaxından iştirak etməlidirlər. Ancaq görürənən odur ki, həmkarlar ittifaqları bu məsələdə kənarda dayanıblar. Yalnız müəyyən idarələrin xətti ilə göndərişlər təşkil olunur. Həmkarlar ittifaqının, tələbə-gənclər ittifaqlarının sosial turizmin inkişafında fəal iştirakı vacibdir. Həmçinin sosial turizm yalnız Bakı şəhərində yox, regionlarda da inkişaf etdirilməlidir. Hansı ki, regionlarda bunun üçün bütün infrastruktur təşkil olunub. 
Sosial turizmin inkişafı o deməkdir ki, turizm məhsulu aztəmanatlı insanlara güzəştli şərtlərlə təqdim olunacaq. Bu da sonda kütləvi turizmin inkişafına gətirib çıxaracaq. Kütləvi turizmin inkişafı da daxili turizmin inkişafına dəstək verəcək. Sosial turizmin inkişafı eyni zamanda rəqabətə də öz təsirini göstərəcək. Turizm obyektləri rəqabətə davam gətirmək üçün məhsullarını güzəştli şərtlərlə təqdim edəcəklər. Turizm məhsulunun güzəştli şərtlərlə təqdim edilməsi daha çox əhalinin turizmə cəlb olunması deməkdir”. 
Mübariz BAYRAMOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs