news Image
2016.12.02
08:00
| A A A
Dönərlərdən gələn təhdid davam edir
İmran Abdullayev: “Dönərin keyfiyyətini qismən onun qiyməti ilə də əlaqələndirmək olar” Afa Əsgərzadə: “Dönər üçün hazırlanmış ətə bişmə yox, aşağı dərəcə temperatur verilir”

Bakı sakinlərinin, ən çox da tələbələrin gündəlik qidasına daxil olan ucuz yeməklərdən biri dönərdir. Elə çox adam da ucuz başa gələn, yol kənarında satılan müxtəlif növ dönərlərə üstünlük verirlər. Ancaq çoxlarımız bu ayaqüstü yeməyin gigiyenik normalara cavab verib-verməməsi fərqində deyilik. 

Araşdırmalar və müşahidələr göstərir ki, satılan dönərlərin heç də hamısı standartlara cavab vermir. Bu isə səhhətimiz üçün ciddi təhdid yaradır. Mütəxəssislər xüsusən də çox ucuz qiymətə satılan dönərlərdən uzaq olmağı məsləhət görürlər.
Məsələ ilə bağlı Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəhbəri İmran Abdullayev “Mövqe”yə bildirdi ki, sahibkarlıq obyektlərində yoxlamalar iki illik müddətə dayandırılıb: “Ona görə hazırda dönərlərin keyfiyyəti və təhlükəsi haqqında nəsə demək çətindir. Ancaq  yoxlamaların dayandırılmasından əvvəl təhlükəli və keyfiyyətsiz dönər satışı hallarına çox rast gəlinirdi. Odur ki, indi də istisna edilmir. Həmin dönərlər də adətən mənşəyi bilinməyən ətlərdən düzəldilirdi. 
Bundan başqa, toyuq ətindən düzəldilən dönərlər olurdu. Halbuki, onların da harada və necə hazırlanması məlum olmur. Ümumiyyətlə, heç toyuq dönərinin satışına icazə yoxdur. Ancaq hazırki vəziyyət haqqında araşdırma aparılmadığından konkret fikir söyləmək çətindir”.
İmran Abdullayev əlavə etdi ki, adi vətəndaş dönərin keyfiyyətini təxmin etməkdə çətinlik çəkər: “Amma dönərin keyfiyyətini qismən onun qiyməti ilə də əlaqələndirmək olar. Adətən ucuz dönərlərdən şübhələmək lazımdır. Ancaq qiymətin ucuz olması ilə onun keyfiyyəti haqqında dəqiq nəsə demək də olmaz”.
Həkim-terapevt Afa Əsgərzadə bildirdi ki, ümumiyyətlə, ayaqüstü yeməklər orqanizmdə bır sıra xəstəliklərin yaranmasına səbəb olur: “Bu sırada sürətlə kökəlməni, mədə-bağırsaq xəstəliklərini, həzm sistemində baş verən dəyişiklikləri qeyd etmək olar. Bildiyimiz kimi, ətin bişmə temperaturu və vaxtı var. Həmin müddətdə və temperaturda ətin tərkibində olan ziyanlı mikroorqanizmlər məhv olur. Qidalanan zaman lazımi maddələr bağırsaqdan sorulur və insanın bir sıra mineral vitaminlərə, zülallara olan tələbatı təmin olunur. Amma dönər üçün hazırlanmış ətə bişmə yox,  aşağı dərəcə temperatur verilir. Bu isə onu tam bişirmir, qızardır.  Nəticədə ətin tərkibində olan mikroorqanizmlər tam ölmür. Bu da mədə-bağırsaq xəstəliklərindən olan qastrit, mədə xorası, qaraciyərdə piy distrofiyası və öd yollarında bir sıra xəstəliklərə səbəb ola bilər. 
Bundan başqa, dönərxanalarda düzgün sanitar qaydalara əməl olunmadıqda həmin dönər zəhərlənmə və bağırsaq pozuntularına da səbəb ola bilir. Nəzərə alaq ki, dönər məhsuluna da adətən zəif orqanizmli uşaqlar meyl göstərirlər”. 
Mübariz BAYRAMOV

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs