Əlaqə Arxiv
news Image
2016.12.05
12:44
| A A A
Azərbaycanda 2 milyon 600 mindən çox uşağı əhatə edən bank yaradıldı-Özəl

Azərbaycanda 2 milyon 600 mindən çox uşaq barədə məlumatları bir sistemdən izləmək mümkün olacaq. Bu barədə məlumatı Movqe.az-a  açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov verib. E. Səfərov bildirib ki, artıq uşaq məlumat bankı hazırdır. Hazırda yerli icra qurumlarının əməkdaşlarına uşaq məlumat bankına məlumatların daxil edilməsi üçün təlimlər keçirilir.

E. Səfərov bildirib ki, uşaq məlumat bankının yaradılması,Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə bağlı Tədbirlər planı”nda  öz əksini tapıb. E. Səfərovun sözlərinə görə, bundan sonra Nazirlər Kabinetinin 2013-cü il, 15 yanvar 5 nömrəli qərarı ilə "Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası" təsdiq edilib: “Elektron məlumat bankının istifadəçiləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Miqrasiya Xidməti, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarıdır. Elektron məlumat bankı elektron anketə daxil edilmiş məlumatlara əsasən statistik hesablama sisteminə malikdir. Məsələn, məlumat bankının proqramında statistika bölməsinə daxil olmaqla, a) sağlamlıq imkanları məhdud uşaq" və "b) idman nailiyyətləri olan uşaq" menyularını seçdikdə, idman nailiyyətləri olan sağlamlıq imkanları məhdud olan uşaqların adları və onların sayı barədə məlumat almaq olur. Uşaqların adları üzərinə daxil olmaqla, həmin uşağın elektron anketinə baxmaq mümkündür. Eyni zamanda, uşaq hüquqlarının pozulması ilə əlaqədar daxil olmuş şikayətlərin təsnifatını və həmin şikayətlərin icraatını nəzərdən keçirmək də mümkündür”. 

E. Səfərov bildirib ki, uşaq məlumat bankında uşağın ailə üzvləri ilə bağlı məlumatlar, valideynlərinin nikah vəziyyəti - nikahın qeydə alındığı tarix və nikah pozulmuşdursa pozulma tarixi, uşağın ata-anasının məşğulluq vəziyyəti, uşağın himayədə və ya qəyyumluqda olması, valideynlərini itirdiyi və yaxud valideyn himayəsindən məhrum olduğu tarix, övladlığa götürülməyə növbədədirsə, bu barədə məlumatlar öz əksini tapır: “Eləcə də, məlumat bankında uşağın qeydiyyatda olduğu səhiyyə müəssisəsi, sağlamlıq tarixçəsi - peyvəndlər, keçirdiyi xəstəliklər, praktiki sağlamlıq və sağlamlıq imkanları barədə məlumat, uşağın müalicə aldığı səhiyyə müəssisəsi barədə bütün zəruri məlumatlar qeyd olunacaq. Həmçinin sistemə uşağın təhsil aldığı müəssisə, hər altı aydan bir uşağın təhsilə davamiyyəti haqqında yenilənmiş məlumat, əgər evdə təhsil alırsa, bu barədə qeyd, uşağın xüsusi təhsil nailiyyəti - fənnin növü, olimpiadanın tarixi və yeri, uşağın xüsusi idman nailiyyəti - idmanın növü, yarışmanın tarixi və yeri də daxil ediləcək. Uşağın üzv olduğu idman dərnəyi, uşağın asudə vaxtını təmin edən istirahət düşərgəsi, uşağa təyin edilmiş əmək pensiyası və yaxud sosial müavinətlər - növlər üzrə ayrı-ayrılıqda  bu bankda öz əksini tapacaq. Uşağa ünvanlı sosial yardım təyin edilmişdirsə, məbləği və verilmə müddəti, uşağa təyin edilmiş aliment və onun məbləği, alimentin təyin edildiyi müddət, verilmə ardıcıllığı barədə hər altı aydan bir yenilənmiş məlumat, uşağa və onun valideynlərinə yönləndirilmiş sosial xidmətlər - xidmətin göstərilmə səbəbi, xidmətin növü barədə məlumatlar banka daxil ediləcək”.
E. Səfərov uşaq məlumat bankında 15 yaşından yuxarı uşağın məşğulluq vəziyyəti,uşağın hüquqpozmaları, məhkəmə qərarı, cəza çəkdiyi müəssisə barədə də informasiyanın olacağını söylədi. Onun sözlərinə görə, bu bankda yetkinlik yaşına çatmayan qız dünyaya körpə gətirmişdirsə - uşağın doğulduğu yer və tarix, doğulmuş uşağın sağlamlıq vəziyyəti doğulmuş uşağın atasının adı, soyadı, təvəllüdü və yaşayış yeri, uşaq ölmüşdürsə - onun ölümünün qeydiyyatı da öz əksini tapacaq. Məlumat bankına həmçinin uşağın hüquqları ilə bağlı qəbul edilmiş ərizə, şikayət və müraciətlərin səbəbləri, onların icraata götürülmə və işə xitam verilmə tarixi  də daxil ediləcək. E. Səfərov bildirib ki, uşaq məlumat bankına daxil edilən informasiyalar aidiyyatı qurumlara uşaqların vəziyyəti ilə bağlı təhlillər aparmağa, proqnozlar verməyə, eləcə də gələcəkdə hansı işlərin görülməsinin zəruri olduğu barədə qərar verməyə əsas verəcək. Komitə səlahiyyətlisi bildirib ki, uşaq məlumat bankının elektron açarı 11 dövlət qurumuna və yerli icra orqanlarına verilib. 

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz