Əlaqə Arxiv
news Image
2016.12.08
09:00
| A A A
Antibiotik vurulan heyvan ətləri insanlar üçün də böyük təhlükə mənbəyidir
Klimet Əsədov: «Şəxsi təsərrüfatında kimsə xəstə heyvana antiboitik vurub kəsirsə, bundan baytarın xəbəri olmaya bilər»

Aldığımız ətin təzə və keyfiyyətli olması üçün çox vaxt tanıdığımız qəssablardan, gözümüzün qarşısında kəsilmiş əti almağa üstünlük versək də, ət alarkən aldanmaqdan heç kəs sığortalanmayıb. Sadə istehlakçı aldığı ətin rənginə, qoxusuna görə onun köhnə və yaxud da təzə ət olmasını qismən ayırd edə bilsə də, elə məqamlar var ki, ətin keyfiyyətindəki problemləri üzə çıxartmaq ancaq laborator analizlər aparılmalıdır. 

Bu günlərdə isə ət satışı ilə bağlı gündəmə gələn məsələlərdən biri də, aparıcı qəlyanaltı provayderləri, kafe və restoranların xəstəliklərə qarşı antibiotiklər vurulmuş heyvanların ətindən istifadə etmələri ilə bağlıdır. Məlumatlara görə, son vaxtlar dünyanın aparıcı qəlyanaltı provayderləri, kafe və restoranlar xəstəliklərə qarşı antibiotiklər vurulmuş heyvanların ətindən istifadəni azaltmaları üçün təzyiq altındadır. Ekspertlər narahatdırlar ki, antibiotik vurulmuş heyvanların ətinin istehlakı insanlar arasında dərmanlara müqavimətli virus və bakteriyaların yayılmasına səbəb olur. İnvestorları isə narahat edən budur ki, antibiotik verilmiş heyvanların ətindən geniş istifadə onların sərmayə qoyduqları iaşə şirkətlərini böhranlı vəziyyətə sala bilər. Bir çox ekspertlər inanırlar ki, toyuq-cücəyə, habelə iri və xırda buynuzlu heyvanlara antibiotiklərin verilməsi onların ətini insanlar üçün təhlükəli edir. Belə ki, bu cür ətin davamlı istehlakı insanları müxtəlif yoluxucu xəstəliklərin qarşısındfa tərk-silah edir.
Bu yaxınlarda Dünya Səhiyyə Təşkilatı həyəcan təbili çalaraq bildirmişdi ki, bakteriyaların antibiotiklərə müqavimətinin artması nəticəsində böhranlı vəziyyət yarana bilər. Təşkilatın fikrincə, belə bakteriyaların artması bir çox xəstəlikləri müalicəsiz edir. Avropa İttifaqının hesablamalarına görə, Avropa qitəsində hər il 25 min insan antibiotiklərə müqavimətli infeksiyalardan vəfat edir. Britaniyada əti yeyilən hevanlara antibiotiklərin verilməsi 1970-ci illərdən qadağan edilsə də, böyük təsərrüfatlarda ətə tələbatın artması ilə bağlı belə preparatlardan hələ də istifadə olunur. Ən qorxulusu budur ki, fermerlər heyvanlara getdikcə daha çox insanların da qəbul etdiyi antibiotiklərdən verirlər. Britaniyadakı Antibiotiklərimizi Xilas Edin Alyansı (Alliance To Save Our Antibiotics) bildirir ki, hazırda Birləşmiş Krallıqda heyvanlara bütün mövcud antibiotiklərin 45 faizi verilir. ABŞ-da isə bu rəqəm 80 faizə çatır.
Bəs görəsən, Azərbaycanda necə, antibiotik vurulmuş heyvan ətləri satışda, yaxud da iaşə obyektlərində istifadə edilə bilərmi? 
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Epidemioloji nəzarət və profilaktika sektorunun müdiri Klimet Əsədov deyir ki, ölkəmizə xaricdən gətirilən bütün ətlər antibiotik qalıqlarına görə yoxlanılır. Amma Klimet Əsədov rayonlardan paytaxta gətirilən ətlərin antibiotik qalıqlarına görə yoxlanılmadığını söyləyir: “Öncə qeyd edim ki, hər kəs ət alarkən xarici görünüşünə diqqət yetirir. Xəstə heyvanla sağlam heyvanın ətini rəngindən ayırd etmək olur. Qəssablar da diri çəkidə heyvan alanda heyvanın görünüşündən,  yaxud kəsib alanda ətin rəngindən ayırd edirlər ki, heyvan xəstədir, yaxud sağlam. Təbii ki, qəssab xəstə heyvanın ətini almaz. Ona görə də, xəstə, antibiotik vurulan heyvanın ətinin satışda olması praktik baxımdan  mümkün deyil”. 
K. Əsədov deyir ki, heyvanlarda soyuqlama olduğu halda əsasən antibiotik təyin edilir. Amma sektor müdiri antibiotik vurulan heyvan ətini ümumiyyətlə, qidada istifadə etməməyin düzgün olmadığını söyləyir: “Heyvana antibiotik təyin olunubsa, bu, o demək deyil ki, o heyvanın ətini ümumiyyətlə, yemək olmaz. Bu, səhv fikirdi. Çünki, heyvanın ətində antibiotik qalığı uzun müddət qala bilməz. Antibiotik vurulan heyvanın südündə  antibiotik qalığı müalicədən sonra 4-5 gün, ətində isə 10-12 gün qalır. Bu müddətdən sonra ətin də südün də tərkibində antibiotik qalığı qalmır. Yəni, həmin heyvanın ətindən də, südündən də o müddətdən sonra istifadə etmək olar”.
K. Əsədovun sözlərinə görə, rayonlardan gətirilən ətin tərkibi antibiotikə görə yoxlanılmasa da, o ətlərdə antibiotik qalığının olması riski çox azdır: “Çünki, rayonlardan gətirilən ət baytar nəzarətində olur. Əgər rayonda kəsilən heyvana antibiotik təyin edilibsə, bu barədə baytarın məlumatı olur. Bundan başqa, kəsilən heyvan baytar nəzarətində olur. Baytar təbii ki, xəstə heyvanın kəsilməsinə icazə verməz”.
Amma bununla belə sektor müdiri istisnaların mümkün olduğunu deyir. Onun sözlərinə görə, şəxsi təsərrüfatında kimsə xəstə heyvana antiboitik vurub kəsirsə, bundan baytarın xəbəri olmaya bilər.   

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz