Əlaqə Arxiv
news Image
2016.12.09
12:37
| A A A
Anemiya - vaxtsız ölüm səbəblərindən biri

Anemiya nədir?

Anemiya  (Qədim yunan dilindən tərcümədə  anaimia, "qan çatışmazlığı") xalq arasında  daha çox qanazlığı kimi tanınır və xəstəlikdən daha çox orqanizmin müfəqqəti halı, zəifliyi kimi tanınır. Əslində anemiya qanda qan hüceyrələrinin sayının yaxud da, hemoqlobin miqdarının azalması, başqa  bir  izahla, qanın oksigeni daşıma qabiliyyətinin azalması xəstəliyidir. 
 Anemiya qan xəstəlikləri arasında ən məşhurudur və dünyanın ¼ hissəsi bu narahatlıqdan əziyyət çəkir. Dünyada qanda dəmir çatışmazlığı səbəbindən inkişaf edən anemiyadan əziyyət çəkən insanların sayı isə 1 milyarddan artıqdır.
Tibbi araşdırmalara görə, qadınlar kişilərə nisbətən daha çox Anemiyadan əziyyət çəkirlər. Anemiyadan əziyyət çəkən insan qrupları arasında uşaqlar və hamiləlik dövrü keçirən qadınlar da çoxluq təşkil edir.

ANEMİYANIN ƏLAMƏTLƏRİ


Anemiya yavaş-yavaş inkişaf etdikdə simptomları, əsasən, qeyri-müəyyən olur: yorğun hissetmə, zəiflik, nəfəs darlığı, bədənin hərəkətinə, fiziki hərəkətə həvəsin olmaması və s. Anemiya sürətlə inkişaf etdikdə isə simptomlar, əsasən, ağır olur və daha çox özünü büruzə verir: çaşqınlıq və təlaş, huşun itməsi, şüur və düşünmə qabiliyyətinin zəifləməsi və həddindən artıq susuzluq hissi. Ağır anemiya əsasən, güclü travmatik arterial Qanaxma zamanı baş verir.

 

 ANEMİYANIN STATİSTİKASI 

Azərbaycanda hər 100 nəfərdən 5-i anemiya xəstəsidir.   Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, DÜNYADA 4-5 milyarda yaxın adamda, yəni dünya əhalisinin 66-80 %-də dəmir çatışmazlığı ola bilər ki, bunlardan da 2 milyardı anemiya səciyyəlidir. Hazırda anemiyadan əziyyət çəkənlərin 90%-i inkişaf etməkdə olan ölkələrdə yaşayır.
Dövlət Statistika Komitəsinin  son acıqlamalarına görə, AZƏRBAYCANDA əhalinin 100 min nəfərindən 435,3 nəfəri anemiya xəstəsi kimi müalicə-proflaktika müəssisələrində qeydiyyatdadır.  Yəni təqribən hər 100 nəfərdən 5-i anamiya xəstəsidir.  Və həm də bu rəqəm anemiya xəstəsi kimi  rəsmi  qeydiyyatda olanların sayını göstərir.
Qeyd edək ki, Azərbaycanda anemiya xəstəliyi ilə üzləşənlərin sayı artır.
Belə ki, 2000-ci ildə ilk dəfə qoyulan diaqnozla 22011 anemiya xəstəsi qeydə alınıb. 2010-cu ildə isə bu rəqəm 38706 nəfər olub.  2012-ci ildə isə 35 042, 2013-cü ildə 37 435, 2014-cü ildə isə bu rəqəm 43 730 olub. Ötən il isə 45798 nəfər ilk dəfə qoyulan diaqnozla anemiya xəstəsi kimi qeydə alınıb. Bu da o deməkdir ki, bir il ərzində 100 000 əhalidən 480,6 nəfəri anemiya problemi ilə üzləşib.  
Əhalinin hər 100 000 nəfərinə düşən ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstələrin sayı da çoxalıb. 2012-ci ildə əhalinin hər 100 000 nəfəri arasında ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstələrin sayı 402,7, 2015-ci ildə isə 480,6 nəfər olub.
Azərbaycanda ilk dəfə anemiya diaqnozu ilə qeydə alınmış uşaqların sayı artır. 2011-ci ildə Azərbaycanda İlk dəfə anemiya diaqnozu ilə qeydə alınmış 18 yaşadək xəstə uşaqların sayı 20 425 nəfər olduğu halda, 2014-cü ildə bu rəqəm 24 769, 2015-ci ildə isə 28 018 nəfər olub. 
Ölkədə əhalinin hər 100 000 nəfərinə düşən ilk dəfə anemiya diaqnozu ilə qeydə alınmış 18 yaşadək uşaqların da sayı çoxalıb. 2014-cü ildə əhalinin hər 100 000 nəfərinə düşən anemiya diaqnozu ilə qeydə alınmış uşaqların sayı 969,2 nəfər olduğu halda, 2015-ci ildə bu rəqəm 1087,7-ə yüksəlib. 
Ümumdünya Ərzaq Proqramının ötən il ərzaq və qidalanma təhlükəsizliyi üzrə apardığı araşdırmalar göstərir ki, Azərbaycanda 5 yaşdan yuxarı uşaqlar arasında anemiyanın yayılma dərəcəsi 52% təşkil edir. Ölkənin müxtəlif regionları üzrə nəsilartırma yaşında olan qadınlar arasında isə bu göstərici 30-80% arasında fərqlənir. Bu, orta hesabla, anemiyanın yüngül formasından əziyyət çəkənlərin təxminən 49%-i, orta dərəcəli qanazlığı olanların 6%-i, ağır dərəcəli anemiya xəstələrinin təxminən 2%-i deməkdir. 
Azərbaycanda reproduktiv yaşda qadınların 37 faizi,  hamilə qadınların 45 faizi və uşağı ana  südü  ilə qidalandıran anaların yarıdan çoxu anemiyadan əziyyət çəkir.  
Bu  göstəricilər Azərbaycan üçün böyük rəqəm hesab edilir.

ANEMİYA İNSAN HƏYATI ÜÇÜN TƏHLÜKƏDİRMİ ?  


Hamilə qadınların ölüm hallarının 20%-nin səbəbi  anemiyadır. 
Mütəxəssislər bu qənaətdədirlər ki, hamilə qadınların ölüm hallarının 20%-i məhz  anamiya səbəbdən baş verir. Hal-hazırda inkişaf etmiş ölkələrdə yeni doğulan körpələrin ölümü 75-85 % hallarda erkən neonatal dövrdə baş verir ki, bunun da səbəblərindən biri məhz anemiyadır. Təxmini hesablamalara görə, hər 2 hamilə qadından birində, hər 10 məktəblidən 4-də qanazlığı var. 
Azərbaycanda ana və uşaq ölümlərin neçə faizinin anemiya səbəbindən baş verməsi  konkret  məlum olmasa da, YUNİSEF-in araşdırmalarınba görə, Azərbaycanda bu yüksək göstəriciyə malikdir.
Ölkəmizdə sözügedən problemin həlli istiqamətində bir sıra addımlar atılır. Belə ki, rəsmi qurumlar, BMT də daxil olmaqla, dünyanın nüfuzlu beynəlxalq qurumları ilə ana-uşaq ölümünün həlli istiqamətində əməkdaşlıq edir. Azərbaycanda bu sahədə lazımi sənədlər qəbul olunub. Amma ana və uşaq ölümünü araşdıran təşkilatların araşdırmalarının nəticələri, eyni zamanda, dövlət qurumlarının açıqladığı statistik göstəricilər mənzərənin hələ də ürəkaçan olmadığını  göstərir.


HAMİLƏ QADINLARDA ANEMİYA


Hamilə qadınlarının bir çoxlarında hamiləliyin 2-ci trimestrində (7-8-9 aylar) və xüsusən də 3-cü trimestrlərində (7-8-9 aylar) anemiya inkişaf edir. 
Anemiya özünü necə büruzə verir? Bir çox hallarda hamiləlik dövründə qadınlarda ümumi zəiflik, təngnəfəslik, baş gicəllənməsi, özündən getmə kimi hallar baş verir. Bəzi hallarda isə anemiyanın daha ciddi əlamətləri də (saçların tökülməsi, dırnaqların kövrəkləşməsi, ağız bucaqlarında çatların yaranması, əllərin içəri səthinin və burunun altında olan üçbucağın bir qədər saralması) meydana çıxa bilər. Hamiləlik dövründə qadınlarda ağır formalı anemiyalar olduğu halda, onlarda ürəkdöyünmə ilə müşayət olunan ürək çatışmazlığı, bədəndə şişkinliklərin yaranması, arterial təzyiqin enməsi kimi əlamətlər də yarana bilər.
Adətən hamiləlik zamanı "dəmirdefisitli anemiya" diaqnozu qoyulur. Lakin bəzi hallarda qadında digər anemiya növləri inkişaf edə bilər - vitamin B12 və fol turşusunun çatışmazlığı ilə bağlı olan anemiya, hipoplastik, hemolitik anemiya. Bu anemiyaların simptomları, diaqnostikası və müalicəsi tamam fərqlidir.
Dəmirdefisitli anemiya hamiləliyin gedişatına, gələcək uşağın səhhətinə mənfi təsir edir. Belə ki,anemiya hamiləlik dövründə müxtəlif fəsadların inkişaf etməsinə səbəb ola bilər: məsələn, toksikozlar, uşaqsalma, vaxtından əvvəl doğuş, doğuş zamanı fəsadlar və s. Hamiləlik dövründə analarında anemiya olan uşaqların bir çoxu 1 yaşına çatdıqca onlarda da dəmir çatışmazlığı qeyd edilir. Anemiyası olan qadınların uşaqları 1 yaşına qədər olan dövr ərzində digər uşaqlara nisbətən kəskin respirator virus infeksiyaları (KRVİ) ilə daha tez-tez xəstələnir, onlarda enterokolit, pnevmoniyalar, müxtəlif formalı allergiyaların (həmçinin diatezlərin) inkişaf etməsi ehtimalı da daha çox olur.
Hamiləlik zamanı dəmirdefisitli anemiyanın inkişaf etməsinin səbəbi ondan ibarətdir ki, bu vaxt qadının orqanizmində qanın həcmi (qanın maye hissəsinin - plazmanın - həcmi) xeyli artır və qan hüceyrələri (o cümlədən də eritrisitlər) çoxalmış qan həcmində sanki "seyrəlirlər". Nəticədə də anemiya yaranır.
Əgər hamiləlikdən əvvəl qadın orqanizmi üçün gün ərzində 1-2 mq dəmir kifayət edirdisə, hamiləliyin 2-ci trimestrində 2-4 mq, 3-cü trimestrində isə 10-12 mq dəmir lazım olur. Həkimlərin ümumi rəyinə əsasən, hemoqlobinin 90-110 q/l olması ilə müşayiət olunan anemiyaları hamilə qadınlar nisbətən yüngül şəkildə keçirirlər. Hemoqlobinin miqdarı 80-89 q/l olduqda bu orta dərəcəli anemiya, 80 q/l-dən az olduqda isə bu, ağır formalı anemiya hesab olunur.
Məhz bu səbəbdən də dəmirdifisitli anemiya 3-cü trimestrdə qadınların, demək olar, əksəriyyətində inkişaf edir. Uşağı dünyaya gətirdikdən və əmizdirdikdən sonra qadın orqanizminə dəmir ehtiyyatını bərpa etmək üçün ən azı 3 il vaxt lazım olur. Bu və digər səbəblərə görə həkimlər doğuşlar arası 3 il fasilə verməyi tövsiyə edirlər. Bu şərtə əməl edilmədiyi halda qadının sonrakı hamiləlikdə daha ciddi problemlərlə üzləşməsi ehtimalı dəfələrlə artır.
Hamilə qadınlarda anemiyanın müalicəsində pəhizin böyük rolu vardır. Çox yayılmış belə bir səhv fikir mövcuddur ki, anemiyası olan qadınlar əsasən tərkibində dəmir olan meyvə və tərəvəzlər yeməlidirlər. Lakin  bu zaman əsas diqqət ət məhsullarının (xüsusən heyvan ətinin) qəbuluna yönəldilməlidir. Belə ki, ət məhsullarının tərkibindən orqanizmə sorulan dəmirin miqdarı bitki məhsullarına nisbətən dəfələrlə çoxdur. Eyni zamanda, meyvə və tərəvəzlərin qəbulunu da davam etdirmək lazımdır! Xususi müalicəvi qidalar (misal üçün, apteklərdə satılan "hematoqen") da yaxşı effekt verir.
Nəzərinizə çatdıraq ki, bəzi qidaların eyni zaman qəbul edilməsi dəmirin sorulmasına mane olur. Belə ki, ətdən hazırlanan yeməklərlə eyni zaman və ya dərhal sonra çay, süd içmək, pendir, şor, ispanaq, kahı, yumurta, yarma yemək, kalsium preparatları qəbul etmək dəmirin sorulmasını çətinləşdirir. Əksinə isə sitrus meyvələri, pomidor, kələm, kartof, bolqar bibəri, banan, qatıq, kefir, ayran, C vitamini preparatları dəmirin sorulmasına kömək edir.
Əksər hallarda hamilə qadınlarda olan anemiyaları yalnız pəhrizə əməl etməklə aradan qaldırmaq mümkün olmur. Bu halda həkimlər onlara tərkibində dəmir olan müxtəlif preparatlar təyin edirlər.
Apteklərdə tərkibində dəmir olan bir çox dərman preparatları satılır. Hər bir halda belə preparatı yalnız həkim seçməli və təyin etməlidir. Düzgün seçilməyən preparatın qəbulu ürəkbulanma, qəbizlik, qusma, mədənin selikli qişasının zədələnməsi, dəmirin qadının və gələcək uşağın müxtəlif orqanlarında yığılması ilə nəticələnə bilər.
Dəmir preparatları ilə birlikdə qadına askorbin (C vitamini) və fol turşusu təyin olunur.

UŞAQLARDA ANEMİYA XƏSTƏLİYİ


Uşağın qanında hemoqlobinin miqdarının 100 q/litrdən aşağı olması anemiya hesab olunur və müalicə tələb edir. Qanda hemoqlobinin miqdarının 100-109 q/litr həddində olması subanemiya sayılır və xüsusi müalicə tələb etmədən pəhrizin köməyilə (meyvə, şirələr, ət, qarabaşaq və s.) qaydasına düşür. Həqiqi anemiyanı isə mütləq müalicə etmək lazımdır.
Anamiya xəstəliyi halında uşağın dərisi avazıyır, göz qapaqları, dodaqlar və agızın selikli qişaları isə daha avazımış rəng alır. Məhz selikli qişalardakı dəyişikliyə görə uşaqlarda anemiyadan şübhələnmək olar. Ancaq hemoqlobinin az miqdarda azalması uşağın xarici görünüşündə heç bir dəyişikliyə səbəb olmaya da bilər. Ona görə də uşaq poliklinikalarında vaxtaşırı profilaktik məqsədlə qanın müayinəsi aparılmalıdır.
Anemiya orqanizmdə dəmirin, habelə  fol turşusu, B12 vitamini, mis elementi və zülal çatışmazlığı nəticəsində əmələ gəlir. Həmçinin, qan itkisi də anemiyanın yaranmasına səbəb ola bilər. Müəyyən xəstəliklər zamanı bir müddət daxili qanaxma baç verə bilər. Belə daxili qanaxmalar müxtəlif yırtıqlar, bağırsaq polipləri, mədə və 12-barmaq bağırsaq xoraları və s. xəstəliklər nəticəsində baş verə bilər. Bu halda anemiyanın müalicəsi onu törədən xəstəliyin müalicəsi ilə eyni zamanda aparılmalıdır.
Bəzi hallarda orqanizm qida ilə kifayət qədər dəmir, fol turşusu və digər anemiyaya qarşı olan maddələri alsa da onların bağırsaq tərəfindən sorulması prosesi pozulur. 
Bəzən qurdlarla yoluxma da (məsələn, tükbaş qurd) anemiyaya səbəb ola bilər. 
Anemiyalar bir çox kəskin infeksion xəstəliklər, xroniki xəstəliklər, zərərli ekoloji faktorların təsirləri nəticəsində də inkişaf edə bilər. Uşaqlar tərəfindən gün ərzində 0,5 litrdən artıq çiy inək südünün içilməsi də anemiyaya səbəb ola bilər. Buna görə də uşaqlara ancaq bişmiş süd vermək məsləhət görülür.
Cinsi yetkinlik dövründə (xüsusən qız uşaqlarında) uşaqlarda dəmir elementinə olan tələbat artır. Bu dövrdə qəbul edilən qidaların tərkibində dəmir elementi çatışmasa, dəmir defisitli anemiya inkişaf edə bilər.
Uşaqlarda daha tez-tez rast gəlinən anemiya növü - hemolitik anemiyalardır.  Bu xəstəliklərdə eritrositlər (onlar sümük iliyində əmələ gəlir) müxtəlif səbəblər üzündən normal orqanizmdə olduğundan az yaşayır və tez parçalanırlar. Bütün növ hemolitik anemiyaların əlamətləri - dərinin avazıması, sarılıq, dalağın böyüməsidir. Hemolitik anemiyalar - genetik xəstəliklərdir. Vaxtaşırı olaraq belə xəstələrin halı kəskin şəkildə pisləşir, hərarət yüksəlir, dərinin avazıması və sarılıq əlamətləri artır. Belə hallarda xəstələrin kifayət qədər güclü müalicə alması, bir çox hallarda isə onlara qan köçürülməsi lazım gəlir.
Hipoplastik və aplastik anemiya zamanı sümük iliyi (əsas qanyaradıcı orqan) zədələnmiş olur ki, bunun da nəticəsində onun qanyaratma funksiyası da pozulur.


ƏSAS PROBLEM! 


Bu sahədə ciddi problemlərdən biri  ondan  ibarətdir ki,  Azərbaycan  ictimaiyyəti anemiya (qanazlığı),  bu xəstəliyin  ana və uşaq ölumu səbəbləri sırasında xüsusi çəkisi, onun önlənməsi yolları,  qanazlığı xəstəliyinin müalicəsi  üçün ənənəvi müalicə üsüllarından daha çox həkim müayinəsi və müalicəsinə meyl etmənin  zəruriliyi  haqda  ciddi məlumatlara  malik deyil. Faktlar göstərir ki, uşaqda dəmirin çatmamasını güman edən bəzi valideynlər həkimlə məsləhətləşmədən müalicə məqsədi ilə uşağa «dəmir» iynəsi vurdururlar. Xəstəliyi düzgün təyin etmədən vurulan dəmir preparatları nəticəsində xəstəliyin başqa forması- talassemiya uşağın vəziyyətini daha da ağırlaşdırır. Göründüyü kimi,  ictimai  fikrin bu problemə yönəlməsinə, məsələni daha yaxşı anlaması  üçün ictimaiyyətə  daha ətrafli informasiyanın verilməsinə  bu xəstəliyinin müalicə olunması ilə bağlı münasibətlərinin dəyişməsinə xüsusi ehtiyac vardir.  

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Himayədar Humanitar Təqəqqi İB-nin həyata keçirdiyi “Ana və uşaq anamiyası –vaxtsız ölüm səbəblərindən biri!” layihəsi çərçivəsində hazırlanmışdır.

Sizin Reklam Yeriniz