Əlaqə Arxiv
news Image
2016.12.13
14:33
| A A A
Yeni ilə ölkədəki otellərdə boş yer qalmayıb-Qiymətlər əl yandırsa da...-Araşdırma

Yeni ildə bir gecə- “Royal Suite”də 2400 manat...

Yeni il gecəsinə yer bron etmək üçün aramısınızsa, bizdə dekabrın 30-dan yanvarın 4-dək yerlər çoxdan bron edilib. Hətta yeni il axşamı üçün ən baha otağımız olan “Royal Suite”də, bir gecəsi 2400 manat olmasına baxmayaraq artıq məşğuldur”. Qiyməti eşitdikdən sonra qulağıma inanmayıb təkrar soruşsam da, yanılmadığımı anladım. Bəli, siz də səhv oxumadınız, yeni il gecəsini qeyri-adi və yaddaqalan keçirmək istəyənlər ölkənin qış turizminin inkişaf etdiyi məkanlarda ən bahalı otellərdə belə demək olar ki, boş yer qoymayıblar. Movqe.az-ın apardığı kiçik araşdırma zamanı bəlli oldu ki, yeni il gecəsini əsl qış nağılındakı kimi yaşamaq istəyənlər ölkəmizin qış turizm obyektlərində yerləri sən demə hələ iki ay bundan öncə bron ediblər.

Şahdağ otellərində qiymətlər dağın başında... 

Qusar-Laza yolunun 29-cu kilometrliyində yerləşən “Pik Palace” Şahdağ Otelində ən bahalı nömrə belə öz müştərisini artıq tapıb. Oteldən bizə bildirdilər ki, dekabrın 30-dan 4-ə dək oteldə bütün otaqlar tutulub. Hətta otelin yeni il gecəsi üçün ən bahalı, bir gecəsi 2400 manata təklif olunan “Royal Suite” otağı da çoxdan bron edilib: “Bizdə üç günlük paketlər1450 manatdır. Otelimizdə yeni ildə dincəlmək istəyənlər iki nəfərlik otaqları bir sutkası 420 manatdan bron ediblər. Bura yalnız səhər yeməyi və otelin xidmətlərindən istifadə daxildir. Yeni il gecəsi şənlənmək istəyənlər isə konsert proqramına adambaşına 200 manat ödəməklə daxil ola bilərlər. Alkoqollu içkilər xaric olmaqla bura yerli və aralıq dənizi mətbəxi daxildir. Digər otelimiz olan “Park Chalet” Şahdağ oteldə isə qiymətlər qismən ucuz olub. Artıq bu otelimizdə də yeni il günlərinə boş yer qalmayıb. “Park Chalet” Şahdağ oteldə yeni il günlərində iki nəfərli otağın qiyməti 306-342 manat təşkil edib. 3 gecəlik paket 1150 manata başa gəlir. Bura yalnız səhər yeməyi daxildir. Bu oteldə də yeni il gecəsi əylənmək və yemək üçün adambaşına ayrıca pul ödənilməlidir”. "Şahdağ" Turizm Mərkəzində yerləşən məşhur “Şahdağ Otel”də də artıq bütün yerlər hələ iki ay öncədən bron edilib... “Şahdağ Otel”dən bildirdilər ki, bu məkanda dekabr ayının 29-dan yanvar ayının 6-dək bütün otaqlar bron edilib: “Bizdə yeni illə bağlı müştərilərə 3 gecəlik paket təqdim edilmişdi. 3 gecəlik paketin qiyməti dağa panaroması olan otaqlarda 1450 manat idi. Bura 31-i gecəsi daxil olmaqla səhər yeməyi nahar, yeni il şousu daxildir”. "Şahdağ" Turizm Mərkəzində yerləşən “Zirvə Otel”də isə yerlər dekabrın 29-dan yanvarın 4-dək tutulub: “Bu otelimizdə qiymətlər üç günlük paketlə müştərilərə 990 manatla satılıb. Qiymətə 31-i yeni il şousu, səhər yeməyi və nahar daxildir”. 

“Quba Rixos Otel”də də bütün yerlər bayram günləri üçün artıq bağlıdır. Bu oteldə bayram günlərində iki nəfərin üç gün dincəlməsi 1300 manata başa gələcək. Qiymətə səhər yeməyi və şam yeməyi, qala konsert daxildir. 

Yeni ildə qala gecə Qəbələdə 200 manata


Qəbələ rayonu da, Azərbaycanın qış turizminin inkişaf etdiyi məşhur bölgələrindəndir. Araşdırma zamanı bəlli oldu ki, yeni ildə istirahət günlərində Qəbələyə axın daha çox olacaq. Çünki, 
Təkcə  “Qafqaz Otel Qəbələ”yə daxil olan, Qəbələ rayonunda yerləşən səkkiz oteldən yalnız birində yeni il gecəsi üçün boş yer qalıb. “Qafqaz Otel Qəbələ” otellər şəbəkəsindən bildirdilər ki, hazırda yeni il günləri üçün boş yeri ancaq “Qafqaz Yeddi Gozel Resort”-da tapmaq olar: “Bu otelimizdə ən azı iki günlük paket götürməlisiz. İki nəfərlik otağın bir gecəsi 155 manatdır. Bura yalnız səhər yeməyi və fitnes daixldir. Yeni il günü qala gecədə iştirak etmək üçün isə adambaşına 120 manat ödənilir”. 
“Qafqaz Otel Qəbələ” otellər şəbəkəsindən bildirdilər ki, yeni il günlərində “Qafqaz Resort Hotel”-də iki nəfərlik otağın bir günlük qiyməti 165 manat, qala gecədə iştirak isə 150 manat ödənilməlidir. “ “Qafqaz& Thermal SPA Hotel”-də bir gecə qalmaq üçün iki nəfərlik otaq 155 manat, qala gecədə iştirak adambaşına 120 manata başa gələcək. “Qafqaz Tufandağ Otel”də isə bayram günlərində iki nəfərlik otağın bir günlük qiyməti 150 manat, qala gecə isə 200 manat olacaq. “Qafqaz Qabala City Hotel”, “Qafqaz Sport Hotel”, “Qafqaz Resort Hotel”, “Qafqaz Karvansaray Hotel”,  “Qafqaz Riverside Hotel”-də də qiymətlər təxminən eynidir. Bayram günlərində bron edilən yerlərə görə ödənilən 150-120 manata ancaq səhər yeməyi daxildir. Bu məkanlarda çal-çağırlı bayram gecəsi keçirmək istəyənlər, 120 manatdan 200 manatadək əlavə ödəniş etməlidirlər.

Şamaxı otellərində də yer qalmayıb...

Yeni ildə Şamaxıya üz tutanlar da kisələrinin ağzını geniş açmalıdırlar. Sən demə bu istiqamətdəki otellərdə də yeni illə bağlı boş yer tapmaq müşkül məsələdir. “Şamaxi Palace Sharadil”də yerlər bayram günləri üçün artıq dolub. Yeni ili bu məkanda dörd nəfərli ailə ilə qarşılamaq istəyənlər 1500 manat otaq pulu ödəyəcəklər. Bura gündə üç dəfə yemək daxildir. Bayram gecəsi ləziz təamlardan dadıb əylənməyin haqqı isə adambaşına 100 manatdır. Şamaxıda “Sakit Gol - Silent Lake Hotel”-də də bayram gecəsinə bütün yerlər dolub. Burada bayram keçirmək istəyənlər dekabrın 30-u giriş, yanvarın 4-ü çıxış üçün 1450-1650 manat ödəniş ediblər. “Shirvan Hotel & SPA”-da isə bayram günlərində 3 gecə 4 gün dincəlmək iki nəfər üçün 626 manata başa gələcək. Bura üç dəfə yemək daxildir. “Qalaaltı Hotel& SPA” –da da boş yer yoxdur. Bu məkanda dekabrın 31-dən etibarən üç günlük dincəlmək əsas binada 789 manata başa gələcək: “Bizdə yerlər artıq tutulub, ödənişlər edilib. Bu qiymətə üç dəfə yemək, yeni il şənliyi daxildir. Kotejlərdə isə qiymət 619 manatdır”. 

İsmayıllıda isə qiymətlər qış turizmi üçün əlverişli olan digər rayonlardan ucuzdur. “Qobuland Hotel Lahij Guest House”-da bayram günlərində iki nəfər üçün bir gecə 60 manata başa gələcək. Yeməyin haqqı isə əlavə ödənilməlidir. Apardığımız araşdırma zamanı bəlli oldu ki, yeni il günlərində ölkəmizdəki qış turizm obyektlərində yer bron edənlərin çoxu elə ölkə vətəndaşlarıdır. Amma bununla belə otellərdən bildirdilər ki, yeni il gecəsi ilə bağlı rezervasiyalarda ərəb ölkələrindən olan əcnəbilərin də sayı az deyil... 

Qış turizminin inkişaf etdiyi bölgələrə tələbat çox, mehmanxana sayı az...


Turizm üzrə ekspert Ruslan Quliyev isə iki ay öncədən qış turizminin inkişaf etdiyi ərazilərdəki otellərdə boş yer qalmamasının səbəbini belə izzah edir: “Əvvəllər yeni ili xarici ölkələrdə qeyd etməyə gedənlər çox olurdu. Amma indi, milli valyutanın xarici valyutaya konvertasiya etməklə xaricdə dincəlmək Azərbaycan vətəndaşlarına sərf etmir. İndi daxili turizm obyektlərinə üz tutmaq ölkə əhalisi üçün daha sərfəlifdir”.
R. Quliyevin sözlərinə görə, xaricə turist kimi gedənlərin sayında 30 faiz azalma var: “Ona görə də, bayram öncəsi qış turizminin inkişaf etdiyi ərazilərdə fəaliyyət göstərən reytinqli otellərdə yerlər iki ay öncədən bron edilib. Turizm sahəsində tələbat çox olanda, erkən rezervasiyalarla ucuz yerlər tutulur. Sona doğru lüks yerlər qalır. Bu zaman qiymətdə bahalaşma hiss olunur”.
Həmsöhbətimiz deyir ki, yeni ildə qış turizm obyektlərində yerlərin dolması ölkədə mehmanxana fondunun artırılmasını zəruriliyini bir daha qabardır. Turizm üzrə ekspert deyir ki, bu il mehmanxanaların sayı 60-a qədər artırılıb. R Quliyev gələn il də bir bu qədər mehmanxana sayının artırılmasının yol xəritəsində öz əksini tapdığını söyləyir.

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz