news Image
2016.12.27
15:38
| A A A
Restoranlarda yeni il gecəsi bayram keçirmək neçəyə başa gəlir?


“Yeni il gecəsini bizim restoranda qeyd etmək adambaşına 120-150 manata başa gələcək. Bəri başdan deyim ki, menyu həmin menyu olsa da, qiymət ötən ilki qiymət deyil. Ötən il bir biletin qiyməti 80-120 manat idisə, bu il qiymətlər 120-150 manat arası dəyişir. Səbəbini də özünüz bilirsiniz, devalivasiyadan sonra hər şeydə qiymət artımı var. Təbii ki, bu bizdən də yan keçə bilməz”.
Movqe.az-ın əməkdaşı “Oazis” restoranın adminstratoru ilə qısa dialoqdan sonra öyrənib ki, bu il yeni il gecəsini yaddaqalan etmək üçün restoranda bayram süfrəsi arxasında əyləşmək elə də ucuz başa gəlməyəcək. Hətta bəzi əyləncə mərkəzləri biletlər alınmadığı üçün yeni il proqramını təxirə salıb...
Hər il xarici müğənnilərin belə qatıldığı yeni il şouları təşkil edən “Yeganə” restoranında qiymətlər 150 manatdan 250 manatadək dəyişir. Restoranın adminstrator bildirdi ki, bir nəfər üçün ən ucuz biletin qiyməti 150, ən bahasının qiyməti isə 250 manatdır. Amma bu restoranda yalnız menyuya qane olub yeyib,əylənənlər üçündür. Əgər bayram gecəsi menyudan kənar sifarişlər etsə, onun pulunu da əlavə ödəməlidir: “Elə müştərilərimiz olur ki, menyuda göstərilənlərlə qane olmur. Başqa sifarişlər verir. Bizim satdığımız biletin qiymətinə ancaq menyu və şou proqram daxildir. Müştəri də nəzərə almalıdır ki, xaricdən müğənni gəlirsə, biletin qiyməti təkcə menyuya görə hesablanmır. Bura şou proqramın təşkili, xaricdən gətirilən, eləcə də şou proqramda iştirak edən müğənnilərin qiyməti də daxildir”. 
Restoranın adminstratoru bildirdi ki, biletin qiyməti yüksək olsa da, müştəri ilə heç bir müqavilə bağlanılmır: “ Biz müştəri ilə nə müqavilə bağlamalıyıq ki? Menyuda nə var hamısını süfrəyə düzürük. Şou proqramda iştirak edən müğənnilər də bir-bir gəlib nömrələrini oxuyub gedirlər. Ola bilər ki, biri-ikisi proqramda çıxışını bir az ləngistin. Amma gecə boyu mütləq gəlib oxuyub gedir. Müştərini aldatmırıq ki, müqavilə də bağlayaq”.
Adminstrator restoranda hələki bilet satışının davam etdiyini, ötən illə müqayisədə bu il müştəri azlığının hiss olunduğunu gizlətmədi: “Əlbəttə, vəziyyət ötən ilki kimi deyil. Ötən il bu vaxt biletlərin 80 faizi satılıb qurtarırdı. Bu il bir az fərqlidir. Müştəri qıtlığı var. Amma yenə də əvvəlki müştərilərimiz öz sifarişlərini edirlər”.
Əlaqə saxladığımız digər restoranlarda da qiymətlərin 100 manatdan ucuz olmadığı üzə çıxdı.  
“Niaqara” restoranında bayramı əylənərək qeyd etmək istəyənlər ən azı 150, ən çoxu isə 200 manatlarından keçməlidirlər. Restorandan bizə bildirdilər ki, ötən illə müqayisədə qiymətlərdə artımın olması təbii haldır: “Bizdə də qiymətlərdə artım var. Amma süni qiymət artımı deyil. Menyuda göstərilənləri neçəyə alırıqsa, üzərinə də pz xərclərimizi və gəliri əlavə edib biletlər üçün qiymət çıxartmışıq. 150 manatlıq bayram süfrəmizə də şou proqram daxildir. Bizdə dörd nəfərlik ailənin bayram süfrəsi 600 manata başa gəlir. Əlbəttə, kim istəsə 200 manatlıq bilet də ala bilər. Amma şou proqramın heç bir fərqi yoxdur. Burada menyuda göstərilən təamların qiyməti hesablanacaq”.
Yeni il gecəsini fərqli və yaddaqalan etmək üçün “Sərin” restoranına üz tutanlar bir nəfər üçün 150-250 manat ödəməli olacaqlar. Restorandan bildirdilər ki, ötən ilin bayram süfrəsi ilə bu ilki bayram süfrəsində heç bir fərq olmasa da, qiymət də 40-50 manatadək fərq var: “Bunun səbəbi də hamıya bəllidir. Biz bazardan aldığımız məhsula görə qiymət təyin edirik. Əlbəttə ki, xidmətlər də bahalaşıb. Ötən il bayram gecəsi müğənni bir mahnını 800 manata oxuyurdusa, bu il 1000 manata oxuyur. Bütün bunlar da biletin qiymətinə təsir edir”.
“Neon Palace”da da qiymətlər 120-150 manat arası dəyişir. Bura bayram gecəsi şou proqram və təamlar daxildir. Restorandan da qiymət artımını təsdiqlədirlər: “Ötən il də 150 manata bilet vardı. Amma 80-100 manata da bilet satırdıq. Bu il bir az bahalaşma var”.
“Flaminqo” restoranında isə, biletlər 80-100 manat arasında dəyişir. Restorandan bildirdilər ki, hələ bilet satışı davam etsə də, qiymətlər bir qədər ucuz olduğundan tələbat çoxdur: “Biz biletə nələr daxil olduğunu reklam çarxında yayımlamışıq. Biletə bayram süfrəsi və şou proqram daxildir”.
“Neolit” restoranında isə qiymətlər bayram gecəsi üçün 150 manat təşkil edir.Restorandan bildirdilər ki, qiymətə yeni il gecəsi bayram süfrəsi və şou proqram daxildir”.
Paytaxtdakı restoranlardan bəziləri isə yeni il gecəsi ancaq ailəvi müraciət edənlərə bilet satır. “Ay işığı” restoranından bildirdilər ki, qiymətləri artırmasalar da, bir nəfər üçün bilet satmaq sərf etmir: “Bizdə qiymətlər 100 manatdan başlayıb 300 manatda qurtarır. Ölkənin ən populyar müğənniləri, Xumar Qədimova, Faiq Ağayev və digərləri bizdə oxuyur. Ona görə də, qiymətlər bir az yüksəkdir. Menyuya təkcə 7 isti yemək daxildir. Soyuq qəlyanaltılar və sair yeməklər də menyuda var. Həmçinin bayram gecəsi üçün möhtəşəm şou proqram hazırlamışıq”.
Bəzi restoranlar isə bu bayram bilet satışını təxirə salıblar. “Astoria Muğam” restoranından bildirdilər ki, bayram gecəsi canlı ifa olsa da yerlər üçün bilet satışı aparılmır: “Bizim restoranda bayram gecəsi kim nə yeyib-içsə onun da pulunu ödəyəcək. Şou proqram pulsuzdur”. 
Bu bayram bilet satışı baş tutmadığından şou proqramı təxirə salan təşkil etməyən restoranlar da var. “Gəlin Qaya” restoranından bildirdilər ki, bilet hazırlasalar da müştəri olmadığından təxirə salıblar: “Yeni il gecəsinə bilet satışı təşkil etsək də, müştəri qıtlığı üzündən təxirə saldıq. Əvvəlki illərlə müqayisədə, bayramı restoranda qeyd etmək istəyənlərin sayı azalıb. Devalivasiyadan sonra gəlirlər əhalinin gəlirləri azalıb, qiyməti artırmamaq olmur. Baha qiymət qoyanda da müştəri gəlmir. Biz də bilet hazırlamışdıq, gördük ki, alan yoxdur, təxirə saldıq. Çünki, şou proqrama, müğənnilərə pul vermək lazımdır. Bilet alan olmasa o pulu gərək özümüz ödəyək. Ona görə də bəri başdan bayram şənliyini təxirə saldıq”.
Əlaqə saxladığımız digər restoranlardan da, bayram gecəsi yeni il proqramı təşkil etməyəcəklərini bildirdilər. Səbəbini isə müştəri qıtlığı ilə əlaqələndirdilər.  

Zülfiyyə QULUYEVA 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs