Əlaqə Arxiv
news Image
2012.04.24
14:32
| A A A
Tikinti materiallarının yeni bahalaşma dövrü başlanır
«Artım təkcə tikinti materialları bazarına yox, eyni halda tikinti materiallarının təsir etdiyi daşınmaz əmlak bazarının da qiymətlərinin artımına gətirib çıxaracaq»

Son günlərin ən çox diqqət cəlb edən mövzularından biri də Rusiyadan gələn tikinti mallarının bahalaşacağı barədə məlumat yayılmasıdır. Qeyd olunur ki, bunun səbəbi Rusiyada başlayan yeni meşəçilik siyasəti ilə əlaqəlidir. Belə ki, yeni siyasətə uyğun olaraq Rusiyada meşələr icarəyə veriləcək və ya satılacaq.

Nəzərə alsaq ki, Azərbaycana tikinti mallarının əksəriyyəti Rusiyadan gəlir, belə olan halda Rusiyanın yeni qanunu ölkəmizdə tikinti mallarının bahalaşmasına nə kimi təsir göstərəcək? Mövzu ilə bağlı açıqlama verən iqtisadçı-ekspert, Ramil Osmanlı, ölkəyə idxal edilən tikinti materiallarının 30%-dən çoxunun Rusiyadan gətirildiyini bildirib: "Bu kifayət qədər böyük bir rəqəmdir. Rusiyadan Azərbaycana gətirilən əsas idxal məhsulları taxta və qara metallurgiya məmulatlarıdır. Hesab edirəm ki, Rusiyada həyata keçiriləcək yeni siyasət tikinti materiallarının ilkin qiymətinə təsir göstərəcək."

Ekspert qeyd edib ki, bu proses nəticə etibarilə tikinti materiallarının son qiymətinə də təsir göstərəcək: "Hazırda tikinti bazarında müəyyən iş adamlarının spekluyativ hərəkətlərinin elementləri də mövcuddur. Faktiki olaraq müşahidələr göstərir ki, Rusiyada qanun qəbul edilməmişdən qabaq da, ölkəyə gətirilən tikinti materiallarının qiymətləri süni şəkildə artırılırdı".

Qanunun qəbulundan sonra süni qiymət artımı ilə bağlı yeni metodların hazırlanacağını qeyd edən Ramil Osmanlı "FaktXeber"ə açıqlamasında bildirib: "Hesab etmirəm ki, hazırda tikinti materiallarının qiyməti ciddi şəkildə bahalaşsın. Bu da ondan irəli gəlir ki, hazırda tikinti materialları bazarının satış tempi əvvəlki illərlə müqayisədə 2 dəfə azalıb. Satış tempinin azalması bəzi sahibkarlar üçün müəyyən problemlər yaradaraq onların bazardan çıxarılmasına gətirib çıxardıb".

Ekspert daha sonra qeyd edib ki, mənzil tikintilərinin hazırda artması tikinti bazarlarına olan tələbatı artırıb: "Tələbin artımı isə qiymətə təsirsiz ötüşməyəcək. Belə olan halda artım təkcə tikinti materialları bazarına yox, eyni halda tikinti materiallarının təsir etdiyi daşınmaz əmlak bazarın da qiymətlərinin artımına gətirib çıxaracaq".

İnşaat materialları bazarında çalışan satıcılar son günlərdəki bahalaşmanı, əsasən mövsümi amillərlə izah edir. Qiymət dəyişikliyi əsasən idxal məhsullarında daha tez-tez müşahidə olunur. Buna səbəb kimi, idxal qiymətlərinin süni və qeyri-süni şəkildə artıb-azalması göstərilir. Ümumiyyətlə, inşaat materialları bazarında inhisarçılıq, süni qiymətləndirmə, mövcud tikinti sahəsindəki durğunluq, maliyyə böhranı mənzil bazarındakı dinamikaya və qiymətləndirməyə təsir göstərən əsas amillər hesab olunur. Maraq doğuran məsələlərdən biri tikinti materiallarının bahalaşmasının mənzil qiymətinə nə dərəcədə təsir göstərəcəyi, bunu bahalaşdırıb-bahalaşdırmayacağı ilə bağlıdır. Bu xüsusda ekspertlər arasında fərqli fikirlər hökm sürür. Məsələn, bəzi ekspertlərin fikrincə, baş verənlərin mənzil bazarına hər hansı təsiri gözlənilmir. Bildirilir ki, indiki mərhələdə tikinti materiallarının qiymət artımı və ya azalmasının mənzil bazarına heç bir formada təsiri yoxdur və olmayacaq da. Bildirilir ki, son ayların müşahidələri tikinti inşaat işləri tempinin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü göstərir. Bunun nəticəsində də artıq investorların qiyməti tikinti materiallarının qiymətinə uyğun deyil. Onlar qiyməti real bazarın tələblərinə uyğunlaşdırmağa çalışır. Qeyd edilir ki, mövsümlə bağlı olaraq topdansatışla məşğul olan fiziki və hüquqi şəxslər bəzi psixoloji amillərdən dolayı tikinti materiallarının qiymətini artırıb. Bildirilir ki, burada başqa heç bir səbəb yoxdur. Pərakəndə satışla məşğul olan insanlar isə tələblə təklif arasında hər hansı bir ciddi dəyişikliyin olmadığını iddia edir.

Bəzi iqtisadçı ekspertlər isə vurğulayır ki, tikinti materiallarının bahalaşmasının mənzil bazarına təsiri gözləniləndir. Belə ki, daşınmaz əmlak bazarında əvvəlki həcmdə olan ciddi durğunluq halı indi-indi aradan qalxmaqdadır, satış həcmində az da olsa canlanma müşahidə olunur. Bütün hallarda, tikinti materiallarının qiymətinin qalxması isə mənzil bazarında qiymətləri bahalaşdıra bilər. Çünki tikinti bazarının canlanması çox həssas məsələdir. Ona görə də həmin qiymətin birbaşa olaraq daşınmaz əmlak bazarında qiymətlərin qalxmasına səbəb olacağı qaçılmazdır. Digər tərəfdən, bazar iştirakçıları gələcəkdəki xərcləri üstələmək üçün qiymət artımına gedə bilər. Amma onlar qiymət artımının yeni durğunluğa səbəb olacağından da ehtiyatlanır. Bu səbəbdən də sözügedən hadisə mənzil bazarında qiymət artımına birbaşa təsir edir. Həmin qiymət artımı davamlı şəkil alsa, ekspertlər onun daşınmaz əmlak bazarına təsirinin daha pis olacağını bildirir.

Əsgər CAVADOV

Sizin Reklam Yeriniz