Əlaqə Arxiv
news Image
2016.12.29
09:30
| A A A
Dini gözdən salan “reket”mollalar
Elşad Miri: “Mübarizə üsullarından biri mətbuatda düzgün maarifləndirmə işi apararaq bu məsələni ictimailləşdirməkdir” Əkrəm Həsənov: “Savadsız və ağlaşma quran mollalar böyük bir din bazarı açıblar”

“Azərbaycanda “reket” jurnalistlər olduğu kimi “reket”mollalar da var”.  Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilin yekunlarına dair mətbuat konfransında bildirib. O qeyd edib ki, çox vaxt mətbuatda hansısa özünü molla kimi təqdim edənin davasını din xadimlərinin davası kimi təqdim edirlər:  “Bu yanlışdır. Araşdırsanız, görərsiniz ki, məzarlıqda dalaşanların mollalıq etməyə icazəsi də yoxdur. Özü özünü molla kimi təqdim edir. Bunlar “reket” mollalardır. Necə ki, mətbuatı reket jurnalistlər gözdən salır, həqiqi din xadimlərini də “reket” mollalar hörmətdən salır”.

Mütəxəssislərin fikrincə, “reket” mollaların yaranmasına səbəb bu sahədə buraxılan boşluqdur. Ancaq mübarizə üsulları elə də çətin deyil. İlahiyyatçı alim Elşad Miri bildirdi ki, Mübariz Qurbanlının sözlərində böyük həqiqət var: “Reallığı əks etdirən açıqlamadır. Odur ki, cəmiyyətin bu məsələdə məlumatlandırılmasına ehtiyac var. Ümumiyyətlə, İslamda din xadimi anlayışı yoxdur. Yəni, xristianlıqda keşişlik, papalıq kimi İslamda mollalıq, axundluq kimi statuslar yoxdur. Bunlar hamısı sonradan ortaya çıxıb.
Eyni zamanda bu məsələlərdə insanların üzərinə böyük yük düşür. Məsələn, meyitin yuyulması və s. işləri molla yox, mərhumun qohumları həyata keçirə bilər. Yəni, bu işlər üçün mollaya ehtiyac yoxdur. Bundan başqa, yas məclisləri qurub orada verilən ehsan pulunu uşaqlar, qocalar evinə vermək olar. Həmin pulla kimsizlərə kömək edilməlidir. Hər gələn insanı yedizdirməklə ehsan verməkdənsə, bunları etmək daha yaxşı olar. Bundan başqa, Qafqaz Müsəlmanları İdarəsi axundların siyahısını açıqlayıb. Həmin axundları müdafiə edib, onların vasitəsi ilə “reket” mollaların qarşısına keçmək olar. Mübarizə üsullarından biri isə mətbuatda düzgün maarifləndirmə işi apararaq bu məsələni ictimailləşdirməkdir”. 
Digər ilahiyyatçı alim Əkrəm Həsənov bildirdi ki, Azərbaycanda əvvəlki illərə baxanda bu gün gənclərin dini savadlarını artırdıqlarını müşahidə edirik: “Bəzi yas məclislərində mollanı dinləyən, Qurana qulaq asan tapmaq mümkün olmur. Hər kəs söhbət edir. Əslində, yas yerləri məsələsində ciddi dəyişiklik edilməlidir. Birincisi, yas yerinə molla gəlməməlidir. Bizdə bu adət kimi formalaşdığı üçün çalışmalıyıq ki, axtarış edərək daha gözəl nitq qabiliyyətinə sahib olan, oxumuş bir ilahiyyatçı dəvət edək. Nitq elə də önəmli olmaya bilər. Amma ən azından ərəb-dilində bilən, oxuduğu Quranın mənasını anlayan bir şəxsi dəvət etməyimiz daha gözəl olardı. Bunu icra hakimiyyətlərinin nəzdində formalaşdırmaq olar. Belə ki, xüsusi nitq qabiliyyətinə sahib olan, savadlı, elmli gənc ilahiyyatçıları seçib Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi ilə birlikdə Qafqaz Müsəlmanları İdarəsi  yerli icra nümayəndəlikləri ilə bu məsələləri təkmilləşdirə bilərlər. Bu məsələdə dövlət səviyyəsində şəffaf, obyektiv tənzimləmə aparılsa, o zaman savadsız mollaların tələbatına ehtiyac qalmayacaq. İnsan dünyasını dəyişən zaman onun üçün ölüm kağızı verildiyi kimi, yas məclisini aparan bir savadlı axund, imam, ilahiyyatçı da verilməlidir. Ona məvacibin ayrılması məsələsinin isə ölü sahibinə yoxsa, dövlət qurumlarına aid olması məsələsi də var. Onsuz da yas sahibi özü şəxsən tanıdığı mollanı dəvət edir və ona kifayət qədər pul verir. Dövlətin təyin etdiyi ilahiyyatçıya da xidmətin müqabilində vətəndaşın özü pul verə bilər. Gələcəkdə bu məsələlər tənzimlənəndə lap ilahiyyatçını təyin edən aidiyyatlı qurum da ona müəyyən məvacib təyin edə bilər. Bu, həm də ilahiyyat fakültələrini bitirən tələbələrin işsiz qalmamasına gətirib çıxarır. Milli Məclisdə bu məsələ müzakirə olunmalıdır. Çünki, heç bir ilahiyyat üzrə diplomu, ali savadı olmayan mollalar bu məsələlərdə vətəndaşlarımızı aldadılar. Ən azından elmli biri insanlara daha faydalı bilgilər verər. Aldığı məvacib də ona halal olar. Ancaq təəssüf edirik ki, savadsız və ağlaşma quran mollalar böyük bir din bazarı açıblar və bu məsələdə özlərini haqlı hesab edirlər. Düşünüərm ki, falçılara, cadugərlərə, insanaları din adından aldadan savadsız mollalara qarşı cəmiyyət özü də mübarizə aparmalıdır. Cəmiyyətin özünün bu məsələlərə xüsusi diqqəti, marağı olmalıdır. Dini maarifçilik işlərini aparmaqla “reket” mollalarını sıxışdırıb sıradan çıxarmaq olar. Bununla da onların dava-dalaşlarına son qoymaq mümkündür”. 

 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz