Əlaqə Arxiv
news Image
2017.01.07
16:26
| A A A
Nurayın atası: “Uşaq məndən imtina etdi”

“Mən Rübabə Xudaverdiyeva ilə 2004-cü ildə ailə qurmuşam. 2007-ci ildə keçmiş həyat yoldaşım Bakıdakı evimizi tərk edərək Qubaya gedib. O, evi tərk etməsinə səbəb kimi mənim xəstəxananın gecə növbəsində çalışmağımı göstərirdi”.

 

Movqe.az bildirir ki, bunu  APA-ya açıqlamasında Quba Rayon Məhkəməsində zorakılıqla üzləşən 10 yaşlı Nuray Bayramzadənin atası Əvəz Bayramov deyib. O bildirib ki, 2008-ci ildə məhkəmənin qərarı ilə həyat yoldaşından ayrılıb: “Mən 2009-cu ildə ikinci dəfə ailə həyatı qurdum. İkinci nikahdan da bir qız övladım dünyaya gəldi. Biz ayrılandan bir il sonra Rübabənin xərçəng xəstəsi olduğunu bildim. Ona zəng edərək hansı klinikada müayinə olunduğunu öyrəndim və keçmiş həyat yoldaşıma əlimdən gələn bütün köməklikləri etməyə hazır olduğunu bildirdim”.

 

Ə. Bayramov qarşı tərəfin kömək təklifindən imtina etdiyini və rəsmi boşanma ərizəsi əldə olunduqdan sonra 2011-ci ildən 2016-cı ilə qədər övladına hər ay aliment ödədiyini söyləyib: “Bununla bağlı əlimdə müvafiq sənədlər var. Mən övladımı görmək üçün müraciət etsəm də, qarşı tərəf mənim bu iddiama müsbət cavab vermirdi. Həyat yoldaşımın ağır xəstə olduğunu nəzərə alaraq, onu əsəbiləşdirməmək üçün hətta uşağımı görməkdən ötrü məhkəməyə belə müraciət etmədim. Rübabə 2010-cu ildə dünyasını dəyişdi. O vəfat edəndən sonra Quba Rayon Məhkəməsinə övladımı görmək üçün müraciət etdim. Bu müddətə kimi uşağa xalası Mehriban Eldarova və onun həyat yoldaşı baxıblar. Məlum olur ki, qarşı tərəf bacısının ölümündən sonra uşağın qəyyumluğunu öz üzərinə götürüb”.

 

Ə. Bayramov qeyd edib ki, uzun sürən məhkəmə prosesindən sonra uşağın xalası və ərinin qəyyumluğu xətm olunub: “Bundan sonra uşağın xalası və onun əri mənim atalıq hüququndan məhrum olunmağımla bağlı iddia qaldırdılar və mən atalıq hüququndan məhrum olundum. Lakin sonra atalıq hüququm bərpa edildi. 2011-ci ildən 2016-cı il dekabrın 7-nə qədər 19 məhkəmə prosesi keçirilib. Sonuncu icraat prosesi olub ki, dekabrın 7-nə təyin edilib. Dekabrın 7-nə qədər uşağı görmək üçün mənə qarşı tərəf heç bir şərait yaratmadı və ümid icra prosesinə qaldı. Uşaq proses zamanı bu günə qədər atasını, yəni məni görmədiyini dedi, məndən imtina etdi. Buna baxmayaraq, məhkəmə qərarı ilə uşaq mənə verildi. Məhkəmə prosesindən sonra isə huşum itənə kimi məni döydülər və övladımı zor gücü ilə məndən aldılar. Döyülmə faktı ilə bağlı Baş Prokurorluğa müraciət etmişəm”.

 

Qeyd edək ki, Ə. Bayramov Baklıdakı 5 saylı kliniki doğum evinin anestezioloqudur.

 

Xatırladaq ki, sosial şəbəkələrdə 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı məhkəmə icraçıları tərəfindən açıq zorakılıqla üzləşməsini əks etdirən video yayılıb.

Sizin Reklam Yeriniz