Əlaqə Arxiv
news Image
2017.01.13
08:00
| A A A
Tikinti bumu regionlara keçir
Ramil Osmanlı: “Respublikanın bütün regionlarında tikinti sektorunun ciddi inkişaf etdirilməsi vacib amildir” Rəşad Alıyev: “Həm alıcılıq qabiliyyəti lazımi səviyyədə, həm də bazarda cəlbedici qiymətlər olmalıdır”

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas toxunulan məsələlərdən biri də tikinti sektoru oldu. Ölkə rəhbəri bildirdi ki, inşaat sektorunun inkişafı bütün bölgələrdə də nəzərdə tutulmalıdır: “Bölgələrdə, şəhərlərdə hündürmərtəbəli binaların, sənaye zonalarının tikintisi prosesi getməlidir. Həm dövlət öz dəstəyini göstərəcək, həm də təbii ki, özəl sektor da burada fəal olmalıdır. Bununla bərabər, mən xüsusilə sahibkarlara müraciət edirəm, bax, dediyim layihələr çərçivəsində çox böyük işlər görüləcək. Ona görə, biz özümüzü hələ ki, hansı inşaat materialları ilə təmin edə bilmirik o sahələr yaradılmalıdır. İndi bizim İqtisadiyyat Nazirliyimizdə bütün məlumatlar var. Biz bir çox növlər üzrə inşaat materialları ilə özümüzü təmin edirik, bəzi malları idxal edirik. Bax, o malların istehsalı Azərbaycanda qurulmalıdır, həm idxaldan asılılıq azalacaq, həm də ki, özəl sektor, iş adamları buradan mənfəət götürəcəklər”. 

“Əmlak Ekspert Mərkəzi”nin sədri Ramil Osmanlı bildirdi ki, respublikanın bütün regionlarında tikinti sektorunun ciddi inkişaf etdirilməsi vacib amildir: “Tikinti sektorunun inkişafını həm iş yerlərinin açılması, həm mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həm də infrastrukturun bərpası baxımından prioritet məsələ hesab etmək olar. Ancaq məsələnin başqa tərəfləri də nəzərdən qaçırılmamalıdır. Çünki, istənilən sahəyə investisiya yatıran investoru ilk növbədə qazanacağı gəlir maraqlandırır. Ancaq təəssüflər olsun ki, hazırda regionlarda likvidlik istənilən səviyyədə yüksək deyil. Likvidliyin aşağı olmasını tək tikinti yox, bir çox sahələr üzrə də demək mümkündür. Odur ki, likvidliyin artırılması vacib amildir. 
Likvidliyin bərpa olunması, yüksəldilməsi, eyni zamanda istehlak məhsullarına, mənzilə tələbin artımı kimi tədbirlər kompleks şəkildə həyata keçirilməlidir. Yəni, tikinti sektorunun inkişafı ilə yanaşı, kənd təsərrüfatının, digər sahələrin inkişafı gücləndirilməlidir ki, insanlar işləsinlər. Bu zaman onların  gəlirləri artacaq. O zaman regiondakı insanların büdcələri həyata keçiriləcək tikintidəki mənzilləri və digər sosial obyektləri almağa imkan verəcək”. 
"Value&Sources Consaltinq" Şirkətinin rəhbəri Rəşad Alıyev bildirdi ki, burada əsas məsələ söhbətin tikintinin hansı seqmentindən getməsidir: “Əgər yaşayış binalarının tikintisindən danışılırsa, ilk növbədə bazardakı konyekturaya və regionlardakı insanların ödəmə qabiliyyətinə diqqət etmək lazımdır. Yəni, regionda şatış tikintisinin inkişaf etdirilməsi üçün əvvəlcə göstərdiyimiz iki vacib şərt ödənilməlidir. Həm alıcılıq qabiliyyəti lazımi səviyyədə, həm də bazarda cəlbedici qiymətlər olmalıdır. Bazarda əmlakın qiyməti cəlbedici olmazsa, sahibkarlar bina tikintisinə maraq göstərməyəcək”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz