Əlaqə Arxiv
news Image
2017.01.18
09:15
| A A A
Özgələşən adlarımız
Əhməd Qəşəmoğlu: “Milli adlar milliliyimiz üçün əhəmiyyətlidir və bu istiqamətdə təbliğata ehtiyac var” Sayalı Sadıqova: “Körpələrə Avropa adlarının qoyulmasına imkan vermirik”

Azərbaycanda uşaqlara əcnəbi adlar qoyulması gedərək daha çox dəbə minir. Əvvəllər Türikyədəki məşhur adları övladlarına qoymaq istəyən valideynlər var idisə, indi Avropa, hətta Latın Amerikası adlarına üstünlük verən valideynlərin də sayı artır. 

Diqqəti çəkən məqam odur ki, əcnəbi adlar daha çox qız uşaqlarına verilir. Beləliklə, son beş ildə 157 qız uşağına Diana adı verilib, 55 körpəyə Sabrina, 34-nə Selena, 22-nə Sveta adı qoyulub. Bundan başqa, son beş ildə qoyulan əcnəbi adlar arasında İzel (8), Karolina (5), İzabel (3) İzabella (14), Lidiya (2), Lusiya (1), Liza (13), Rihanna (6), Luiza (8), Culiya (2), Selenay (2) Serenay (3), Janna (1), Tina (1), Aleksa (1), Kameliya (4), Marqarita (3) kimi adlar da yer alıb. 
Oğlan uşaqlarına qoyulan əcnəbi adlar arasında Raul adı üstünlük təşkil edir. Belə ki, son beş ildə 1910, bu il isə 331 körpəyə bu ad verilib. Mütəxəssislərin fikrincə, Qərbə tərəf yerdəyişmənin əsas səbəbi Azərbaycanın dünya ölkələri ilə artan əlaqələridir.
Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, bunun əsas səbəbi gedən qloballaşma prosesidir: “Bunun nəticəsində get-gedə Azərbaycanın dünya ölkələri ilə əlaqələri genişlənib. Xarici ölkələrdə yaşayan həmvətənlərimizlə yanaşı, Azərbaycanda da xaricilər yaşayır. Artmış əlaqələr hesabına bu proses baş verir. Sərhədlər yeni açılanda bizim üçün ən yaxın olan Türkiyə idi. İndi isə dünyanın hər yerində yaşayan insanlarımız var. Bununla da sanki Qərbə qarşı doğmalaşma prosesi gedir. Əvvəllər bu proses indiki səviyyədə deyildi. Odur ki, dünya ölkələri, mədəniyyətləri ilə əlaqələr artdıqca xarici adların da çoxalması təbii prosesdir”.
Sosioloq əlavə etdi ki, elmin valeologiya sahəsi var: “Valeologiya elmi bildirir ki, hər bir səsin, adın özünün energetikası var. Yəni, ad insanda bir enerji yaradır. İslam da  tövsiyə edir ki, valideynin vəzifələrindən biri övlada yaxşı ad qoymaqdır. Valeologiya elmi  hansı adların daha çox energetik olması müəyyənləşdirilməsi istiqamətində tədqiqatlar aparmaqdadır. Vahid energetikanın daşınması millətin yekdil olmasına kömək edir. Sistem nəzəriyyəsində bu, sistem əmələgətirmə amili adlanır. Sistemin möhkəmlənməsi üçün müəyyən amillər olur ki, biri də enegetikadır. Yəni, millətin birliyində adlar mühüm rol oynayır. Uydurma adlar insanın həyatı boyu enerjisinin formalaşmasına mənfi təsir göstərir. Milli adlar eyni zamanda milli şüurun formalaşmasında müəyyən rol oynayır. Ona görə də milli adlar milliliyimiz üçün əhəmiyyətlidir. Odur ki, bu istiqamətdə təbliğata ehtiyac var”. 
Filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirdi ki, Terminologiya Komissiyası qurum olaraq buna nəzarət edir: “Hazırda türk adları adlar sisteminin 80 faizini təşkil edir. 20 faizini isə digər adlar təşkil edir. Hansı ki, həmin  adlar da tarixən işlənmiş adlardır. Lakin körpələrə Avropa adlarının qoyulmasına imkan vermirik. 
Kimsə övladına Şekspir adı qoymaq istəyərsə, onun qarşısı alınır. Ancaq Elza, Robert, Aida kimi adlar var ki, nəsil davamı kimi baba, nənə adı olduğundan qarşısını ala bilmirik. Avropa adları isə adlar sistemimizdə üstünlük təşkil etmir və edə də bilməz”.

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz