Əlaqə Arxiv
news Image
2017.01.19
09:15
| A A A
Bölgələrdə dəqiq elmlər üzrə müəllim çatışmazlığı...
Məhərrəm Zülfüqarlı: “Problemin həlli üçün xarici praktikadan istifadə etmək olar” Aybəniz Əhmədova: “Təbiət, informatika fənləri üzrə ixtisaslı kadrların azlığı şagirdlərin biristiqamətli inkişafına səbəb ola bilər” Günay Əliyeva: “Gənclər təhsil aldıqdan sonra rayona geri dönmək istəmirlər” Fidan Əhmədova: “Kəndə böyüyən və müəllim olanların özləri kəndlərə işləməyə göndərilməlidir” Lalə Orucova: “İxtisaslı kadr çatışmazlığı həmin ixtisaslar üzrə savadsızlığı kütləviləşdirə bilər”

Bəzi bölgələrdəki məktəblərdə müəyyən fənlər üzrə müəllim çatışmazlığı problemi yaşanır. Bu, xüsusən də kimya, biologiya, fizika, informatika fənləri ilə bağlı özünü daha qabarıq göstərir. Əsasən də ucqar kənd yerlərində bu fənləri tədris edən müəllimlərin çatışmazılığı müşahidə olunur. 

Müəllimlərin özləri bunun müxtəlif səbəblərlə izah edirlər. Açıqlamalardan görünür ki, burada əsas səbəblərdən biri  əmək haqqı ilə bağlıdır. Təhsil məsələləri üzrə ekspert Məhərrəm Zülfüqarlı da bununal razılaşır: “Orta məktəblərdə müəllimlərin əmək haqqının istənilən həddə olmaması, xüsusi ilə yaşayış yerini dəyiş müəllimlərin problemi daha çox artır. Bu baxımdan insanlar kənd məktəblərinə getməkdən imtina edirlər. Öz ixtisaslarına uyğun olmayan daha artıq məvacibli işlər axtarırlar”.
Ekspertin sözlərinə görə, problemin həlli üçün xarici praktikadan istifadə etmək olar: “Məsələn, Türkiyədə orta məktəb müəllimi devalvasiyaya qədər 1000 dollara qədər maaş alırdı. Bizdə də ali məktəb müəllimlərinə 2500, orta məktəb müəllimlərinə isə 1000 manat maaş vermək lazımdır”.
Məhərrəm Zülfüqarlı əlavə etdi ki, ixtisaslı müəllim kənd yerinə getmirsə, dərs boş keçməməsi üçün ixtisasa uyğun olmayan müəllimələr arasında bölünür: “Bu da həmin fənnin keyfiyyətsiz tədrisi ilə nəticələnir. Odur ki, təhsildə əmək haqları artırılmalıdır”.
Qubadlı rayonu Aşağı Mollu kənd məktəbinin müəlliməsi Aybəniz Əhmədova hesab edir ki, səbəb yəqin o ixtisaslar üzrə müəllimə olmaq istəyənlərin az olmasıdır: “Çünki fizika, kimya, biologiya 4-cü ixtisas qrupundadır. Abituriyentlər isə həmin qrupa həkim peşəsinə yiyələnmək üçün imtahan verirlər. Eyni zamanda dərs saatı azlığından problemlər yaradan amillərdən biri ola bilər”. 
Aybəniz Əhmədova əlavə etdi ki, təbiət, informatika fənləri üzrə ixtisaslı kadrların azlığı şagirdlərin biristiqamətli inkişafına səbəb ola bilər: təbiət, informatika fənləri üzrə ixtisaslı kadrların azlığı şagirdlərin biristiqamətli inkişafına səbəb ola bilər: «Yəni, bu halda şagirdlər daha çox humanitar fənlərə meyl edirlər. Öyrənmədiklərindən bu fənlər üzrə təhsil almaq istəmirlər. Baza olmadıqda isə sonradan heç öyrənə də bilmirlər. Şagirdləri məcburi yönləndirmək də düzgün olmazdı. Onları ancaq həvəsləndirmək daha məqsədəuyğundur”.
Rus bölməsi üzrə ibtidai sinif müəlliməsi Günay Əliyeva hesab edir ki, bunun bir çox səbəbləri var: “Əvvəla, gənclər təhsil aldıqdan sonra rayona geri dönmək istəmirlər. Şəhər mühiti kənd yerlərinə nisbətən daha rahatdır. Digər səbəb kimi kənd yerlərində müəllimlərin çətin həyatla qarşılaşmaq qorxsunu göstərmək olar.  Rayonlarda işləyən müəllimlər üçün imtiyazların olmasına baxmayaraq, maddi maraq da yoxdur”.
Siyəzən şəhər C.Cabbarlı adına 1 saylı tam orta məktəbin fizika müəlliməsi Fidan Əhmədova hesab edir ki,  kənddə işləmək nisbətən çətindir: “Əvvəla, kənd məktəblərində dərsi tam izah edə bilmək üçün şərait, vəsaitlər şəhərdəki qədər bol deyil. Eyni zamanda, yaşayış şəraitini də nəzərə almaq lazımdır. Həmçinin, şəhər mühitinə öyrəşən bir insan üçün kənddə gedib dərs demək yaxşı nəticə vermir. Odur ki,  kəndə böyüyən və müəllim olanların özləri  kəndlərə işləməyə göndərilməlidir”.
Şabran rayonunda müəllimə işləmiş Lalə  Orucova bildirdi ki, indi əksər insanlar müəllim peşəsinə təsadüfən yiyələnirlər: “Kənd məktəblərində işləyənlərə real imtiyazlar verilməlidir. Kənd məktəblərində müəllimlərin işləməsinə həvəs yaratmaq lazımdır. 
İxtisaslı kadrlar var, amma kənddə işləmələri üçün əsaslı addımlar atılmalıdır. Problemin biri də budur ki, qadın müəllimlərin sayı kişi müəllimlərindən çoxdur. Çünki müəllim maaşı bir kişinin ailə dolandırmağına yetmir. Ona görə də müəllim peşəsini seçib işləmək istəmirlər. Odur ki, ixtisaslı kadr çatışmazlığı həmin ixtisaslar üzrə savadsızlığı kütləviləşdirə bilər”.
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz