Əlaqə Arxiv
news Image
2017.01.19
13:07
| A A A
Deputat: "Xaricdəki bəzi tələbələr bizə yad olan müxtəlif cərəyanlara qoşulurlar"

90-cı illərin əvvəllərinə qədər Azərbaycanda ancaq dövlət ali təhsil müəssisələri fəaliyyət göstərirdi. Həmin dövrdən az sonra, 1992-ci ildə “Təhsil haqqında” Qanunun qəbulu ilə ölkəmizdə özəl ali məktəblər də yaradılmağa başladı. Təzə-təzə özəl ali təhsil müəssisələri maddi-texniki bazasının zəifliyinə, professor-müəllim heyyətinin tərkibinə görə, dövlət ali təhsil ocaqlarından geri qalsalar da, qısa zamanda xeyli tələbə cəlb edənləri də oldu. Hətta o ali təhsil ocaqları arasında qısa zamanda nüfuz qazanaraq, əmək bazarının tələblərinə uyğun, istehsalata kadr hazırlığını həyata keçirə bilənləri də  мейданав чыхды. Son illər isə özəl ali təhsil müəssisələrinin bir neçəsi keyfiyyətli təhsil, kadr hazırlığı ilə seçilə bilsə də, hələ də ölkədə savadlı mütəxəssis yetişdirə bilməyən ali təhsil ocaqları var. Zaman-zaman belə özəl ali təhsil müəssisələri tələbə cəlb edə bilmədiyindən bağlanmaq təhlükəsi ilə qarşısında qalır. Bu günlərdə də ölkədə fəaliyyət göstərən özəl ali məktəblərdən biri, «Təfəkkür» universiteti bağlandı. Təhsil üzrə mütəxəssislər isə özəl ali təhsil müəssisələrinin bağlanmasının xaricə tələbə axınını bir qədər də gücləndirəcəyini söyləyirlər.

Təhsil üzrə tanınmış ekspert Əjdər Ağayev deyir: “Bu günlərdə Azərbaycanda özəl ali təhsil müəssisələrindən biri bağlandı. Təhsil Nazirliyindən bildiriblər ki,  "Təfəkkür” Universitetinin Təsisçilər Şurası maliyyə vəziyyətində yaranmış problemlə əlaqədar universitetin fəaliyyətinin dayandırılması barədə Təhsil Nazirliyinə müraciət edib. Buradan görünür ki, universitetin özünü maliyyələşdirməsi, gəlir əldə etməsində çətinliklər meydana çıxıb. 

Bu universitetin maliyyə çətinliyi ilə üzləşməsinə əsas səbəb tələbə azlığı da ola bilər. Amma gəlin etiraf edək ki, özəl ali təhsil müəssisələrində tələbə azlığına təsir edən müəyyən məsələlər var. Bunlardan biri də işə qəbul zamanı dövlət universitetlərinin məzunlarına üstünlük verilməsidir. 
Biz çalışmalıylıq ki, bizim ölkəmizdə özəl ali təhsil müəssisələrinin sayı çox olsun. Biz ali məktəblərin sayına görə, MDB-də geridəyik. Nəzərə almalıyıq ki, özəl ali təhsil müəssisələrinin bağlanması, xaricə tələbə axınını da sürətləndirəcək”.
Ə. Ağayev deyir ki, bu gün Gürcüstanda, Ukraynada, Türkiyədə  imtahansız  ali məktəblərə qəbul imkanı olduğundan, Azərbaycandan çoxlu sayda abituriyentlər həmin universitetlərə üz tutur: “Fikrimcə, Azərbaycanda da, imtahansız qəbulu tətbiq etmək lazımdır. Tədrisi gücləndirməklə, imtahansız ali məktəblərə qəbula biz də keçə bilərik. Bu, heç də Azərbaycanda savadsız kadrların yetişməsinə zəmin yaratmayacaq. Biz tədrisi gücləndirsək, imtahansız qəbul olan tələbələr proqramı tam mənimsəyənədək oxuyub təhsillərini başa vura bilərlər. Şərt deyil ki, onların hamısı diplom alsın, çalışqanları oxuyub ali təhsil ala biləcəklər. Xaricdə də belədir. Biz bu yolla, xaricə təhsil almaq üçün xərclənən pulların ölkəmizdə qalmasına nail ola bilərik. Özəl ali təhsil müəssisələrinin çoxalması, məşğulluq məsələsinə də öz təsirini göstərə bilər”. 
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili, professor Musa Qasımlı isə Movqe.az-a açıqlamasında deyib ki, tələbəyə yaxşı təhsil vermək, diplom verdiyi mütəxəssislərə istehsalatda ehtiyac duyulması sahələrində universitetlər arasında amansız, lakin vicdanlı, ədalətli rəqabət getməlidir: “Bəzi özəl universitetlərin bağlanmasının xaricə tələbə axınını artıracağınü güman etmirəm. Çünki Azərbaycanda ən aşağı keçid balı toplaya bilməyənlər xaricə axın edirlər.  
Orta məktəbdə təhsilin keyfiyyəti artırılmalıdır.  İmtahan vermədən xarici ölkələrin universitetlərində təhsil almağı ilk növbədə tələbələrin özləri və ailələri üçün ziyanlı hesab edirəm. Çünki ailələr Azərbaycanda qazandığı pulları ovladlarının xaricə təhsil alması üçün xaricdə xərcləyirlər.  Amma həmin tələbələrin bir qismi (hamısını nəzərdə tutmuram - M.Q.) yaxşı oxumurlar, univeristeti bəzən 5, 6, 7, hətta 8 ilə başa vura bilmirlər. Valideynin verdiyi pullar havaya sovrulur. Azərbaycan ailələri həmin universitetlər üçün donor rolunu oynayır. Qazandıqları isə bir şey olmur. Ya övladları yaxşı təhsil almır, ya da digər yollara düşürlər”.
M. Qasımlı bildirib ki, imtahansız yolla xaricdə təhsil eyni zamanda ictimai məsələdir: “Çünki xaricdəki bəzi tələbələr bizə yad olan müxtəlif cərəyanlara qoşulurlar.  Bir neçə il sonra isə vətənə dönən həmin gənclərin hansı problemlər yaradacağını və fəaliyyətlərinin hansı nəticələrə gətirəcəyini də təsəvvür etmək lazımdır. Bu da müvafiq qurumları ciddi düşündürməlidir. Fikrimcə, ölkəmizdə universitetlərin bəzi fakültələrinə imtahansız qəbul keçirmək olar. Təhsil almaq istəyən şəxs vəsaitini ödəsin və təhsil almağa başlasın. Universitetlərə qəbulu asanlaşdırmağın, təhsil almaq prosesini isə sərtləşdirməyin və ciddiləşdirməyin faydalı olacağı qənatəindəyəm.  Əsas məsələ həm kadrın sayının yetərli olmasında, həm də keyfiyyətindədir. Ona görə də müvafiq icra orqanı universitetlərin, kadrların sayı, tələb və təklif arasında nisbətin dərin təhlilini aparmalı və perspektivləri müəyyənləşdirməlidir". 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz