Əlaqə Arxiv
news Image
2017.01.23
16:37
| A A A
“ASAN xidmət” mərkəzlərindəki “Azərsu” ASC-nin xidmət bölmələrinə 26565 müraciət olub

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri  xidmətlərinin asanlaşdırır və bu sahədə şəffaflığın  artırılmasını təmin edir. Movqe.az xəbər verir ki, 2016-cı ildə ASAN xidmət” mərkəzlərinin əhatə dairəsinin genişlənməsi daha böyük istehlakçı qruplarının  “Azərsu” ASC-nin təqdim etdiyi  xidmətlərdən istifadəsinə şərait yaratmışdır.
2016-cı ildə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin  xidmət bölmələrinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 26565 müraciət edilmişdir. Müraciətlərin 7905-i smart kartlara yükləmələr haqqında məlumatın verilməsi, 5694-ü yararsız vəziyyətə düşmüş smart kartların bərpası, 4652-i abonent məlumatlarına dəyişikliklərin edilməsi ilə bağlı olmuşdur. Bununla yanaşı, məcburi köçkün qrupuna aid abonentlərin limitlərinin smart-karta yüklənməsi ilə bağlı 2156, ödənişlə bağlı 1907, borclar haqqında məlumatların verilməsi ilə bağlı 2113, digər məsələlərlə bağlı  2138 müraciət daxil olmuşdur. Ən çox müraciət (7382) Sabunçu rayonundakı 4 saylı “ASAN xidmət” mərkəzində qeydə alınmışdır.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılmışdır. “Azərsu” ASC-nin müştəri xidmətləri ilə bağlı 2014-cü ildə 10013, 2015-ci ildə 17108 və 2016-cı ildə 26565 olmaqla, ümumilikdə 53686 müraciət daxil olmuşdur. Hazırda “Azərsu” ASC-nin xidmətləri  Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 1, Xətai rayonundakı 2, Yasamal rayonundakı 3, Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, həmçinin  Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallı şəhərlərindəki  “ASAN xidmət”  mərkəzlərində təşkil olunmuşdur.
 

Sizin Reklam Yeriniz