news Image
2017.01.31
16:45
| A A A
“Murov qartalı” - şəhid polkovnik Raquf Orucov haqqında kitab çapdan çıxıb

“Aprel döyüşləri” – ötən il aprelin 1-dən 4-dək Qarabağda ordumuzun xüsusi təyinatlılarının işğalçı erməni quldurlarına qarşı həyata keçirdiyi əks-hücum əməliyyatı Azərbaycanın hərb tarixində şərəfli yer tutur. Həmin döyüşlərdə şəhid olan qəhrəman hərbçilərimizdən biri də polkovnik-leytenant Raquf İbrahim oğlu Orucovdur. 
Vaxtilə cəbhənin ən çətin və mürəkkəb istiqamətində – Murovdağda kəşfiyyatçı kimi göstərdiyi igidliklər hələ sağlığında onun haqqında əfsanələrin yaranmasına səbəb olub. Şanlı ordumuzda xidmət etdiyi müddətdə Raquf Orucov qorxmaz, cəsur, mərd, vətənpərvər bir zabit kimi hərbçilər arasında dərin hörmət və ehtiram qazanıb. 

Movqe.az xəbər verir ki, yenicə çapdan çıxmış “Murov qartalı” kitabı da şəhid polkovniklə birgə xidmət etmiş, döyüş və kəşfiyyat əməliyyatlarının iştirakçısı olmuş hərbçi dostlarının, həmçinin ailə üzvlərinin  xatirələri əsasında yazılıb.  Tanınmış jurnalistlər – Elşən  Əliyev və Elxan Salahovun müəllifliyi və tərtibçiliyi ərsəyə gəlmiş kitabın hazırlanmasına və nəşrinə ölkəmizin inşaat sektorunda uzun illərdən bəri səmərəli fəaliyyəti ilə seçilən “Azİmport” MMC yardım edib. Bu nüfuzlu şirkətin rəhbərlərindən biri – özü də vaxtilə Raquf Orucovla birlikdə Murovdağda xitmət etmiş,  ehtiyatda olan zabit İlham Əhmədov isə kitab üçün materialların toplanılmasına, qəhrəman şəhidin keçmiş silahdaşlarının axtarılıb tapılmasına və jurnalistlərin onlarla görüşünün təşkilinə böyük qayğıkeşliklə kömək göstərib. Şirkətin mətbuat xidmətinin rəhbəri,  Əməkdar Mədəniyyət İşçisi Xanlar Məmmədovun “Əsl kəşfiyyatçı haqqında söz” başlıqlı giriş sözündə isə kitabın yazılmasının məram və məqsədi geniş şəkildə açıqlanıb.

Kitab əfsanəvi kəşfiyyatçının həyat və döyüş yolundan bəhs edən oçerklərdən ibarətdir. Müəlliflər qəhrəmanı yaxından tanıyan insanların xatirələri işığında bu yolun ayrı-ayrı məqamlarının bədii-publisistik mənzərəsini canlandırmağa çalışıblar. Nəşrə ötən aprel-avqust aylarında Raquf Orucov haqqında bir sıra nüfuzlu qələm sahiblərinin çap və elektron mediada dərc etdirdikləri məqalə və oçerklər də daxil edilib. Şəhid zabitin həyat yoldaşı Sevinc Orucovanın yazdığı olduqca təsirl esse və xatirələr isə bunların arasında xüsusi yer tutur. 

Kitaba əlavə edilmiş 32 səhifəlik fotoalbomda igid kəşfiyyatçının müxtəlif illərdə çəkdirdiyi,  həmçinin onun xatirəsinə həsr olunmuş anım tədbirlərində lentə alınmış şəkillər toplanıb.

Tanınmış jurnalist Müsəllim Həsənovun redaktoru olduğu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur. İlkin olaraq, 500 nüsxə tirajla “CBS Polygraphic Production” mətbəəsində çap edilmiş “Murov qartalı” kitabı “Aprel döyüşləri” qəhrəmanları haqqında ilk sanballı nəşr kimi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi işində diqqətəlayiq əyani vəsait kimi istifadə oluna bilər.

 

Zülfiyyə QULUYEVA